AMEA-da vəzifə verilən Aynur Günəşli Ramiz Mehdiyevin kadrıdır? - RƏSMİ AÇIQLAMA

Aynur Günəşli Elm və təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru Sərxan Xavərinin 2 fevral 2026-cı il tarixli təqdimatı əsasında həmin şöbənin müdirinin müavini vəzifəsinə təyin olunub. Təyinatdan dərhal sonra Aynur Günəşli Elm və təhsil şöbəsinin 15 nəfərdən ibarət olan əməkdaşlarına təqdim edilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq AMEA Elm və təhsil şöbəsindən açıqlama verilib.

Bildirilir ki, Ramiz Mehdiyevin Milli Elmlər Akademiyasının "rəhbəri" olduğu dövrdə 24 aprel 2021-ci ildən 25 noyabr 2022-ci ilədək AMEA Rəyasət Heyətinin Aparat rəhbərinin köməkçisi vəzifəsini daşıyıb ki, bunun da cəmisi 9 ayı (19 fevral 2022-ci ilədək) həmin mərhələyə aiddir":

"Sosial şəbəkələrdə AMEA-da Ramiz Mehdiyevin kadrına yüksək vəzifə verilməsi ilə əlaqədar yayılmış qeyri-obyektiv məlumatlara aydınlıq gətirilməsi üçün aşağıdakıları ictimaiyyətin diqqətinə çatdırmağı lazım bilirik:

Ramiz Mehdiyevin Milli Elmlər Akademiyasının "rəhbəri" olduğu dövrdə 24 aprel 2021-ci ildən 25 noyabr 2022-ci ilədək AMEA Rəyasət Heyətinin Aparat rəhbərinin köməkçisi vəzifəsini daşıyıb ki, bunun da cəmisi 9 ayı (19 fevral 2022-ci ilədək) həmin mərhələyə aiddir. Tutduğu kiçik vəzifəyə görə o, hər hansı qərar qəbul etmə və ya sosial şəbəkələrdə şişirdilmiş şəkildə deyildiyi kimi "məxfi sənədlərin hazırlanmasında" iştirak etmək səlahiyyətinə malik olmayıb.

AMEA Rəyasət Heyətinin Aparat rəhbəri strukturu 2022-ci ildə ləğv edildikdən sonra Aynur Günəşli Akademiyanın Elm və təhsil şöbəsində baş mütəxəssis kimi fəaliyyətini davam edib. Aynur Günəşlinin adı Akademiya dairəsində heç vaxt kiminsə adamı kimi hallanmayıb. Akademiyada o, peşəkar proqramçı, elmi hesabatların elmmetrik qaydada rəqəmsal proqnozlaşdırılması ilə məşğul olan gənc mütəxəssis və habelə Gənc Alim və Mütəxəssislər Şurasının fəallarından biri kimi tanınır. 2018-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olan Aynur Günəşli Yasamal rayonu təşkilatının AMEA Rəyasət Heyəti Aparatı üzrə ərazi təşkilatı sədrinin müavinidir.

Nəsimi adına Dilçilik İnstitutunun 2015-ci ildən dissertantı olan Aynur Günəşlinin dissertasiya işi 02 iyul 2025-ci il tarixdə Dilçilik İnstitutunda müzakirə edilərək müdafiəyə buraxılmışdır. Onun dissertasiya müdafiəsinin sürətləndirilməsi üçün heç vaxt Nəsimi adına Dilçilik İnstitutuna müraciət edilməyib.

Son aylarda Aynur Günəşlinin başqa bir qurumda daha yüksək maaşla işə dəvət alması ilə əlaqədar olaraq, Elm və təhsil şöbəsi onun bacarıqlı və perspektivli gənc peşəkar mütəxəssis kimi Akademiyada qalıb, öz işini davam etdirməsi arzusunu nəzərə alaraq Akademiya rəhbərliyinə müraciət edib. Aynur Günəşli Elm və təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru Sərxan Xavərinin 2 fevral 2026-cı il tarixli təqdimatı əsasında həmin şöbənin müdirinin müavini vəzifəsinə təyin olunub. Təyinatdan dərhal sonra Aynur Günəşli Elm və təhsil şöbəsinin 15 nəfərdən ibarət olan əməkdaşlarına təqdim edilib.

Akademiyanın Rəyasət Heyəti əməkdaşlarının gözü qarşısında baş vermiş bu reallıqlarla sosial şəbəkələrdə yayılan məlumatlar tam təzad təşkil edir və qətiyyən həqiqəti əks etdirmir. Sosial şəbəkələr bacarıqlı bir gənc mütəxəssisi yalan, uydurma məlumatlarla hədəfə alıb, ona kölgə salmağa çalışmaqla yüzlərlə başqa gənclərin də ümidlərini qırmağa xidmət edirlər", açıqlamada qeyd olunub.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəylinin Ramiz Mehdiyevin yaxın kadrı Aynur Cavanşir qızı Günəşlini Rəyasət Heyətində Elm və Təhsil Şöbəsinin müdir müavini vəzifəsinə gətirdiyi ilə bağlı xəbərlər yayılmışdı.

İddiaya əsasən, iclasda bu məlumatın gizli saxlanması, mətbuata yayılmaması tapşırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31