Şuşa Qlobal Media Forumunun mövzusunun “Sülhün təşviqində medianın missiyası- ÖZƏL
12:32 SiyasətHəqiqətin bərpası və etimadın yenidən qurulması" seçilməsinin bir sıra səbəbləri vardır.
Birincisi, həm yaxın tariximiz, həm də günümüz göstərir ki, xalqlar və dövlətlər arasında sülhün təşviqində, gerçəklərin bərpasında, insanlara çatdırılmasında və etimad mühitinin yaradılmasında medianın üzərinə böyük vəzifələr düşür. Media ya qurucu, ya da dağıdıcı rol oynayır. Sülhün olması əmin-amanlıqdır, əməkdaşlığa və quruculuğa imkanlar açır. Sülhün olmamasının, müharibələrin isə özü ilə hamımızın gözləri qarşısında gətirdiyi çoxlu fəlakətləri görmüşük və görürük.
İkincisi, tarix boyu həqiqəti yalnız qüdrətli və ədalətli dövlət rəhbərləri, sərkərdələr bərpa ediblər. Onu insanlara çatdıran isə yaradıldığından bəri mətbuat, media olub. Həqiqət bir cür, yalan isə çox olur. Həqiqəti dəyişdirməyə cəhd etdikdə yalanlar baş alıb gedir, beyinlər saxta informasiyalarla doldurulur, ictimai rəy çaşdırılır, ətrafa yayılan kül həqiqəti görməyə imkan vermir.
Üçüncüsü, ədaləti bərpa etdikdən sonra ən çətin məsələlərdən biri etimad mühitinin yaradılmasıdır. Bir qayda olaraq qalib dövlətlər özlərini təkəbbürlü aparır və etimad mühitini yaratmağa çalışmırlar.
Hər üç məsələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycan mediasının fəaliyyəti örnəkdir. Ərazilərini işğaldan təkbaşına azad edən Azərbaycan sülhü yaratdı, ədaləti bərpa etdi və etimad mühitini formalaşdırmaqdan ötrü Ermənistana əlini uzatdı, ərazisini tranzit kimi açdı, sülh müqaviləsinin bağlanmamasına baxmayaraq, yanacaq göndərdi. Bu da dünya üçün böyük təcrübədir...
Media nümayəndələrinin suallarına Prezident İlham Əliyevin verdiyi mükəmməl cavablar açıq diplomatiyanın və səmimiliyin nümunəsidir. Siyasətdə güclülər həmişə açıq, lakin sakit səs ahəngi ilə danışar, səmimi və təvazökar olarlar. Forumda başlıca ideya və məqsəd sözdə deyil, işdə sülh, ədalət, etimad, qarşılıqlı faydalı əməkdaşlıq istəyinin və siyasətinin birmənalı olaraq dünyaya yenidən bəyan edilməsi idi. Həmin ideyanın həyata keçirilməsinin düsturunu Prezident İlham Əliyev bütün dünyaya belə təqdim etdi: "...qonşularla qarşılıqlı əlaqələr olmadan, siz heç zaman tranzit ölkəyə çevrilməyəcəksiniz. Əgər qonşularınızla münasibətləriniz pisdirsə, bu o deməkdir ki, heç nə alınmayacaq."
Bu fikirlər böyüklüyü və kiçikliyindən asılı olmayaraq, bütün dünya ölkələri və xalqları üçün əhəmiyyətlidir. Dövlətlər və xalqlar arasında münasibətlərdə məşhur "qonşun pisdir, köç qurtar" sözləri yaramır. Çünki xalqların qonşuluğu seçim deyil, taledir. Qonşu dövlətlər bir-biri ilə keçinməlidirlər. Keçinmək yoxdursa, digər məsələlərdə, xüsusən etimad mühitinin formalaşmasında problemlər yaranır və əməkdaşlıq da çətin qurulur.
Ölkələr hətta okeanlar və dənizlərlə ayrılsalar da, dünya regionlardan ibarət olduğundan coğrafi baxımdan bir-biriləri ilə birbaşa və dolayısı yolla bağlıdırlar. Bəzən ölkələr coğrafi baxımdan yaxın olsalar da, onları yürüdülən siyasətlər uzaqlaşdırır və ya əksinə, coğrafi baxımdan uzaq olsalar da, yenə də müdrik siyasətlər yaxınlaşdırır, bir-birinə bağlayır. İstənilən regionun ölkələri arasında münasibətlər yaxşı olmayanda hətta kökləri eyni olan xalqlar əziyyət çəkirlər. Bunun nümunələri vardır. Aralarında ən uzun sərhəd olan Azərbaycan və Ermənistan məhz işğalçı ölkənin rəhbərlərinin yürütdükləri siyasət ucbatından ağır illər keçirdi. İndi bu iki qonşu arasında yaradılmağa başlayan etimad mühiti də yürüdülən siyasətin nəticəsidir. Yenə də hər şey coğrafiyaya deyil, dövlət rəhbərlərinin iradəsinə bağlıdır.
Azərbaycanın Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropanı birləşdirməsi, etibarlı körpü olması təkcə coğrafi mövqeyi deyil, xalqımızın və dövlətimizin bu gününü və gələcəyini düşünən siyasi iradənin nəticəsi ilə bağlıdır. Coğrafiyanı şansa çevirmək isə hər bir dövlət rəhbərinə nəsib olmur. Onu yalnız böyük dövlət adamları və mahir strateqlər bacarırlar...
Musa Qasımlı
Milli Məclis sədrinin müavini