Azərbaycan-İran münasibətləri: Bakının balanslı siyasəti və Tehranın "həssas" qorxuları – ÖZƏL
17:14 Siyasət"İranla bağlı məsələlərdə Azərbaycan hər zaman daha balanslı və ölçülüb-biçilmiş siyasət yürüdür. Çünki İran cənub qonşumuz olsa da, tarixən ölkəmiz üçün müəyyən problemlər yaradan bir dövlət olub".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, baxmayaraq ki, orada milyonlarla azərbaycanlı yaşayır və İran şiə dövləti kimi tanınır, biz yaxşı bilirik ki, İran uzun illər ərzində düşmən Ermənistanı dəstəkləyib. Lakin bugünkü gündə İranın mövqeyi elə bir vəziyyətdədir ki, o artıq hər tərəfdən özünə qarşı düşmənçilik hiss edir. Yaxın Şərq dövlətləri arasında Türkiyə ilə İran ən böyük regional güclər sayılır. İranın keçmişdə yaratdığı proksi qüvvələr və terror qrupları bu gün faktiki olaraq özünə qarşı istifadə olunmağa başlayıb. İranla İsrail arasında Yaxın Şərqdə baş verən münaqişə, o cümlədən 12 günlük müharibə göstərdi ki, İran hələ də müəyyən potensiala malik güclü dövlət olaraq qalır. Ancaq buna baxmayaraq, nə iqtisadi, nə siyasi, nə də hərbi baxımdan əvvəlki gücündə deyil.
"Əslində İran artıq özünü tükətməyə başlayıb. Çünki 47 ildir sanksiyalar altında olan İran iqtisadi baxımdan çökmə mərhələsinə daxil olub. Son dövrlərdə ABŞ-nin tətbiq etdiyi yeni sanksiyalar, xüsusilə İranın neft və qaz satışına qoyulan məhdudiyyətlər bu ölkəni getdikcə daha ağır vəziyyətə salır. Son hadisələrdə də bunun bariz nümunəsini gördük: İran daxili gərginliklər fonunda öz vətəndaşlarına qarşı zorakılıq tətbiq etdi və minlərlə insan həyatını itirdi. Bununla belə, İran hələ də müəyyən mənada güclü dövlət modeli olaraq qalır, çünki ideoloji ordusu və rejim strukturu hələ kifayət qədər möhkəmdir", - deyə ekspert əlavə edib.
Siyasi şərhçinin sözlərinə görə, Amerikanın bu gün İranla birbaşa müharibəyə başlaması çətin məsələdir. ABŞ-nin İrana qarşı müharibə elan etməsi və ya açıq hərbi hücum həyata keçirməsi hazırda real görünmür. Daha çox psixoloji təzyiq və qorxu yaratmaqla məşğuldur. Ancaq konkret olaraq müharibə edəcəyini düşünmürəm. Cəlalzadənin verdiyi açıqlama isə bir növ Azərbaycanın və region ölkələrinin yaxın qonşularına ismarıc kimi qəbul edilə bilər ki, əgər müharibə başlarsa və hansısa ölkə buna şərait yaratsa, bu müharibənin sərhədlərdən kənara yayılması mümkündür. Bu da məntiqli yanaşmadır. Çünki müharibə olacağı təqdirdə ABŞ birbaşa okeandan gəlib İrana zərbə endirə bilməz. Bunun üçün Yaxın Şərq dövlətləri və ya Cənubi Qafqaz, yaxud Türk dünyası üzərindən müəyyən imkanlar axtara bilər. Lakin indiki şəraitdə bu nə Azərbaycan, nə Türkiyə üzərindən mümkün deyil. Çünki hər iki ölkə də öz siyasətlərində dəfələrlə bəyan edib ki, üçüncü dövlətlərə qarşı müharibə üçün öz ərazilərindən istifadə olunmasına imkan verməyəcəklər. Bu isə İranın əsas qorxularından biridir və buna görə də İran indidən müxtəlif dövlətlərlə bu məsələləri həll etmək üçün danışıqlara getmək istəyir.
Ekspert qeyd edib ki, Azərbaycan İran üçün həm ən yaxın, həm də ən həssas qorxu nöqtəsidir. Halbuki heç bir zaman Azərbaycandan İrana təhdid gələ bilməz. Çünki Azərbaycan həm İranla sərhədlərini, həm də ümumilikdə öz sərhədlərini çox ciddi qoruyan və ölkədaxili proseslərə güclü nəzarət edən dövlətdir. Təbii ki, İranın vəziyyəti getdikcə ağırlaşır. Amma bu gün ABŞ-dən və ya Yaxın Şərqdən gələn təhdidlər Azərbaycan, Türkiyə və ya Ermənistan üzərindən reallaşa biləcək səviyyədədir. Bunu ABŞ də çox yaxşı anlayır, İran da bilir. Sadəcə olaraq, İranın bu məsələdə hər zamankı kimi Azərbaycana qarşı müəyyən mənfi yanaşma nümayiş etdirməsi və Xarici İşlər Nazirinin adından səslənən fikirlər, daha çox onun emosional və subyektiv mövqeyinin ifadəsi kimi qəbul edilə bilər.
Lamiyə Cəbrayılova