Almaniya-Azərbaycan: strateji tərəfdaşlığa doğru inkişaf

"İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik" adlı birgə bəyannamə Azərbaycana nə vəd edir?

Azərbaycan və Almaniya Federativ Respublikası arasında münasibətlər siyasi, iqtisadi, enerji, təhsil və mədəni sahələri əhatə edən uzunmüddətli əməkdaşlığa əsaslanır. Azərbaycan müstəqillik əldə etdikdən sonra bu əməkdaşlıq daha da inkişaf edib. Belə ki, Almaniya Azərbaycanın müstəqilliyini 12 yanvar 1992-ci ildə tanıyıb. Diplomatik münasibətlər isə 20 fevral 1992-ci ildə qurulub. Hər iki ölkənin paytaxtında səfirliklər fəaliyyət göstərir. Məhz diplomatik münasibətlər iki ölkə arasında siyasi əməkdaşlıq üçün münbit zəmin yaradır. Hazırda dövlətlər arasında yüksək səviyyəli qarşılıqlı səfərlər və müntəzəm siyasi dialoq mövcuddur. Almaniya  Avropa İttifaqı daxilində  Azərbaycanın mühüm tərəfdaşlarından biridir. 
İqtisadi əlaqələrə gəldikdə qeyd edilməlidir ki, Almaniya  Azərbaycanın əsas Avropa ticarət tərəfdaşlarından biridir. Əməkdaşlıq xüsusilə enerji, sənaye, nəqliyyat, logistika, rəqəmsal texnologiyalar və investisiya sahələrini əhatə edir. Alman şirkətləri Azərbaycanda müxtəlif layihələrdə iştirak edir.  Azərbaycan  Almaniyanın enerji təhlükəsizliyi baxımından əhəmiyyətli tərəfdaşlarından hesab olunur. Tərəflər təbii qazla yanaşı, bərpa olunan enerji və "yaşıl enerji" istiqamətində də əməkdaşlığı genişləndirməyə çalışırlar. Almaniyada azərbaycanlı tələbələr təhsil alır, universitetlər arasında əməkdaşlıq proqramları mövcuddur. Mədəniyyət və elm sahələrində də birgə layihələr həyata keçirilir.

Son dövrdə iki ölkə arasında çoxşaxəli münasibətlər daha da inkişaf edib. 21 iyul 2026-cı ildə Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Federal Kansleri Fridrix Merts arasında görüş keçirilib. Səfər çərçivəsində "İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik" adlı birgə bəyannamə və Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına dair sənədlər imzalanıb ki, bu da münasibətlərin daha yüksək əməkdaşlıq mərhələsinə keçdiyini göstərir. 

Maraqlıdır,  "İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik" adlı birgə bəyannamə Azərbaycana nə vəd edir? Məlumat üçün qeyd edək ki, "İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik" hüquqi baxımdan birbaşa icra olunan müqavilə deyil. O, iki ölkənin hansı istiqamətlərdə əməkdaşlığı dərinləşdirmək niyyətini göstərən siyasi çərçivə sənədidir. Yəni sənəd özü-özlüyündə investisiya və ya maliyyə vəsaiti təmin etmir, lakin sonrakı konkret sazişlər və layihələr üçün əsas yaradır. Azərbaycan üçün bu sənədin vəd etdiyi əsas imkanlar istisna deyil. İlk olaraq qeyd edilməlidir ki, birgə bəyənnamə iqtisadi əməkdaşlığın genişlənməsinə hüquqi baza yaradacaq. Çünki sənəddə Almaniya ilə ticarət dövriyyəsinin artırılması, sənaye, logistika, rəqəmsallaşma və yüksək texnologiyalar sahəsində yeni layihələrin təşviqi nəzərdə tutulur. Təbii ki, bu proses investisiyaların artması ilə nəticələnəcək. Byənnamə Alman şirkətlərinin Azərbaycana daha çox sərmayə yatırması üçün siyasi siqnal rolunu oynayır. Bununla yanaşı, Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması biznes əlaqələrinin institusional əsasını gücləndirə bilər. Enerji tərəfdaşlığının inkişafı isə şübhəsizdir. Sənəd təkcə təbii qaz ixracını deyil, həm də bərpa olunan enerji, hidrogen və enerji keçidi sahələrində əməkdaşlığı əhatə edir. Bu, Azərbaycanın enerji ixracını şaxələndirməsinə kömək edə bilər. Elm, təhsil və innovasiya sahəsində gəldikdə, universitetlər, elmi-tədqiqat institutları və peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsi planlaşdırılır.

