İranın seçdiyi müqavimət üsulu effektivliyini itirməkdədir- ÖZƏL

"ABŞ və İsrailin geniş hazırlığından sonra İrana qarşı başladığı hücumun hələ ki lazımi siyasi nəticə verməməsi, İranın bu əməliyyatın yaradacağı bütün ssenarilərə hazırlıqlı olmasından irəli gəlir. ABŞ və Qərbin bir müddət əvvəl İranda ixtişaşlara konkret müdaxilə etməməsi isə İranın parçalanması ehtimalı ilə bağlı idi. ABŞ və Qərb üçün parçalanmış İran yox, bütöv İran daha məqbul variantdır. İxtişaşlar deyil, müharibə ABŞ və İsrail üçün nəzarət imkanı verir. Hücumdan sonra isə İranda ixtişaşlar ABŞ və İsrail üçün nəticə verə bilərdi, ancaq rejimə qarşı İran əhalisinin əhəmiyyətli etirazları mümkün görünmür". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Vüqar Dadaşov deyib: "ABŞ ssenarisinə görə, Ali dini lider Əli Xamenei də daxil olmaqla 49 nəfər dövlətin ən yüksək vəzifəli şəxslərinin öldürülməsindən, dövlətin başsız qalmasından sonra ehtimal edilən növbəti etirazların vüsət alacağı ilə İranın ABŞ və İsrailin tələblərini qeyri-şərtsiz qəbul edəcəyi düşünülürdü.
Ancaq İran bütün bu ssenarilərə hazırlaşıb və müqavimətini hələ də davam etdirir, hərçənd müqavimətinin uzun sürəcəyi inandırıcı deyil. İranın ideoloji və psixoloji dayanıqlığı ancaq qısamüddətli taktiki üstünlük yarada bilər. Ancaq proses göstərdi ki, İran  hərbi gücü qat-qat üstün olan İsrail və Amerikaya qarşı düşünüldüyündən daha dayanıqlı mövqedədir. Dövlət başçısı - dini liderinin, müdafiə nazirinin, qərargah rəisinin və digər yüksək rütbəli şəxslərin məhvindən sonra hakimiyyətin çökəcəyi ilə bağlı hesab özünü doğrultmadı.
 ABŞ-ın İrana hücumunun uzun müddətdə hazırlanması, həm də İranın müqavimət və ideoloji cəhətdən uzunmüddətli müharibə etmə ehtimalından irəli gəlirdi. Bu halda İran ABŞ-a "Vyetnam", "Əfqanıstan" və hətta "Ukrayna" bataqlığı yarada bilər. Ancaq ABŞ və İsrail bu variantı istisna edən bütün imkanlarından istifadə edib, qısa zamanda əməliyyatı bitirmək niyyətindədir.  
İranın tutduğu siyasi kurs, seçdiyi müqavimət üsulu müəyyən ideoloji baxımdan effektivliyini itirməkdədir. Hələ ABŞ və İsrailin hücumuna qədər Türkiyənin təşəbbüsü ilə İranın danışıqlara getməsi mümkün idi. İranın əldə etdiyi saflaşdırılmış uranın Türkiyəyə verilməsi də müzakirə olunurdu. Ancaq İranın Türkiyəyə və türk dünyasına münasibəti İrana vəziyyətdən çıxışa imkan vermədi. Hətta İran ərəb ölkələri ilə yanaşı, Türkiyəyə də raket hücumu etdi.
İranın Azərbaycan və Türkiyəyə düşmən münasibəti, Rusiyanın türk etnosuna formaca siyasi düşmənçiliyindən fərqli olaraq, əsasən ideoloji və milli zəmində özünü göstərir. Hərçənd ki, hər iki dövlət hər iki yanaşmanı da tətbiq edib.
Müharibənin sonu İran üçün müsbət nəticələnə bilməz. Bu halda ABŞ-ın nəinki Yaxın Şərqdə, ümumiyyətlə, dünyada nüfuzunun zədələnməsinə, əsas rəqibi Çin qarşısında iqtisadi, siyasi və diplomatik baxımdan mövqelərinin sarsılmasına səbəb olar ki, bu da Çinin ABŞ-a qarşı siyasətinə daha sərt, riskki xarakter verə bilər. Həmçinin Rusiyanın da mövqeyi güclənə bilər. Bu səbəbdən İsrail və ABŞ qarşıya qoyduqları məqsədlərə çatmaq məcburiyətindədir.
CNN-nin məlumatına görə kürdlər İranla müharibəyə hazırlanır. Bu da İrana qarşı daxildən açılan ikinci təzyiq cəbhəsi və həmdə daimi gərginlik ocağı kimi istifadə oluna bilər.
Belə bir versiya da var ki, İranın müqaviməti və ərəb ölkələrinə cavab hücumları ABŞ və İsrailin Yaxın Şərqdə, xüsusən də ərəb dünyasında nüfuz və təsir imkanlarını daha da artırır. Bütün regionun İran qarşısında təhlükəsizlik hissi, bütünlüklə ərəb dövlətlərini ABŞ və İsraildən siyasi-hərbi asılılığı dərinləşdirir. Bu da yəhudilərin "Böyük İsrail" planlarının icrasına münbit şərait yaradır.
İranın müqaviməti, ABŞ-ın qlobal güc imici və digər amillər fonunda Vaşinqton və Tel-Əviv üçün İranda loyal hakimiyyət dəyişikliyi minimum hədəf kimi müəyyənləşib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31