Rusiya Azərbaycanın xoş niyyətini dəyərləndirmir - ÖZƏL

"IV Şuşa Qlobal Media Forumunda diqqət çəkən açıqlamalardan biri də Cənab Prezident İlham Əliyevin Rusiya ilə münasibətlərimizə toxunduğu hissə idi. Belə ki, Forum çərçivəsində dövlət başçımız bildirdi ki, biz Rusiya ilə münasibətlərimizə dəyər veririk. Həm Prezident Putin, həm də Rusiya Federasiyasının rəsmi nümayəndələrinin Azərbaycanla münasibətlərin müsbət dinamikaya malik olması barədə bəyanatlarını gördük. Rusiya ilə çətinliklər olub, lakin bu artıq geridə qalıb. Dövlət başçımız müxtəlif səviyyələrdə təmasların da olduğunu  bildirdi. Cənab Prezident İlham Əliyev Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin önəmini ikitərəfli formatla məhdudlaşdırmadı və bildirdi ki, bu münasibətlər daha geniş coğrafiya üçün mühüm əhəmiyyət kəsb edir. Dövlət başçımız münasibətlərimizin əsasında nəqliyyat, ticarət və humanitar əməkdaşlığın da mühüm rol oynadığını bildirdi."

Bu fikirləri Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:

"Buna əlavə olaraq, xarici işlər naziri Ceyhun Bayramovun ayın 16-da Rusiyaya səfər edəcəyi barədə də məlumat verildi. Şübhəsiz ki, bundan əvvəl münasibətlər gərgin idi və belə bir gərginlik şəraitində səfərin baş tutması mümkün deyildi. Həm Azərbaycan Prezidentinin məlum fikirləri, həm də xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya nəzərdə tutulan səfəri göstərir ki, Azərbaycan münasibətlərin müsbət istiqamətdə inkişafında maraqlıdır. Hər iki amil Azərbaycanın xoş niyyətinin nümayişidir. Təəssüf ki, Rusiya Azərbaycanın bu xoş niyyətini dəyərləndirmir və münasibətləri yenidən gərginləşdirmək yolunu tutur. 
Bu gün Rusiyada şovinizmin, ksenofobiyanın və milli ayrı-seçkiliyin geniş yayıldığı bir vəziyyətin şahidiyik. Məhz belə bir reallıqda bu cür yanaşmanın olması təəccüb doğurmur, təəssüf hisslərini dərinləşdirir. Bu baxımdandır ki, son zamanlar Rusiya mediasında və sosial media platformalarında, məhz Rusiyanın inkişafına töhfə verən azərbaycanlılara qarşı təhqiramiz və alçaldıcı fikirlər səsləndirilir. Azərbaycanlılar "mütəşəkkil cinayətkar qruplaşması" adlandırılır.

Bu isə Rusiya cəmiyyətində kök salmış faşist təfəkkürünün məhsuludur. Sözdə bir, praktik müstəvidə isə fərqli yanaşmanın olması ikili standartdır. Bir tərəfdən münasibətlər barədə müsbət fikirlər səsləndirilir, digər tərəfdən isə bu kimi addımların atılır. Açıqlamalar pərakəndə deyil, sistemli şəkildə, sanki institutlaşdırılmış formada həyata keçirilir. Bu isə ondan xəbər verir ki, həmin direktivlər Kremldən gəlir, idarə olunur, mərkəzləşdirilir və sistemləşdirilir.

Deməli, Rusiya cəmiyyəti və dövlət siyasəti institusional, etnik və dini ayrı-seçkilik nümayiş etdirir. Dövlət qanunları, institusional strukturlar, və ictimai tendensiyalar tez-tez azlıq qruplarını kənarlaşdırır. Əksinə, rus millətinin üstünlüyünü ön plana çıxarır. Cənubi Qafqaz və Orta Asiyadan olanlara qarşı mənzil təminatı, məşğulluq və hüquq-mühafizə orqanlarının fəaliyyətində sistemli ayrı-seçkiliyin mövcud olduğu görünür. Azərbaycanlılar və digər etnik azlıq icmaları ruslarla müqayisədə qeyri-mütənasib dərəcədə yüksək itki nisbətinə məruz qalırlar. İslamofobiya və miqrant işçilərə qarşı nümayiş etdirilən münasibət sistemli ksenofobiyanın əlamətləridir. Dövlət mediası və hüquq-mühafizə orqanları tez-tez onları adi polis təqibləri ilə hədəfə alır və bu icmaları terrorizmlə əlaqələndirir. 

