ABŞ səfirliyi Zəngəzur dəhlizini niyə xüsusi vurğuladı?-2027-ci il üçün gözlənti- ÖZƏL

ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon Ağ Evdə tarixi sənədlərin imzalanmasının birinci ildönümü ilə bağlı xəbərdarlıq edərək bildirib ki, "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) ötən bir il ərzində əhəmiyyətli irəliləyiş əldə edib. Səfirliyin sosial şəbəkə hesabında yayımlanan videomüraciətdə diplomat vurğulayıb ki, bu layihə Azərbaycanın Naxçıvana maneəsiz çıxışını təmin edəcək, Şərq-Qərb inteqrasiyasını gücləndirəcək və bütün region üçün böyük iqtisadi səmərə verəcək. Bəyanatda Zəngəzur dəhlizi üzrə maneəsiz keçid detallarının vurğulanması ötən il avqustun 8-də Ağ Evdə imzalanmış üçtərəfli Birgə Bəyannamənin əsas bəndlərindən biri kimi xüsusi diqqət çəkir.

Mövzu ilə bağlı beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:

"Səfirlik bu xüsusiyyəti ona görə qabardıb ki, Azərbaycanın haqlı olaraq öz haqlarının, öz hüquqlarının bərpası istiqamətində tələblərindən biri də məhz bu idi. Nə vaxta kimi bizə haqqımız olan, öz dədə-baba torpaqlarımız, bizdən zorla qoparılan bölgələr başqa bir ölkənin dominantlığında qalacaq, üçüncü ölkəyə möhtac qalacağıq ki, öz tarixi yurdlarımıza, torpaqlarımıza quru yollarla rahat şəkildə gedib-gələ bilək. Tək quru yollar yox, elə hava məkanında da. Axı biz başqa ölkələrin ərazisindən istifadə edirik, bu da bir növ asılılıq yaradır və Naxçıvanın iqtisadi inkişafı buna görə də müəyyən çağırışlarla üzləşir, müəyyən problemlər yaranır. O problemlər də Azərbaycanın digər bölgələri ilə quru yolunun bərpa edilmədikcə çətin ki, öz həllini tapsın və ya həllini tapsa da, tam effektiv nəticəni əldə etməyimiz müəyyən qədər sual altında qalacaq. Ona görə indi səfirlik də bu məsələni qabardır, çünki Azərbaycanın haqlı narahatlıqlarından və haqlı tələblərindən biridir əslində bu məsələ. Həm ABŞ, başqa hər hansı bir ölkə olsun, yaxşı başa düşürlər ki, Naxçıvana quru yolu təmin edilmədən bölgədəki kommunikasiya xətlərinin, iqtisadi dirçəlişinin təmin edilməsi sual altında qala bilər.
Naxçıvan bu nöqteyi-nəzərdən strateji nöqtədir. Onu Cənubi Qafqazı, Ermənistanın digər sərhədlərini saymasa, Türkiyə ilə dolayısı ilə Avropaya birləşdirilən əsas strateji mərkəzlərdən biridir.
Eyni zamanda nəzərə almaq lazımdır ki, TRIPP layihəsi də məhz Naxçıvan və Türkiyə olmaqla Avropaya istiqamətlənəcək və şərtlər ticarəti belə təmin olunacaq. Zəngəzur dəhlizinin Türkiyəyə açılması üçün Naxçıvan Azərbaycanın əsas ərazi vahidlərindən sayılır. Ona görə də indi Amerika tərəfi də başa düşür ki, bəli, Azərbaycanın haqlı narahatlığı, haqlı tələbi olduğu kimi, bu, həm də iqtisadiyyatın canlanması üçün vacib bir nüansdır və bunu həyata keçirmək lazımdır.
2027-ci ildən Naxçıvana quru yolu gedə bilərikmi sualına, yenə məsuliyyət düşür Ermənistan tərəfinin üzərinə. Çünki Ermənistan nəzarətində olduğu üçün bugün beynəlxalq hüquqa görə həmin o quru yolunun keçdiyi ərazilər Ermənistanın ərazi suverenliyindədir. Ermənistan tərəfi gələcəkdə dinc yolla, sivil yolla, həqiqətən də iqtisadi canlanmaya maraqlıdırsa, haqqa, hüquqa sayğılıdırsa, gərək ki, Ermənistan tərəfi bu məsələni uzatmasın və tez bir zamanda bu məsələ öz həllini tapsın. Və təkcə Naxçıvana gediş-gəliş məsələsi deyil, sülh istiqamətində də real addımlar atsın. Konstitusiyanı dəyişməyək burada çox önəmli bir faktora çevrilə bilər. Həm sülh imzalaya bilərik, həm də beləcə bu, gələcəkdə Naxçıvana quru yollarının, ümumiyyətlə, tranzit yollarının işə düşməsi baxımından da effektiv nəticə verə bilər.
Yox, əgər Ermənistan tərəfi sivil qaydada, diplomatik metodlarla bu prosesi uzatmağa maraqlı olacaqsa, konstitusiyanı dəyişməyək mümkün olmayacaqsa, o da əlbəttə ki, 2027-ci ildə Naxçıvana quru yolla getmək məsələsində yubana bilər. Amma hazırkı gedişat onu göstərir ki, Ermənistanda da bir siyasi iradə var, həm ölkənin iqtisadi canlanmasını təmin etmək baxımından, həm də dünya ticarətinə qoşulmaq baxımından. Bax, bu, ümidverici bir faktora çevrilir ki, bəli, ola bilər ki, bu ilin sonuna qədər sülh istiqamətində, gələn il regional kommunikasiyaların açılması istiqamətində ciddi nəticə əldə olunsun. Ancaq bu, hələ də qeyd etdiyimiz kimi, sual altındadır. Tam nəticə əldə etmək mümkün olacaqmı, bəlli deyil"

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31