Azərbaycanın xarici siyasəti müdafiə diplomatiyasından strateji təşəbbüskarlığa keçidlə xarakterizə olunur- ÖZƏL

"Son bir il ərzində Azərbaycanın xarici siyasətində müşahidə olunan yeniliklər də, hələlik oturuşmayan dünya nuzamının ziddiyyətlərlə dolu çağırışlarına münasibətdə çevik təhlükəsizlik mexanizmlərinin formalaşdırılmasına xidmət edən keyfiyyət dəyişikliklərindən biridir. Daxili siyasi sabitlik, iqtisadi potensial, hərbi güc, regional təhlükəsizlik mühiti və qlobal geosiyasi proseslər dövlətlərin xarici siyasət prioritetlərinə birbaşa təsir göstərir. Bu baxımdan Azərbaycanın son illərdə həyata keçirdiyi xarici siyasət yalnız diplomatik fəallığın artması ilə deyil, dövlətin beynəlxalq sistemdə funksional rolunun keyfiyyətcə dəyişməsi ilə xarakterizə olunur.  Azərbaycanın müasir xarici siyasətinin inkişafını dörd əsas mərhələ üzrə qiymətləndirmək mümkündür". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib: "Birinci mərhələ dövlət müstəqilliyinin möhkəmləndirilməsi və milli dövlət quruculuğu dövrünü əhatə edir. Müstəqilliyin ilk illərində ölkənin qarşısında duran əsas vəzifələr daxili sabitliyin təmin edilməsi, dövlət institutlarının formalaşdırılması və Azərbaycanın beynəlxalq hüququn tamhüquqlu subyekti kimi mövqeyinin möhkəmləndirilməsi idi. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi balanslaşdırılmış xarici siyasət kursu məhz bu strateji hədəflərin həyata keçirilməsinə xidmət etdi. Müxtəlif siyasi mərkəzlərlə praqmatik münasibətlərin qurulması, "Əsrin müqaviləsi"nin imzalanması və enerji diplomatiyasının əsasının qoyulması Azərbaycanın beynəlxalq nüfuzunun formalaşmasında həlledici rol oynadı.

İkinci mərhələ Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin iqtisadi, hərbi və diplomatik potensialının ardıcıl şəkildə gücləndirilməsi dövrüdür. Bu mərhələdə həyata keçirilən enerji və nəqliyyat layihələri, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və digər strateji təşəbbüslər Azərbaycanın geoiqtisadi əhəmiyyətini əhəmiyyətli dərəcədə artırdı. Paralel olaraq müasir Silahlı Qüvvələrin formalaşdırılması dövlətin milli təhlükəsizlik imkanlarını keyfiyyətcə yeni səviyyəyə yüksəltdi və xarici siyasətin dayaq sütunlarını daha da möhkəmləndirdi.

Üçüncü mərhələ 2020-ci il Vətən müharibəsində qazanılmış tarixi Qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində ölkənin bütün ərazisində konstitusiya quruluşunun tam bərpası ilə başlanır. Bununla Azərbaycan uzun illər qarşısında duran əsas strateji məqsədə - dövlət suverenliyinin tam təmin edilməsinə nail oldu. Yeni siyasi reallıq xarici siyasətin məqsəd və prioritetlərini də dəyişdirdi. Artıq əsas vəzifə yalnız milli maraqların müdafiəsi deyil, formalaşmış yeni geosiyasi reallığın regional əməkdaşlıq modelinə çevrilməsi idi.

Hazırda müşahidə olunan dördüncü mərhələ Azərbaycanın xarici siyasətinin keyfiyyətcə yeni inkişaf mərhələsini ifadə edir. Bu mərhələnin əsas xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycan mövcud geosiyasi proseslərə uyğunlaşan dövlət kimi deyil, onların istiqamətinə təsir göstərən, yeni əməkdaşlıq platformaları təşəbbüs edən və regional gündəliyin formalaşmasına töhfə verən aktor kimi çıxış edir. Xarici siyasətin əsas məzmunu müdafiə diplomatiyasından strateji təşəbbüskarlığa keçidlə xarakterizə olunur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31