Gəmilər inşa edilir, liman genişlənir: Azərbaycanın tranzit gəlirləri necə artacaq? – ÖZƏL
16:28 SiyasətŞuşada keçirilən IV Şuşa Qlobal Media Forumunda çıxış edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın artan yükdaşımaları qarşılamaq üçün kifayət qədər potensialı var. Onun sözlərinə görə, Xəzərdə ən böyük dəniz ticarət limanının illik ötürmə gücü hazırda 15 milyon tondur və bu göstərici 25 milyon tona çatdırılacaq. Prezident qeyd edib ki, Avropa istiqamətində yükdaşımalarını artırmaq məqsədilə yerli gəmiqayırma zavodunda 10 yeni gəmi inşa edilir. Dövlət başçısı əlavə edib ki, Mərkəzi Asiya ölkələri və Avropa Komissiyası ilə əməkdaşlıq Azərbaycanın tranzit imkanlarını daha da gücləndirir.
Azərbaycanın tranzit imkanlarının genişlənməsi ölkə iqtisadiyyatına hansı real iqtisadi faydaları verəcək? Yeni gəmilərin tikintisi yükdaşımalarının həcminə və logistika xərclərinə necə təsir göstərə bilər?
"Azərbaycanın tranzit potensialının genişləndirilməsi strateji baxımdan düzgün istiqamətdir. Coğrafi mövqeyimiz bizə böyük üstünlük verir. Lakin iqtisadi siyasətdə əsas sual limanın neçə milyon ton yük qəbul etməsi deyil, bu yükdən Azərbaycan iqtisadiyyatının nə qədər gəlir əldə etməsidir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib. İqtisadçı bildirib ki, Xəzərdə limanın ötürmə gücünün 15 milyon tondan 25 milyon tona çatdırılması və yeni gəmilərin tikilməsi tranzit qabiliyyətini artıracaq. Bu, daha çox yükün ölkə ərazisindən keçməsi, liman xidmətlərindən, dəmir yolundan, gömrük və logistika xidmətlərindən əlavə gəlirlər əldə edilməsi deməkdir. Tranzit sektorunun inkişafı nəqliyyat, anbar, sığorta, ekspeditor və digər xidmət sahələrində də yeni iqtisadi aktivlik yarada bilər. Lakin burada vacib bir məqam var. Tranzitdən əldə olunan gəlir yükün ümumi dəyəri ilə deyil, göstərilən xidmətlərin əlavə dəyəri ilə ölçülür. Əgər Azərbaycan yalnız "keçid ölkəsi" kimi qalacaqsa, iqtisadi effekt məhdud olacaq. Əsas məqsəd tranzit dəhlizləri ətrafında logistika mərkəzləri, sənaye zonaları, emal müəssisələri və ixracyönümlü istehsal yaratmaq olmalıdır. Məhz bu halda tranzit uzunmüddətli iqtisadi inkişafa çevrilə bilər. Yeni gəmilərin inşası Xəzərdə yük dövriyyəsinin artmasına, daşımaların daha çevik həyata keçirilməsinə və mövsümi gecikmələrin azalmasına kömək edəcək. Daşıma imkanlarının genişlənməsi müəyyən marşrutlarda logistika xərclərinin optimallaşmasına da şərait yarada bilər. Bu isə Azərbaycanın Orta Dəhliz üzrə rəqabət qabiliyyətini artıran mühüm amillərdən biridir. Bununla belə, təkcə infrastruktur tikmək kifayət etmir. Dünya logistika bazarında rəqabət tariflərlə, gömrük prosedurlarının sürəti ilə, rəqəmsal xidmətlərlə və idarəetmənin səmərəliliyi ilə aparılır. Əgər sərhəd-keçid prosedurları, gömrük rəsmiləşdirilməsi və logistika xidmətləri beynəlxalq standartlara uyğunlaşdırılmasa, yeni limanlar və yeni gəmilər gözlənilən iqtisadi effekti tam verməyəcək.
"Mən hesab edirəm ki, Azərbaycanın növbəti hədəfi sadəcə tranzit həcmini artırmaq deyil, tranzitdən əldə olunan gəliri və əlavə dəyəri artırmaq olmalıdır. Əgər ölkə regional logistika mərkəzinə çevrilə bilsə, bu, qeyri-neft sektorunun inkişafına, yeni iş yerlərinin yaradılmasına, dövlət büdcəsinə daxilolmaların artmasına və iqtisadiyyatın neftdən asılılığının azalmasına mühüm töhfə verəcək. Əks halda, böyük həcmdə yük ölkədən keçəcək, amma iqtisadi dividendlər gözlənilən səviyyədə olmayacaq", - deyə iqtisadçı qeyd edib.
Səidə Ramazanova