Görünür, Dumaya seçkilər ərəfəsində ictimai narazılığın artması, Ukrayna ilə müharibədə ciddi itkilərin yaşanması və Ukrayna ordusunun Rusiyaya vurduğu zərbələr Rusiya hakimiyyətini yeni düşmən obrazı yaratmağa məcbur edir. Şübhəsiz ki, belə olduğu məqamda mövcud problemlər də gizlədilməyə çalışılır.
Lakin bu mümkün deyil. Artıq faktlar çox şeyi sübut edir. Rusiyanın Ukraynaya qarşı tammiqyaslı hücumundan dörd il sonra Rusiya iqtisadiyyatı struktur tükənməsinin açıq əlamətlərini göstərir. Rusiya üçün əsl iqtisadi sonluğun konturları artıq ortaya çıxır. Moskvanın maliyyə buferlərinin əsasən tükəndiyi görünür.
Rusiyanın iqtisadiyyatının əsas təməlləri zəifləyib. Maliyyə ehtiyatları əsasən tükənib, iqtisadi artım dayanıb və ölkənin xaricdən asılılığı getdikcə daha da aydınlaşır. Eyni zamanda, Körfəzdəki müharibə nəticəsində neft qiymətlərinin artması yalnız müvəqqəti maliyyə təsirləri göstərir. Xərclər artdıqca, maliyyə və real məhdudiyyətlər yarandıqca, təbii ki, iqtisadi potensial sıxlaşır və gərginləşir.
Rusiyanın Likvid Suveren Sərvət Fondunun aktivlərinin ÜDM-də payının müharibənin əvvəlindəki 6,5 faizdən 2026-cı ilin aprelində cəmi 1,8 faizə düşdüyü müəyyən edilib.Neft və qaz gəlirləri isə 2026-cı ilin birinci rübündə illik müqayisədə 45 faiz azalıb.

Problemlər isə sadəcə maliyyə sahəsi ilə kifayətlənmir. Hərbi xərcləri dəstəkləmək üçün getdikcə daha çox büdcədənkənar maliyyələşdirməyə, sürətli kredit genişləndirilməsinə və bank sistemi vasitəsilə dolayı dəstəyə etibar edilir. Müharibənin başlanğıcından bəri banklar resursları müharibə ilə əlaqəli sektorlara yönəltdikcə, Rusiyanın korporativ borcu da kəskin şəkildə artır. Təbii ki, əsas məhdudiyyət yalnız pulda yaranmır. Bu, insan resurslarına, texnologiyaya və istehsal gücünə də təsir edir.

Çərçivəsiz münasibətlər mümkün deyil. Yəni, münasibətləri müsbət çərçivəyə salmaq lazımdır. İstənilən anda düşünülməmiş fikirlərin səsləndirilməsi və addımların atılması yolverilməzdir. Rusiya Cənubi Qafqazda yaranmış yeni reallığı ya görmür, ya da qəbul etmək istəmir. Cənab Prezident İlham Əliyevin də dediyi kimi, Cənubi Qafqazı qavramaq və anlamaq üçün köhnə metodologiyalar artıq sıradan çıxıb. Bunları bir kənara qoyaraq yeni, bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağa çalışılmalıdır.
Rusiya, şübhəsiz ki, öz iradəsini diktə etməyə çalışdıqca, digər xalqlara qarşı nifrət, ayrı-seçkilik və dözümsüzlük aşıladıqca yalnız özünə ziyan verir."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31