Cənubi Qafqazın açarı Bakıda, düyünü Tiflisdə: ABŞ-nin regionda maraqları uzlaşdırmaq cəhdi – ÖZƏL

"44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Prezidentinin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində Cənubi Qafqazda yeni siyasi situasiya formalaşıb. Cənubi Qafqaz qlobal güclərin maraqlarının toqquşduğu, Şərqlə Qərbin qovuşduğu strateji bir regiondur. Bu baxımdan ABŞ Cənubi Qafqazdakı maraqlarını gizlətmir, açıq şəkildə bəyan edir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, avqustun 8-də ABŞ-də keçirilən görüşlər də bunu bir daha nümayiş etdirdi. Donald Trampın hakimiyyətə gəlməsindən sonra ABŞ-nin Cənubi Qafqaza yanaşması Bayden dövrü ilə müqayisədə fərqlənir. Əgər Bayden administrasiyası daha çox təzyiq və şantaj yolu ilə maraqlarını irəli sürürdüsə, Tramp dövründə bu siyasət əsasən iqtisadi maraqların uzlaşdırılması üzərində qurulub.
Cənubi Qafqaz ABŞ-nin strateji maraq dairəsinə daxildir və bu regionun aparıcı dövləti Azərbaycandır. Azərbaycanla hesablaşmadan bu siyasətin həyata keçirilməsi real deyil. Son dövrlərdə Azərbaycan Prezidenti ilə ABŞ rəsmiləri arasında baş tutan görüşlər də bunu açıq şəkildə göstərir.

Ekspertin sözlərinə görə, ABŞ-nin Ermənistanla bağlı da maraqları mövcuddur. Bildiyiniz kimi, 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək. Əgər bu seçkilər nəticəsində Rusiyaya meyilli qüvvələr hakimiyyətə gəlsə, Zəngəzur dəhlizinin reallaşması uzun illər problemə çevrilə bilər. Məhz bu səbəbdən ABŞ Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığı genişləndirir və sülh sazişinin mətninin ABŞ-də razılaşdırılması bunun bariz nümunəsidir.
Əgər 2026-cı il seçkilərində Paşinyan hakimiyyətdə qalarsa, sülh sazişinin imzalanması prosesi real görünür. Lakin radikal qüvvələrin hakimiyyətə gəlməsi həm Ermənistan daxilində, həm də bütövlükdə Cənubi Qafqazda vəziyyəti ciddi şəkildə dəyişə bilər. Bu kontekstdə ABŞ-nin regiona aktiv şəkildə daxil olması, Ermənistan və Azərbaycan rəhbərləri ilə görüşlər keçirməsi maraqların uzlaşdırılmasına xidmət edir. Ermənistan və Azərbaycan arasında sülhün əldə olunması, eyni zamanda Zəngəzur dəhlizinin işlək vəziyyətə gətirilməsi üçün bu maraqların açıq şəkildə uzlaşdırılması vacibdir. 

"Gürcüstan da istəyir ki, Ermənistanla Qərb, xüsusilə ABŞ arasında münasibətlər balanslı şəkildə qurulsun. Çünki Qərbin Gürcüstan üzərində maraqları fərqlidir. Gürcüstanın baş naziri və prezidenti dəfələrlə açıq şəkildə bəyan ediblər ki, Qərb Gürcüstana Rusiya ilə ikinci cəbhəni açmaq üçün təzyiq göstərir. Halbuki Rusiya ilə hərbi və ya açıq konfrontasiya Gürcüstanın milli maraqlarına uyğun deyil. Buna görə də Gürcüstan Qərbin bu çağırışlarına mənfi yanaşır və nəticədə ABŞ və Qərbi Avropa Gürcüstana qarşı daha fərqli mövqe sərgiləyir. Lakin dəyişməyən reallıq ondan ibarətdir ki, Cənubi Qafqazın aparıcı dövləti Azərbaycandır. ABŞ bu regionda siyasətini Azərbaycanla hesablaşaraq həyata keçirir. Xüsusilə Zəngəzur dəhlizinin işlək vəziyyətə gətirilməsi birbaşa Azərbaycanın mövqeyindən asılıdır. Azərbaycanın şərtləri qəbul edilmədən bu dəhlizin fəaliyyətə başlaması mümkün deyil", - deyə siyasi şərhçi vurğulayıb.

Ekspert bildirib ki, Azərbaycanın əsas tələbi ondan ibarətdir ki, Azərbaycan vətəndaşları Zəngəzur dəhlizindən maneəsiz və toxunulmaz şəkildə keçməlidir, onların təhlükəsizliyinə tam zəmanət verilməlidir. Bu baxımdan, Zəngəzur dəhlizinin reallaşması Azərbaycanın siyasi iradəsindən asılıdır. Dəhliz ərazi baxımından Ermənistan üzərindən keçsə də, onun siyasi və iqtisadi baxımdan işlək olması məhz Azərbaycanla bağlıdır. Əgər Ermənistan bu təhlükəsizlik zəmanətlərini verməsə və Azərbaycanın şərtlərini qəbul etməsə, Azərbaycanın alternativ marşrutları mövcuddur. Araz dəhlizi, eləcə də Gürcüstan üzərindən tranzit imkanları var. Bu da göstərir ki, proseslərə birbaşa təsir edən tərəf Azərbaycandır və Azərbaycanın şərtləri nəzərə alınmalıdır. Məhz bu səbəbdən ABŞ rəsmilərinin Azərbaycan və Ermənistan rəhbərləri ilə görüşləri maraqların uzlaşdırılması məqsədi daşıyır. Eyni zamanda ABŞ 2026-cı ildə Ermənistanda keçiriləcək seçkilərdə Paşinyanın hakimiyyətdə qalmasını arzulayır. Çünki Paşinyanın hakimiyyətdə qalacağı təqdirdə Zəngəzur dəhlizinin ABŞ-nin himayəsi altında reallaşacağı ehtimal edilir.

"Cənubi Qafqaz geosiyasi maraqların toqquşduğu əsas məkanlardan biridir. Qlobal müstəvidə ABŞ və Rusiya arasında həm siyasi, həm də iqtisadi maraqlar toqquşur. Bu qarşıdurmanın birinci episentri Ukraynadırsa, ikinci episentri məhz Cənubi Qafqazdır. Hazırda Cənubi Qafqazda ABŞ və Rusiya maraqlarının müəyyən dərəcədə uzlaşdırılması prosesi gedir. Ukrayna məsələsində tərəflər bir-birinə qarşı daha sərt mövqe sərgiləsələr də, Cənubi Qafqaz məsələsində qarşılıqlı loyal yanaşma ehtimalı istisna edilmir", - deyə A. Məsiyev sonda vurğulayıb.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31