Sülh gündəliyinə təhdid: Avropa Parlamentinin birtərəfli mövqeyi nəyə xidmət edir? – ÖZƏL

"Avropa siyasi institutlarının yanaşmasında müşahidə olunan selektivlik artıq yeni mərhələyə qədəm qoyur və bu kontekstdə Avropa Parlamenti tərəfindən qəbul olunması müzakirə edilən "Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi" adlı sənəd əslində regionun reallıqlarını əks etdirməkdən uzaq, siyasi motivli yanaşmanın bariz nümunəsidir. Bu sənəddə Azərbaycana qarşı yer alan əsassız ittihamlar rəsmi Bakının haqlı narazılığına səbəb olmaqla yanaşı, münasibətlərin gələcək trayektoriyası ilə bağlı ciddi suallar doğurur." 

Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert qeyd edib ki, əgər Azərbaycan bu qurumla münasibətləri minimum səviyyəyə endirmək və ya tamamilə dayandırmaq qərarına gələrsə, bu addım ilk növbədə simvolik-siyasi xarakter daşıyacaq. Çünki Avropa Parlamenti birbaşa icraedici funksiyalara malik deyil və Azərbaycanın Avropa ilə enerji, nəqliyyat və təhlükəsizlik sahəsində əməkdaşlığı əsasən Avropa Komissiyası və Avropa İttifaqı Şurası kimi icraedici strukturlar vasitəsilə həyata keçirilir. Məhz bu baxımdan, rəsmi Bakının Avropa Parlamenti ilə münasibətləri kəsməsi enerji diplomatiyasına ciddi zərbə vurmayacaq. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan etibarlı tərəfdaşdır və bu reallıq siyasi ritorikadan daha güclü amildir. "Hesab edirəm ki, xüsusilə, qaz təchizatı, alternativ enerji marşrutları və nəqliyyat-logistika layihələri sahəsində əməkdaşlıq qarşılıqlı maraqlara söykəndiyi üçün davamlılığını qoruyacaq.

Ekspert qeyd edib ki, lakin məsələnin digər  daha həssas tərəfi regiondakı siyasi balansla bağlıdır. Avropa Parlamenti kimi platformalarda Ermənistanın açıq şəkildə dəstəklənməsi Qərbin neytral vasitəçi imicinə ciddi zərbə vurur. Bu, xüsusilə post-münaqişə dövründə etimad mühitinin formalaşması baxımından mənfi siqnaldır. Əgər vasitəçi tərəflərdən biri açıq şəkildə tərəf tutur görüntüsü yaradırsa, bu halda onun təşəbbüslərinin qəbul olunma ehtimalı avtomatik olaraq azalır. Bu cür addımlar Cənubi Qafqazda davam edən sülh prosesinə töhfə vermək əvəzinə, onu mürəkkəbləşdirir. Azərbaycan tərəfi üçün əsas prioritet real nəticələrə yönəlmiş, balanslı və obyektiv yanaşmadır. Əks halda, regionda sülh gündəliyinin irəliləməsi üçün alternativ platformaların ön plana çıxması qaçılmaz olacaq.

"Burada məsələ təkcə bir qətnamə deyil, məsələ siyasi ədalət tərəzisinin hansı istiqamətə əyildiyidir. Əgər bu tərəzi birtərəfli şəkildə pozularsa, onda nə sülhdən, nə də etibarlı tərəfdaşlıqdan danışmaq mümkün olacaq", - deyə B.Quliyev əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31