Qərb Rusiya büdcəsini boşaldır, Kreml Ağ Evə möhtacdır: NATO isə “savaşa tam hazırıq” mesajı verdi
20:42 SiyasətKreml olduqca təhlükəli ssenarilərlə üz-üzə qalıb, belə ki, əgər, Ukrayna müharibəsini davam etdirməkdə israrlı olarsa, Rusiyanın tam iqtisadi çöküşü qaçılmaz xaraker daşıyacaq... Ancaq əlverişsiz şərtlərlə sülh sazişinin imzalanması Kreml üçün geopolitik nüfuz itkisinə, eləcə də, ABŞ-la gizli razılaşma isə Rusiyanın "idarə olunan zəifləmə" prosesi ilə üzləşməsinə yol aça bilər...
Ukrayna savaşı ətrafında cərəyan edən son proseslər onu göstərir ki, bu müharibə artıq klassik hərbi qarşıdurma mərhələsindən çıxaraq, qapalı diplomatiya, maliyyə-iqtisadi çökdürmə və "geopoltik alver" mərhələsinə daxil olub. "The New York Times"ın sülh danışıqları ilə bağlı açıqladığı son detallar, Rusiya rəsmilərinin Avropa Birliyi diplomatiyasına açıq etinasızlığını təqdim edir. Avropa Birliyinin Rusiyaya qarşı enerji embarqosu barədə qərarı isə bu prosesin daha fərqli inkişaf istiqamətidir. Ancaq mövcud situasiyadan belə anlaşılır ki, Rusiya Ukrayna müharibəsinin maliyyə-iqtisadi yükünü daha daşıya bilmir. Və Ağ Ev Rusiyanın bu ağır durumundan ABŞ-ın maraqları çərçivəsində maksimum faydalanmağa çalışır.
Onu da qeyd etmək lazımdır ki, Ukrayna üzrə sülh danışıqlarında rəsmi Kiyevin iştirakı hələ də formal xarakter daşıyır. Əsas anlaşmalar isə məhz səhnə arxasında ABŞ və Rusiya arasında əldə olunur, sonrasa həm Ukraynaya, həm də Avropa ölkələrinə qəbul etdirilməsinə cəhd göstərilir. Belə ki, Donbasda neytral ölkələrin hərbçilərindən ibarət sülhməramlı kontingentin yerləşdirilməsi ilə bağlı ideya formal olaraq, ABŞ-Ukrayna müzakirələrinin nəticəsi kimi təqdim edilir.

Ancaq bəzi məlumatlara gösə, mahiyyət etibarilə bu modelin Rusiya ilə razılaşdırılmadan gündəmə gətirilməsi belə, mümkün deyil. Ən önəmli məqamlardan biri isə ondan ibarətdir ki, Kreml artıq açıq şəkildə NATO və Avropa Birliyinin qapılarının Ukraynanın üzünə tamamilə qapadılmasında israrlı mövqe tutur. Yəni, Kremlin "yalnız Tramp-Putin razılaşmaları çərçivəsində" ifadəsi də əslində, ABŞ və Rusiya arasında gizli siyasi-diplomatik kanalın işlək vəziyyətdə olmasının dolayısı etirafıdır.
Bəzi ehtimallara görə, ABŞ və Rusiya arasındakı siyasi-diplomatik kanal üzərindən Ağ Ev Kremlə Ukrayna savaşında tam məğlubiyyət yox, "idarə olunan geriçəkilmə" variantı təklif edib. Qərb siyasi dairələri hesab edirlər ki, Ağ Evin əsas məqsədi qətiyyən Rusiyanı birdəfəlik çökdürmək deyil. Ağ Ev üçün indiki mərhələdə Rusiyanın maliyyə-iqtisadi cəhətdən zəif, hərbi baxımdan, savaş potensialı məhdud, siyasi istiqamət üzrəsə, ABŞ-dan asılı və Çinlə bərabər səviyyəli tərəfdaş ola bilməyəcək regional aktora çevrilməsi daha sərfəlidir.
