"İllərlə çəkə bilər": Eksklavların və sərhədlərin delimitasiyası necə həll olunacaq? – ÖZƏL

Ermənistanda TRIPP layihəsinin təsdiqlənməsindən sonra kommunikasiya xətləri, sərhədlərin delimitasiyası və eksklavlarla bağlı müzakirələr yenidən aktuallaşıb. Xüsusilə  Azərbaycanın Qazax rayonuna məxsus Sofulu və Bərxudarlı kəndlərinin taleyi gündəmə gəlib. Ermənistan tərəfi bu məsələni təhlükəsizlik baxımından qiymətləndirərkən, rəsmi Bakı kəndlərin beynəlxalq hüquqa uyğun olaraq Azərbaycana qaytarılmasının tərəfdarı olduğunu bildirir. Bu fonda eksklavlar məsələsinin hansı formada həll ediləcəyi ilə bağlı müzakirələr davam edir.

Eksklavlarla bağlı danışıqlarda Ermənistanın Başkənd məsələsini önə çəkməsi nə dərəcədə realdır və bu, danışıqlar prosesinə necə təsir göstərə bilər?

"Təbii ki, layihənin paraflanmasından sonra kommunikasiya xətlərinin açılması, sərhədlərin delimitasiyası və eksklavlarla bağlı məsələlərin yenidən aktuallaşacağı gözlənilən idi. Çünki kommunikasiyaların haradan və hansı formada keçəcəyi əsas müzakirə mövzularından biridir. Şübhəsiz ki, Ermənistanın bu istiqamətdə irəli sürdüyü təkliflər Azərbaycanın milli maraqlarına toxunmamalıdır".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, Ermənistan Başkənd məsələsini hər zaman gündəmə gətirməyə çalışıb. Yəni  Azərbaycan Sofulu, Bərxudarlı və digər eksklavlarla bağlı məsələ qaldırdıqda, Ermənistan da Başkənd məsələsini qarşı tərəfə arqument kimi təqdim edib və bu mövzunu heç vaxt gündəmdən çıxarmayıb. Lakin bu məsələ sülh danışıqlarına və ya yekun sülh müqaviləsinin imzalanmasına hər hansı ciddi təsir göstərə bilməz. Çünki paraflanmış sülh müqaviləsində Azərbaycanın əsas şərti Ermənistan Konstitusiyasının bütövlükdə dəyişdirilməsi deyil. Azərbaycan dəfələrlə bəyan edib ki, bu, Ermənistanın daxili işidir. Söhbət yalnız Konstitusiyanın giriş hissəsindən gedir. Həmin hissədə Ermənistanın Müstəqillik Aktına istinad edilir və bu sənəddə Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Azərbaycanın tələb etdiyi dəyişiklik də məhz bunun aradan qaldırılması ilə bağlıdır. Ona görə də Başkənd məsələsinin qaldırılması, eləcə də Sofulu və Bərxudarlı eksklavlarının qaytarılması məsələsi yekun sülh müqaviləsinin imzalanmasına təsir göstərməyəcək. Bu məsələlər sülh müqaviləsindən sonra sərhədlərin delimitasiyası prosesi çərçivəsində müzakirə olunmalıdır. Mən başqa bir mexanizmin mümkün olduğunu düşünmürəm. Azərbaycanın hər hansı dövlətin ərazisinə qarşı hücum əməliyyatı keçirmək kimi niyyəti yoxdur və bunu dəfələrlə bəyan edib. Azərbaycan regionda sülhün və sabitliyin tərəfdarıdır. Ermənistanla sülh müqaviləsinin bağlanmasında əsas məqsəd də məhz bölgədə davamlı sülhün təmin edilməsidir.

Ekspertin sözlərinə görə, delimitasiya prosesi kifayət qədər mürəkkəb və uzunmüddətli prosesdir. Bu, illərlə davam edə bilər. Məsələn, Azərbaycan-Rusiya sərhədinin delimitasiyası uzun illər çəkib və yalnız sonradan yekunlaşdırılıb. Hətta Gürcüstan Azərbaycanın dostu, strateji tərəfdaşı və müttəfiqi olmasına baxmayaraq, iki ölkə arasında delimitasiya prosesi 30 ildən artıqdır ki, tam başa çatdırılmayıb. Ona görə də Ermənistanla sərhədlərin delimitasiyası məsələsində də tələsmək düzgün olmaz. Bu proses yalnız delimitasiya işləri yekunlaşdıqdan sonra öz hüquqi həllini tapa bilər və eksklavlarla bağlı məsələlər də məhz həmin çərçivədə həll olunmalıdır.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31