Azad Məsiyev: “Britaniya bu dəfə hərbi əməliyyatlarda birbaşa iştirak edə bilər” – ÖZƏL

Böyük Britaniya Xarici İşlər Nazirliyi təhlükəsizlik vəziyyəti ilə əlaqədar diplomatik heyətini müvəqqəti olaraq İrandan çıxarıb. Bu qərar, Londonun öz hərbi bazalarını ABŞ-nin İrana zərbə endirən təyyarələrinə açması barədə məlumatlardan və Tehranın Böyük Britaniyanı müharibə iştirakçısı kimi münaqişənin tərəfi elan etməsindən dərhal sonra verilib.

Diplomatların çıxarılması Britaniyanın hərbi əməliyyatlara birbaşa qoşulacağını göstərirmi? İran Britaniyanın regiondakı hərbi bazalarına cavab zərbəsi endirə bilər? 

"Amerika Birləşmiş Ştatları və İsrail İrana qarşı birgə hərbi əməliyyatlara başladılar. Amerikanın bu əməliyyatına nə NATO daxilindəki müttəfiqləri, nə də tarixən ən yaxın müttəfiqlərindən biri olan Böyük Britaniya açıq şəkildə dəstək vermədi. Hətta bu məsələ ilə bağlı ABŞ Prezidenti Donald Tramp öz müttəfiqlərinə narazılığını ifadə etmişdi. Sonradan Türkiyədə keçirilən NATO-nun Zirvə Toplantısında da bu məsələlər ciddi şəkildə müzakirə olundu".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi  Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, İranla Amerika Birləşmiş Ştatları arasında hələ də tam razılıq əldə edilməyib. Bunun əsas səbəbi ondan ibarətdir ki, Amerika İrana öz şərtlərini qəbul etdirmək istəyir. İran isə dəfələrlə bəyan edib ki, dövlət və milli maraqlarına uyğun olmayan heç bir sənədə imza atmayacaq. Bu səbəbdən də tərəflər arasında gərginlik getdikcə artır. Onu da qeyd etmək yerinə düşər ki, Böyük Britaniyada baş nazir dəyişikliyi baş verdi. Yeni baş nazirin siyasi xətti Donald Trampın mövqeyinə daha yaxın hesab olunur. Çünki Amerika Birləşmiş Ştatları ilə Böyük Britaniya tarixən eyni strateji siyasi kursu bölüşüblər. Hadisələrə baxışları strateji baxımdan, demək olar ki, həmişə eyni olub. Taktiki yanaşmalarda müəyyən fərqlər müşahidə olunsa da, dünya siyasətinə münasibətdə onların strateji mövqeləri üst-üstə düşüb. Yeni baş nazirin hakimiyyətə gəlməsi ilə Böyük Britaniyanın İranda aparılması ehtimal olunan hərbi əməliyyatlara münasibətində də dəyişiklik ola bilər. Belə ki, Böyük Britaniyanın hərbi bazalarından istifadə olunmasına razılıq verməsi ehtimalı əvvəlki dövrlə müqayisədə daha yüksək görünür. Məhz buna görə də Böyük Britaniya öz diplomatik korpusunu İrandan çıxarmağa başlayır. Əgər diplomatların təhlükəsizliyinə tam zəmanət vermək mümkün deyilsə, təbii ki, Böyük Britaniya öz səfirliyində çalışan əməkdaşları və diplomatları təxliyə etməlidir. Çünki Böyük Britaniyanın hərbi bazalarından İrana qarşı hərbi əməliyyatlarda istifadə olunarsa və ya bu əməliyyatlara hər hansı formada dəstək verilərsə, təbii ki, İranda Böyük Britaniya diplomatlarına qarşı təhlükə yarana bilər. İran cəmiyyətində və ya müəyyən qruplar tərəfindən Böyük Britaniyanın diplomatik nümayəndəliklərinə qarşı aqressiv münasibətin formalaşması istisna deyil.

"Eyni zamanda bu addım onu göstərir ki, növbəti hərbi əməliyyatların daha genişmiqyaslı və daha ciddi olacağı ehtimal edilir. Bu baxımdan diplomatların İrandan çıxarılması tamamilə məntiqli və təbii addım kimi qiymətləndirilməlidir. Əgər Böyük Britaniya İrana qarşı hərbi əməliyyatlara dəstək verəcəksə, o zaman onun diplomatlarının təhlükəsizliyinə tam təminat vermək mümkün olmayacaq. Bu səbəbdən Böyük Britaniyanın diplomatlarını İrandan çıxarmasını təbii proses kimi dəyərləndirmək lazımdır. Bütün bunlar onu deməyə əsas verir ki, Böyük Britaniya bu dəfə hərbi əməliyyatlarda əvvəlki dövrlərlə müqayisədə daha fəal və birbaşa iştirak edə bilər. Dünya siyasətində strateji baxımdan Böyük Britaniya ilə Amerika Birləşmiş Ştatlarının baxışları tarixən üst-üstə düşüb. Taktiki fərqlər mövcud olsa da, strateji məsələlərdə onların mövqeləri, adətən, eyni olub. Bu baxımdan hesab edirəm ki, Böyük Britaniyada yeni baş nazirin hakimiyyətə gəlməsi Donald Trampın siyasətinə daha açıq şəkildə dəstəyin nümayiş etdirilməsi ilə müşayiət oluna bilər", - deyə ekspert əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31