Azərbaycan yeni beynəlxalq düzəndə “mini-orta güc” kimi: Bakı balans siyasətini necə davam etdirəcək?- ÖZƏL

"Financial Times"ın təhlilinə görə, Azərbaycan, Qətər, Oman, Qazaxıstan və Özbəkistan kimi ölkələr yeni beynəlxalq nizamın formalaşmasında daha böyük rol oynaya bilər. Nəşr bu dövlətləri "mini-orta güclər" adlandırır. Onların əsas üstünlükləri enerji, nəqliyyat, strateji coğrafi mövqe və diplomatik imkanlarla bağlıdır. Azərbaycan xüsusilə enerji layihələri və Orta Dəhliz sayəsində Avropa ilə Mərkəzi Asiya arasında mühüm tranzit qovşağına çevrilir. Müxtəlif güc mərkəzləri ilə balanslı münasibətlər qurması da ölkənin geosiyasi əhəmiyyətini artırır.
"Financial Times"ın Azərbaycanı "mini-orta güc" kimi qiymətləndirməsi ölkəmizin beynəlxalq siyasətdə artan rolunun göstəricisi sayıla bilərmi? Azərbaycanın hansı strateji üstünlükləri bu statusu gücləndirir? Orta Dəhlizin və enerji layihələrinin inkişafı fonunda Azərbaycan gələcəkdə ABŞ, Çin, Rusiya, Türkiyə və Avropa İttifaqı arasında balans siyasətini nə dərəcədə uğurla davam etdirə bilər?
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
 "Financial  Times"ın bu analitik yazısı və gəldiyi nəticə doğrudur.  Qeyd olunan ölkələr orta güc statusuna malik ölkələrdir və onların hazırda tutduğu mövqe, apardığı siyasət, yerləşdiyi coğrafi mövqe, malik olduğu potensial, inkişaf tempi və regional səviyyədə müəyyən dərəcədə beynəlxalq siyasətdə oynadıqları rollar bunun göstəricisi sayıla bilər. Nəzərə alsaq ki, Azərbaycan son 5 ildə, xüsusilə də beynəlxalq arenada kifayət qədər ciddi rol oynayır, aktiv siyasət aparır, orta dəhlizin əsas coğrafiyası bizim ölkəmizdən keçir və Azərbaycan beynəlxalq enerji və nəqliyyat dəhlizlərinin əsas güzərgahı və təşəbbüskarı rolunda çıxış edir və bunlar hamısı gələcək perspektivdə Azərbaycanın önünü açacaq amillərdir.
Azərbaycanın balanslı siyasət aparması, bu siyasətin bu günə qədər aparılması və onun nəticələri ortadadır. Bundan sonra isə  Azərbaycan Rusiya, Çin, Avropa İttifaqı ilə də yenə də balanslı siyasəti qoruyub saxlayacaq.
Azərbaycanın mövqeyi "qazan-qazan" prinsipinə əsaslanıb, yəni başqalarının maraqlarına toxunmadan öz maraqlarını müdafiə etmək və qarşılıqlı əməkdaşlıq və maraqlara üstünlük vermək Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Nəzərə alsaq ki, mini-orta güc statusuna Türk Dövlətləri Təşkilatına daxil olan üç dövlətin adı çəkilir. Bu da gələcəkdə Türk Dövlətləri Təşkilatının qlobal birlikdə oynayacağı rolun göstəricisi də sayıla bilər. Nəzərdə tutulan proseslər həyata keçirilə bilərsə, Türk Dövlətləri Təşkilatı gələcək dünya düzənində aparıcı aktorlardan biri roluna çıxış etmək imkanlarına malikdir". 
Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31