Referendum baş tutarsa: Ermənistanı hansı geosiyasi risklər gözləyir?- ÖZƏL

" Ermənistanın Avrasiya İqtisadi Birliyi (AİB) ilə Avropa İttifaqı (Aİ) arasında geosiyasi seçim etməsi təkcə ölkənin xarici siyasət kursunu deyil, bütövlükdə Cənubi Qafqazda qüvvələr balansını təsir edə biləcək məsələdir. Bununla belə, hazırda referendumla bağlı məlumatlar rəsmi təsdiqini tapmadığından, bu iddialara ehtiyatla yanaşmaq lazımdır. Belə bir ssenari reallaşacağı təqdirdə isə onun nəticələri Ermənistanın iqtisadi, təhlükəsizlik və xarici siyasət prioritetlərini yenidən müəyyənləşdirə bilər".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib:

"Ermənistanın AİB-dən uzaqlaşaraq Aİ ilə inteqrasiyanı prioritet elan etməsi ilk növbədə Moskva ilə münasibətlərdə yeni gərginlik mərhələsi yarada bilər. Rusiya Ermənistanın əsas təhlükəsizlik və iqtisadi tərəfdaşlarından biri olaraq qalır. Ölkənin enerji sektorunda, ticarət dövriyyəsində və nəqliyyat-logistika sistemində Rusiyanın təsiri hələ də əhəmiyyətlidir. Bu səbəbdən geosiyasi kursun kəskin dəyişməsi yalnız siyasi deyil, iqtisadi nəticələr də doğura bilər.
Digər tərəfdən, Avropa İttifaqı ilə yaxınlaşma Ermənistan üçün siyasi institutların modernləşdirilməsi, iqtisadi islahatların sürətləndirilməsi və Qərb strukturları ilə əməkdaşlığın genişləndirilməsi baxımından yeni imkanlar kimi təqdim olunur. Lakin bu prosesin qısa müddətdə Aİ üzvlüyü ilə nəticələnəcəyini gözləmək real görünmür. Bu baxımdan, Ermənistanın qarşısında duran seçim daha çox geosiyasi istiqamətin müəyyənləşdirilməsi ilə bağlıdır.
Belə referendumun keçirilməsi Cənubi Qafqazdakı güc balansına da təsirsiz ötüşməz. Ermənistanın Qərbə inteqrasiyanı sürətləndirməsi regionda Rusiya-Qərb rəqabətinin daha da kəskinləşməsinə səbəb ola bilər. Bu isə Cənubi Qafqazın geosiyasi əhəmiyyətini artırmaqla yanaşı, rəqabət elementlərini də gücləndirə bilər. Azərbaycan isə son illərdə balanslaşdırılmış və çoxşaxəli xarici siyasət kursu yürütməklə həm Qərb, həm Rusiya, həm də digər regional aktorlarla praqmatik münasibətləri qorumağa çalışır. Bu baxımdan, Ermənistanın mümkün geosiyasi seçimi regionun ümumi diplomatik mühitinə təsir etsə də, Azərbaycanın xarici siyasət kursunu avtomatik dəyişdirən amil kimi qiymətləndirilməməlidir.
Paşinyanın referendum məsələsini təxirə salması ilə bağlı müxtəlif ehtimallar mövcuddur. Birinci amil daxili siyasi reallıqlardır. Ermənistan cəmiyyətində xarici siyasət istiqaməti ilə bağlı vahid mövqe yoxdur. Qərbyönlü qüvvələrlə yanaşı, Rusiya ilə strateji münasibətlərin qorunmasını vacib hesab edən siyasi və ictimai qruplar da kifayət qədər təsirlidir. Belə şəraitdə referendumun keçirilməsi cəmiyyətdə yeni siyasi parçalanma yarada bilər.
İkinci mühüm amil isə xarici siyasət riskləridir. Ermənistanın təhlükəsizlik sistemi, enerji təminatı və iqtisadi əlaqələrinin mühüm hissəsi hələ də Rusiya ilə bağlıdır. Bu baxımdan, İrəvan geosiyasi seçim məsələsində kəskin addım atacağı təqdirdə, bunun mümkün siyasi və iqtisadi nəticələrini də nəzərə almağa çalışır. Buna görə Paşinyanın ehtiyatlı davranması yalnız xarici təzyiqlərlə deyil, həm də ölkənin mövcud imkanları və risklərinin hesablanması ilə izah oluna bilər.
Ümumilikdə, referendumun keçirilməsi baş verərsə, bu, Ermənistanın strateji istiqamətini müəyyən edən mühüm siyasi qərarlardan biri olacaq. Lakin hazırkı mərhələdə rəsmi qərarın olmaması və müxtəlif iddiaların informasiya məkanında dolaşması fonunda prosesləri qəti nəticə kimi deyil, mümkün geosiyasi ssenarilər çərçivəsində qiymətləndirmək daha doğru yanaşmadır. Ermənistanın qarşısında duran əsas məsələ yalnız AİB və ya Aİ arasında seçim deyil, bu seçimin ölkənin təhlükəsizlik, iqtisadiyyat və regional siyasətinə uzunmüddətli təsirlərini düzgün hesablayıb balanslaşdırmaqdır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31