Sənəd siyasi dialoqun güclənməsinə də təkan verəcək. Müntəzəm yüksək səviyyəli görüşlər və xarici siyasət məsələləri üzrə məsləhətləşmələrin intensivləşdirilməsi nəzərdə tutulur. Bu, Azərbaycanın Almaniya ilə əlaqələrinin daha sistemli şəkildə inkişafına şərait yarada bilər. Eyni zamanda, sənəddə hər iki tərəfin bir-birinin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etdiyini bir daha təsdiqləməsi də yer alır. Bu, diplomatik baxımdan Azərbaycan üçün əhəmiyyətli siyasi mesaj hesab olunur. Bununla belə, bu sənədin real nəticələri onun imzalanması ilə deyil, sonrakı dövrdə nə qədər investisiya layihəsinin həyata keçirilməsi, ticarətin nə qədər artması, hansı konkret müqavilələrin bağlanması kimi məsələlərlə ölçüləcək. Başqa sözlə, bəyannamə imkanlar yaradır, lakin bu imkanların iqtisadi faydaya çevrilməsi sonrakı addımlardan asılıdır.

Səfər çərçivəsində həmçinin  Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması qərara qlınıb. Bəs, sözügedən Şuradan gözləntilər nədən ibarətdir? Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasından əsas gözlənti odur ki, iki ölkənin biznes dairələri arasında əlaqələr daha sistemli və davamlı xarakter alsın. Belə şuralar adətən hökumətlərarası əməkdaşlığı özəl sektorun konkret layihələri ilə əlaqələndirən platforma rolunu oynayır. Bu isə o deməkdir ki,  Alman şirkətlərinin Azərbaycanda sənaye, maşınqayırma, logistika, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı və bərpa olunan enerji sahələrinə marağının artacağı gözlənilir. Şura vasitəsilə Azərbaycan və Almaniya şirkətləri tərəfdaş tapmaq, birgə müəssisələr yaratmaq və texnologiya transferi həyata keçirmək üçün daha əlverişli platforma əldə edəcəklər, nəticədə yenu birgə biznes layihələri həyata keçiriləcək. 

Azərbaycan şirkətlərinin Almaniya və ümumilikdə Avropa bazarına çıxışının asanlaşması, xüsusilə qeyri-neft məhsullarının ixracının artırılması hədəflənir. Biznes Şurasının yaradılması ixrac imkanlarının genişlənməsi üçün baza rolunu oynayacaq. Təkcə iri şirkətlər deyil, KOB-ların da biznes forumları, sərgilər və B2B görüşlər vasitəsilə əməkdaşlıq imkanları qazanması nəzərdə tutulur. Texnologiya və peşə hazırlığı təmin olunacaq ki, Almaniyanın mühəndislik, istehsal və peşə təhsili sahəsində təcrübəsinin Azərbaycana gətirilməsi məhsuldarlığın və rəqabət qabiliyyətinin artmasına töhfə verə bilər. Paralel olaraq investisiya mühitinin yaxşılaşdırılması üzrə dialoq mühiti formalaşacaq.  Alman investorlarının üzləşdiyi hüquqi və inzibati məsələlərin müzakirəsi və həlli üçün daimi platformanın formalaşması gözlənilir. Bununla yanaşı, gözləntilərlə yanaşı müəyyən çağırışlar da var. Şuranın uğuru onun yaradılması faktından deyil, aşağıdakı nəticələrdən asılı olacaq: neçə yeni investisiya layihəsinin başlanması; ticarət dövriyyəsinin nə qədər artması; Alman şirkətlərinin Azərbaycanda fəaliyyətini genişləndirməsi; Azərbaycan məhsullarının Almaniya bazarında payının artması. Başqa sözlə, Biznes Şurası özlüyündə iqtisadi nəticə deyil, həmin nəticələri əldə etmək üçün institusional mexanizmdir. Onun real təsiri bir neçə il ərzində imzalanacaq müqavilələr, yatırılacaq investisiyalar və həyata keçiriləcək birgə layihələrlə qiymətləndiriləcək.

Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31