Türkiyə-İsrail münasibətlərində yeni gərginlik: Konsulluq mübahisəsi nə vəd edir?- ÖZƏL
14:18 Siyasətİsrailin diaspor məsələləri naziri Amixay Şikli Qüds Tətbiqi Siyasət Mərkəzinin (JCAP) qapalı konfransında Türkiyə ordusu ilə dənizdə birbaşa hərbi toqquşmanın mümkün olduğunu və İsrailin buna hazırlaşmalı olduğunu bildirib. 2023-cü ildəki zəlzələdə humanitar yardım və Ərdoğanla bağlı tibbi iddialara toxunan nazir mövcud reallığı məyusedici adlandırıb. O, Türkiyənin Qüdsdəki konsulluğunun dərhal bağlanmasını və ölkədəki bütün fəaliyyətinin dayandırılmasını tələb edib, JCAP isə həmin konsulluğun Ankaraya bölgədə təsir şəbəkəsi yaratmaq üçün vasitə olduğunu iddia edir.
Bu bəyanat real toqquşma riski yaradırmı? Türkiyə konsulluğunun bağlanması diplomatik əlaqələri tam qıra bilərmi?
Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib:
" Netanyahu hökumətinin tərkibində İsrailin diaspora ilə bağlı məsələlər, habelə sosial bərabərlik naziri postunu tutan Amixay Şikli antisemitizmə qarşı çıxışları ilə tanınan siyasətçilərdəndir. Rəsmi Ankaranın Qəzzada yaşanan hadisələrə menasibətdə uzun müddətdir sərgilədiyi mövqe, onun Təl-Əvivi Qəzza əhalisinə yaşatdığı qətliama, soyqırma görə ardıcıl şəkildə tənqid etməsi, Netanyahunun beynəlxalq məhkəməyə verilməsi ilə bağlı çağırışları İsrailli nazir Amixay Şiklinin Türkiyə hökuməti, onun lideri Ərdoğana qarşı səsləndirdiyi ittihamların əsas səbəblərindəndir.
Türkiyənin İsrailin İrana hücumu ilə bağlı Netanyahu hökumətinin ünvanına səsləndirdiyi ittihamlar, onun İsrailin Yaxın Şərqin təhlükəsizliyini təhdid etməsi ilə bağlı ardıcıl və sistemli tənqidi İsraili Türkiyəyə qarşı radikal mövqe sərgiləməyə sövq edir. Türkiyənin Yerusəlimdə konsulluğunun bağlanması ilə bağlı İsrail nazirinin çıxışına gəlincə ilk növbədə qeyd etmək lazımdır ki, bu beynəlxalq hüquqa ziddir.
Əvvəla, konsulluq Fələstin Azadlıq
Təşkilatının razılılığı ilə təsis edilib. Digər tərəfdən Türkiyə İsrail tərəfindən fərqli olaraq Yerusəlimi beynəlxalq şəhər olduğunu qəbul edir, Qüdsün İsrailin paytaxtı olması ilə bağlı Netanyahu hökumətinin, habelə ABŞ prezidenti Trampın mövqeyi ilə razılaşmır.
Ümumiyyətlə, Türkiyə prezidenti Ərdoğanın zamanında Davos forumunda İsrail prezidentinin sözünü kəsərək (məşhur "Van minit" ifadəsi) onu və hökumətini Fələstin, xüsusilə Qəzza sektorunda yaşayan əhaliyə münasibətdə soyqırım siyasətində ittiham etməsi, habelə Mərmərə dənizində Fələstinə humanitar yardım aparan Türkiyə gəmilərinə İsrail qırıcıları tərəfindən olan məlum hücumdan sonra Turkiyə-İsrail münasibətlərində gərginlik yüksələn xəttlə artmağa başlayıb.
Bu günlərdə İsrailin xarici işlər nazirinin təklifi ilə knessetdə 1915-ci ildə yaşanan hadisələri "erməni soyqrımı" kimi tanınması ilə bağlı qanun layihəsinin müzakirəyə çıxarılma cəhdi İsraildə Türkiyəyə münasibətdə məlum dairələrdə aparılan siyasətin bariz nəticəsi oldu. Yalnız rəsmi Bakının Təl-Əvivlə danışıqlarda "yumşaq gücün" tətbiq edilə biləcəyi ilə bağlı xəbərdarlıq, münasibətləri kəskinləşdirməməklə bağlı tövsiyyələrdən sonra tərəflər arasındakı münasibətlərin daha kəskin fazaya adlamasının qarşısını almaq mümkün olmuşdur.
İsrailin diasopa üzrə nazirinin Yerusəlimdəki Türkiyə konsulluğunun bağlanması ilə bağlı təklifinə gəlincə bu tərəflər arasında diplomatik qarşıdurmanın güclənməsinə, rəsmi Ankaranın adekvat addımlar atmasına səbəb ola bilər. Lakin, İsrail heç bir halda NATO da hərbi gücü və imkanlarına görə ABŞ-dan sonra ikinci dövlət olan Türkiyəyə münasibətdə hərbi qarşıdurmaya getmək barədə qərar qəbul etməyə cürəti çatmaz.
Digər tərəfdən İranla müharibənin yenidən alovlanması perspektivləri (İsraillə nəzərdə tutulur) İsraili hazırkı şəraitdə Türkiyə ilə hərbi qarşıdurmaya getmək fikrindən çəkindirən faktordur. Nəhayət, müttəfiqi ABŞ-la razılaşdırmadan İsrailin belə bir addım atacağı inandırıcı deyil, ABŞ isə Türkiyənin NATO-nun cənub flanqında, habelə Yaxın və Orta Şərqin təhlükəsizlik problemlərinin həllində oynadığı rol və digər amillər konteksində hadisələrin bu istiqamətdə gedişatına yol verə bilməz".
Zeynəb Mustafazadə