Körfəz kapitalının Azərbaycana baxışı dəyişir: Yeni strateji tərəfdaşlıq mərhələsi- ÖZƏL
16:17 Siyasət" Körfəz ölkələrinin Azərbaycana münasibətini artıq yalnız investisiya qoymaq üçün əlverişli bazar kimi qiymətləndirmək düzgün olmaz. Son illərdə xüsusilə BƏƏ və Səudiyyə Ərəbistanından gələn kapitalın istiqamətləri göstərir ki, burada daha uzunmüddətli iqtisadi və strateji maraqlar formalaşır. Bərpa olunan enerji, logistika, kənd təsərrüfatı, sənaye və nəqliyyat kimi sahələrə marağın artması bunu təsdiqləyir.
Azərbaycanın əsas üstünlüyü onun coğrafi mövqeyidir. Körfəz investorları üçün Azərbaycan yalnız daxili bazarı olan ölkə deyil, Mərkəzi Asiya, Türkiyə, Avropa və Yaxın Şərq arasında əlaqələndirici platformadır. Xüsusilə Orta Dəhlizin inkişafı Azərbaycanı istehsal və logistika baxımından daha cəlbedici edir. Azərbaycanda yaradılan istehsal müəssisəsi və ya logistika mərkəzi yalnız yerli istehlakçıya deyil, daha geniş regional bazarlara xidmət göstərə bilər".
Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlamasında söyləyib:
"Ərəb kapitalının kənd təsərrüfatına marağı da təsadüfi deyil. Körfəz ölkələrinin özlərinin iqlim və su resursları baxımından məhdudiyyətləri var və ərzaq təhlükəsizliyi onlar üçün strateji məsələdir. Azərbaycan isə kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı baxımından müəyyən potensiala malikdir. Buna görə aqroparklar, emal müəssisələri, soyuducu anbarlar, logistika və ixrac infrastrukturu kimi sahələrdə Körfəz sərmayəsinin artması həm investor, həm də Azərbaycan üçün maraqlı ola bilər.
Burada enerji amilini də ayrıca qeyd etmək lazımdır. Masdar və ACWA Power kimi şirkətlərin Azərbaycanda bərpa olunan enerji layihələrinə marağı Körfəz kapitalının artıq ənənəvi neft-qaz sektorundan kənara çıxaraq yeni enerji iqtisadiyyatında mövqe tutmaq istədiyini göstərir. Bu layihələr gələcəkdə enerji istehsalı ilə yanaşı, yaşıl hidrogen, enerji ixracı və sənaye layihələri üçün də yeni imkanlar yarada bilər.
Lakin Azərbaycanın Körfəz kapitalından maksimum fayda götürməsi üçün əsas məsələ investisiyanın sadəcə həcmi deyil, onun iqtisadiyyata hansı əlavə dəyəri gətirməsidir. Əgər sərmayə yalnız daşınmaz əmlaka və ya hazır aktivlərin alınmasına yönələrsə, onun iqtisadi effekti məhdud qala bilər. Əksinə, istehsal, texnologiya, ixrac, yeni iş yerləri və yerli şirkətlərin inkişafını təmin edən investisiyalar Azərbaycanın iqtisadi strukturuna daha ciddi təsir göstərəcək.
Bu baxımdan Körfəz ölkələrinin Azərbaycana yanaşmasında müəyyən dəyişiklik görünür. Onlar Azərbaycanı təkcə investisiya qoyulacaq ölkə kimi deyil, Avrasiya məkanında uzunmüddətli iqtisadi tərəfdaş və regional logistika qovşağı kimi nəzərdən keçirirlər. Azərbaycanın qarşısında duran əsas vəzifə isə bu strateji marağı real iqtisadi üstünlüyə çevirmək, ərəb kapitalını daha çox qeyri-neft istehsalına, ixracyönümlü layihələrə, texnologiyaya və regional logistika imkanlarının genişləndirilməsinə yönəltməkdir".
Zeynəb Mustafazadə