Rusiya və Ermənistan mediasının "əvəzləmə" iddiası: Hədəf nədir? – ÖZƏL

Prezident İlham Əliyevin Almaniya kansleri ilə birgə mətbuat konfransında Rusiya neft və qazı ilə bağlı səsləndirdiyi fikirlər bəzi xarici media orqanlarında kontekstdən çıxarılaraq təqdim edilib. Xüsusilə Rusiya və Ermənistan mediasında Azərbaycanın guya Rusiyanı enerji bazarında əvəzləmək niyyətində olduğu iddia olunur. Bu məlumatlar müxtəlif şərhlərə səbəb olub.

"Prezident Əliyevin Almaniya kansleri Fridrix Mertslə Berlində keçirdiyi mətbuat konfransında əsas vurğu Azərbaycan-Almaniya enerji əməkdaşlığına - Cənub Qaz Dəhlizi vasitəsilə qaz tədarükünün artırılmasına yönəlib".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əfsanə İbrahimova deyib. Siyasi şərhçinin sözlərinə görə, Merts də öz növbəsində bildirib ki, Almaniya Rusiyadan qaz idxalını dayandırdıqdan sonra alternativ mənbələr axtarıb və Azərbaycanı bu baxımdan vacib tərəfdaş kimi görür. Yəni əsl mesaj  Avropanın enerji diversifikasiyası kontekstində idi, Rusiyanı "əvəz etmək" niyyəti kimi ultimativ formada səslənməyib. Əgər faktiki olaraq bəzi Rusiya və Ermənistan mənbələri bu çıxışı "Azərbaycan Rusiyanı əvəzləməyə çalışır" formatında təqdim edibsə, bu, adətən, bir çox funksiyalardan birini daşıya bilər. Məsələn, Azərbaycan-Qərb enerji əməkdaşlığını rəqabət, təhdid prizmasından göstərməklə daxili auditoriyada narahatlıq və ya "haqlı olma" hissi yaratmaq;
Digər səbəb, Azərbaycan-Rusiya münasibətlərində gərginlik toxumu səpmək və ya mövcud gərginliyi gücləndirmək. Həmçinin regional geosiyasi rəqabəti (Cənubi Qafqazda təsir dairələri) emosional dillə çərçivələmək.

"Bunu obyektiv qiymətləndirmək üçün ədalətli olmaq lazımdır: bu, təkcə bir tərəfin, yəni yalnız Rusiya, Ermənistan medialarının  xüsusiyyəti deyil, ümumiyyətlə bir çox ölkənin dövlət və ya dövlətyönlü medialarında rast gəlinən, siyasi çıxışların seçilmiş fraqmentlərini kontekstdən çıxarma təcrübəsidir. Konkret hansı orqanların, hansı formada təhrif etdiyini görmədən ümumiləşdirici hökm vermək çətindir, bunun üçün konkret nümunələrə baxmaq lazımdır. Eyni zamanda qeyd etmək lazımdır ki, dövlətlər arasında real maraqlar (enerji müqavilələri, iqtisadi əlaqələr) adətən publisistik narrativlərdən daha davamlı olur, yəni bu tip məlumat müharibəsi qısamüddətli təsirə malik ola bilsə də, iki ölkə arasında əsas münasibətləri müəyyən edən amil deyil", - deyə siyasi şərhçi əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31