Sanksiyalar, yorğunluq və kompromis: Kreml geri çəkilir- ÖZƏL

Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətində Tramp administrasiyasının irəli sürdüyü 20 maddəlik sülh planı artıq həlledici mərhələyə daxil olub. Danışıqların indiki mərhələsi onu göstərir ki, tərəflər prinsipial mövqelərdən geri çəkilərək reallıqların diktəsi ilə hərəkət etməyə məcbur qalıblar. Söhbət artıq "kim haqlıdır" debatından deyil, "kim daha az itirəcək" hesablamasından gedir.
Vaşinqton-Moskva-Kiyev xəttində aparılan danışıqlar faktiki olaraq müharibənin siyasi sonluğunu formalaşdırır. Tərəflər 20 maddəlik çərçivə sənədinin bütün əsas müddəaları üzərində razılığa gəlib, hazırda yalnız icra mexanizmləri və texniki detallar müzakirə olunur. Bu isə müharibənin strateji baxımdan bitdiyini, hərbi fazanın isə siyasi qərarlarla əvəz olunduğunu göstərir.
Maksimalist mövqelər çökdü
Danışıqların əvvəlki mərhələlərindən fərqli olaraq, tərəflərin ritorikasında fundamental dəyişiklik var. Moskva artıq müharibənin başlanma səbəblərinin "tam aradan qaldırılması" şərtində israr etmir. Yəni Ukraynanın NATO və Aİ-yə inteqrasiyasının qəti şəkildə bloklanması Kremlin danışıqlardakı qırmızı xətti olmaqdan çıxıb.
Eyni zamanda Kiyev də illərlə təkrar etdiyi əsas şərtdən - işğal altında olan bütün ərazilərin hərbi yolla azad edilməsindən faktiki olaraq geri çəkilib. Ukrayna rəhbərliyi artıq anlayır ki, Qərbin maliyyə və hərbi dəstəyinə, Rusiyaya qarşı misilsiz sanksiyalara baxmayaraq, cəbhədə həlledici dönüş əldə olunmayıb və bu, real perspektivdə mümkün deyil.
Bu mənzərə danışıqların əsas fəlsəfəsini açıq göstərir: tərəflər ideal nəticə deyil, mümkün nəticə ilə razılaşmağa məcburdur.
Moskva üçün sanksiyalar müharibədən daha təhlükəlidir
Kreml çox yaxşı anlayır ki, sanksiyalar altında müharibəni uzatmaq Rusiyanı daha dərin sosial-iqtisadi və struktur böhranlara sürükləyir. Vaşinqtonun sanksiyaların yumşaldılması ilə bağlı verdiyi mesajlar isə daha çox taktiki xarakter daşıyır. Çünki Avropa İttifaqının mövqeyi dəyişməz qalır. Sanksiyalar qüvvədədir və Ukraynaya hərbi-maliyyə dəstəyi davam edir.
Bu isə Moskva üçün aydın siqnaldır ki, müharibənin uzadılması Rusiyanın strateji dözümlülük limitini aşır. Məhz bu səbəbdən rusiyalı danışıqçılar pərdəarxası formatda maksimalist tələbləri yumşaldır, əvvəlcə sərt mövqe nümayiş etdirib, sonra qapalı danışıqlarda güzəştlərə gedirlər. Bu davranış Kremlin zəifliyinin deyil, vəziyyətin realizminin göstəricisidir.
Kiyev üçün acı həqiqət: hərbi qələbə yoxdur
Kiyev də artıq anlayır ki, Qərbin dəstəyinə baxmayaraq, müharibəni hərbi yolla öz xeyrinə bitirmək qeyri-mümkündür. Cəbhədə əldə olunan lokal uğurlar strateji nəticə vermir. Buna görə də Ukrayna rəhbərliyi təhlükəsizlik zəmanətləri qarşılığında ərazi məsələsində de-fakto güzəştlərə gedib.
Prezident Vladimir Zelenskinin açıqlamaları bunu təsdiqləyir. O bildirib ki, ABŞ-ın təhlükəsizlik zəmanətlərinə dair sənəd "100 faiz hazırdır" və Kiyev yalnız imzalanma vaxtını və yerini gözləyir. Lakin eyni zamanda Financial Times-a danışan yüksək vəzifəli ukraynalı rəsmi Vaşinqtonun bu zəmanətlərə real sadiqliyi ilə bağlı şübhələrin artdığını etiraf edir: "ABŞ hər dəfə zəmanət imzalamaq məsələsində dayanır".
Bu, Kiyevin manevr imkanlarının nə qədər məhdud olduğunu göstərir.
Tramp modeli: iki sənəd, bir nəticə
Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın açıqlaması danışıqların hüquqi arxitekturasını açıq şəkildə ortaya qoyur. ABŞ Ukrayna ilə 20 maddəlik ikitərəfli sənəd imzalayacaq, Rusiya ilə isə ayrıca razılaşma bağlayacaq. Bu model Vaşinqtonun müharibədə "hakim-mediator" rolunu hüquqi müstəviyə daşıdığını göstərir.
Sibiqa açıq etiraf edir ki, Avropa İttifaqının razılığı olmadan Ukraynanın Avropaya inteqrasiyası ilə bağlı heç bir müddəa irəli sürülə bilməz və 2027-ci il hədəfi belə, qeyri-müəyyən olaraq qalır. Bu isə Kiyevin strateji gözləntilərinin ciddi şəkildə aşağı salındığını göstərir.
Ən mühüm məqam isə odur ki, ilk dəfə olaraq söhbət siyasi bəyanatlardan deyil, ABŞ Konqresi tərəfindən təsdiqlənməli olan hüquqi zəmanətlərdən gedir. Bu da Tramp administrasiyasının məsələni sürətlə bağlamaq niyyətini ortaya qoyur.
Abu-Dabi mərhələsi: razılaşma var, sülh hələ yox
1 fevralda Abu-Dabidə keçirilən və yenidən keçirilməsi planlaşdırılan Vaşinqton-Moskva-Kiyev görüşləri ümumi razılaşmanın əldə olunduğunu göstərir. Lakin bu, müharibənin dərhal bitəcəyi anlamına gəlmir. Sənəd imzalansa belə, münaqişənin "dondurulmuş", tam həll olunmamış forma alması ehtimalı yüksəkdir.
NATO Baş katibi Mark Ruttenin danışıqları "çox incə" adlandırması təsadüfi deyil. Çünki yekunda siyasi məsuliyyət Kiyevin üzərinə düşür və bu qərar Ukrayna cəmiyyəti üçün ağır olacaq.
Bu sülh qələbə deyil,  reallığın diqtəsidir
Formalaşan mənzərə onu göstərir ki, Trampın sülh planı nə Rusiyanın, nə də Ukraynanın tam qələbəsidir. Bu, hər iki tərəfin resurslarının tükəndiyi nöqtədə qəbul etdiyi məcburi kompromisdir. ABŞ isə bu prosesdən qlobal güc balansında əsas oyunçu kimi çıxır.
Müharibə siyasi baxımdan bitir, amma münaqişə qalır. Və bu, XXI əsrin ən klassik reallıq dərsidir. Böyük müharibələr nadir hallarda ədalətlə, çox vaxt isə yorğunluqla başa çatır.
 Mürtəza Bünyadlı
Siyasi şərhçi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31