Zamanı gələndə doğma Qərbi Azərbaycan torpaqlarına da qayıdacağıq- ÖZƏL
12:52 Siyasət"Düşünürəm ki, hər şeyin arxasında dərin bir nizam dayanır və güclü siyasət hər addımı gələcəyə hesablayır. Məsələn, illər əvvəl başlanılan neft strategiyası həm iqtisadi layihə idi, amma əslində ölkənin müstəqilliyini qoruyan mühüm bir addım idi. Yəni bütün kiçik görünən detallar sonda böyük bir məqsədə - güclü dövlətə xidmət edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sadiq Qurbanov deyib: "Məncə siyasətin mərkəzində həmişə insan dayanmalıdır. Ulu öndər Heydər Əliyevin əsrlərə hesablanmış strateji kursu və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi tarixi nailiyyətlər, həyata keçirilən irimiqyaslı quruculuq işləri məhz hər bir vətəndaşın rifahına xidmət edir. Çünki dövlətin əsas gücü onun insanına verdiyi dəyərlə ölçülür və əsl lider üçün hər bir vətəndaşın taleyi önəmlidir.
Bu gün Qarabağda və Şərqi Zəngəzurda görülən nəhəng bərpa-quruculuq işləri, sürətli abadlıq layihələri hər birimizdə böyük qürur hissi yaradır. Azad edilən torpaqlarda həyatın yenidən candlanması, ağıllı şəhər və kəndlərin salınması göstərir ki, heç bir çətinlik bu böyük iradənin qarşısını ala bilməz. Məhz bu reallıqlar insana dərin bir inam və ümid verir ki, zamanı gələndə doğma Qərbi Azərbaycan torpaqlarına da qayıdacağıq. Ümumiyyətlə, mənə elə gəlir ki, uğurlu siyasət yalnız bu günü deyil sabahı düşünməkdir. Bu yolda atılan hər bir addım isə dərin düşüncə, təmkin və iradə tələb edir. Əminəm ki, görülən bu nəhəng işlər hər zaman parlaq gələcəyimizin təminatçısı olacaq. Qələbələr qarşıdadır!"