Yeni dünya düzəni yeni reallıqları ortaya çıxıb - ÖZƏL
09:32 Siyasət"İnsanlıq və dünya siyasəti əvvəlki dünyadan fərqli hala gəldi və biz bunun səbəblərinin, müsbət keyfiyyət və fəsadlarının çox zaman fərqinə varmırıq. Dünya çox dəyişdi, çünki insan düşüncəsi dəyişdirildi. Əvvəllər dünyagörüşü insan beynində ailə, məktəblər və dövlətlər formalaşdırırdı, indi internet, sosial media, süni intellekt formalaşdırır. Saniyələr içində hər hadisədən xəbərdar oluruq. Güc siyasətinin mahiyyəti dəyişdi". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Ramil Hüseynov deyib: "Əvvəllər əsas güc torpaq, əhali, ordu ilə ölçülürdü. Bu gün texnologiya, enerji, logistika və kiberməkan gücün əsas elementləridir. Ona görə hər hansı ölkədə baş verən iqtisadi-siyasi hadisə digər ölkələrə sürətlə yayılır və nəticəsi olaraq da dünya bir-birinə möhkəm bağlanıb, hətta insan hüquqları haqqında təsəvvürlər dəyişib. Fərdi azadlıqlar yanlış səmtə yönəlsə də, cəmiyyət üçün bəzən fəsadlar törətsə də, müdafiə təsəvvürü tamamilə fərqlidir. Hal-hazırda biz bunun fəsadlarını, neqativ görüntüsünü yaşayırıq. Sürətli informasiyaların yayılması həm gücə, həm də təhlükəyə çevrilib. İndi informasiya savaşı və ictimai rəyin formalaşması, idarə olunması beynəlxalq siyasətin bir hissəsi və prioritetidir. Artıq güc yalnız güclü dövlət və zəif dövlət münasibəti ilə izah olunmur və beləliklə, bu dərin incəliklər və dəyişikliklər yarandı. Ona görə də insanın dünyanı qavrama üsulu dəyişib. Biz buna əmin olaq ki, dünya tək xarici görünüşdən dəyişməyib. İndi artıq ağıllı texnologiya, informasiya, iqtisadi imkan, mənəvi təsir uğrunda mübarizə gedir, təkcə ərazilər uğrunda deyil və bu proseslərin hamısını nəzərə alıb köhnə düşüncə ilə yeni dünyanı idarə etmək mümkün deyil. Qarşılıqlı iqtisadi asılılıq artıb, milli maraqlar daha əhatəli , çoxvektorlu, şaxəli olub. Təsəvvür edin ki, su belə milli maraqların əhatəsinə çevrilib. Ona görə də bu gün yeni dünya düzəni və beynəlxalq nizamın yeni reallıqları ortaya çıxıb".
ALİM HÜSEYNLİ