Maraqlıdır ki, Kreml Rusiyanın ABŞ qarşısındakı zəifliyini Avropa ölkələrinə təzyiqləri artırmaqla kompensasiya etməyə çalışır. Bu baxımdan, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun Avropa diplomatiyasına qarşı sərt mövqedən çıxış etməsi də qətiyyən təsadüfi deyil. Belə ki, Rusiya daha Avropa ölkələrini "qoca qitə" üçün təhlükəsizlik təminatçısı, siyasi qərarverici və Ukraynaya münasibətdə strateji tərəfdaş statusunda hesab etmir. Eyni zamanda, Avropa ölkələrini məqsədyönlü şəkildə sülh prosesindən kənarda saxlayan ABŞ-ın da bu məsələ ilə bağlı mövqeyi mövqeyi Rusiya ilə üst-üstə düşür.
Məsələ ondadır ki, indiki situasiyada Ağ Ev Kremllə daha sakit və təmkinli davranaraq, praqmatik sövdələşmələrə nail olmağa cəhd göstərir. Avropa dövlətlərinin sülh prosesində iştirakı isə ABŞ-ın maraqlarına uyğunlaşdırılmış bu mexanizmi poza bilərdi. Çünki Avropa Birliyinin Kremlə qarşı enerji embarqosu tam dağıdıcı olmasa da, hər halda, Rusiyanın dövlət büdcəsinə sarsıdıcı zərbələr vurmaqla yanaşı, tərəflər arasında münasibətləri də ciddi şəkildə korlayıb.
Avropa Birliyinin 2027-ci ildən etibarən Rusiyadan təbii qaz idxalına tam qadağa qoyulması barədə qərarı Kremlin enerji gəlirlərinə strateji zərbədir. Üstəlik, bu sarsıdıcı zərbənin ilikn nəticələri də artıq özünü biruzə verməyə başlayıb. Belə ki, hazırda Rusiyanın təbii qaz ixracından gəlirləri kəskin şəkildə azalır, dövlət büdcəsində maliyyə kəsiri genişlənir, enerji sektorunun subsidiyalaşdırılması artır və ölkədə sosial xərclərin ixtisar olunması qaçılmaz xarakter daşıyır. Və bütün bunlar Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları maliyyələşdirməsini çətinləşdirir, həm də ölkədaxili sosial-siyasi etiraz dalğası ilə bağlı təhlükə vəd edir.
Ancaq Kreml üçün daha bir təhlükəli məqam odur ki, Rusiya təbii qazı alternativ bazarlarda çox ucuz qiymətə və qeyri-şəffaf mexanizmlərlə satmaq məcburiyyətində qalıb. Bu isə enerji resurslarına bağlı dövlət gəlirlərini azaltmaqla yanaşı, ölkədə korrupsiyanı da artırır, "kölgə iqtisadiyyatı" genişlənməsini sürətləndirir. Yəni, Rusiya enerji supergücü statusunu itirərək, tədricən xammal ölkəsinə çevrilir.

Bütün bunlar onu göstərir ki, Rusiyanın müharibə iqtisadiyyatı artıq çatlar verməyə başlayıb. Ona görə də, Rusiya iqtisadiyyatı hazırda paralel böhran vəziyyəti ilə üz-üzə qalıb. Belə ki, hərbi xərclərin rekord həddə çatması ucbatından yaranmış büdcə böhranı regional inkişaf proqramlarının dondurulması, sosial-iqtisadi narazılığın hələlik sükut içində də olsa, dərinləşməsinə yol açıb. Digər tərəfdən, Rusiyanın mülki sənayesi də çökmə mərhələsinə qədəm qoyub. Hərbi Müdafiə Sənayesi Rusiya iqtisadiyyatının gəlirlərini "yeyir" və ölkənin texnoloji asılılığı sürətlə artır. Və heç bu da son deyil, çünki Ukrayna savaşı davam etdikcə, Rusiya indiki iqtisadi resurslarını deyil, məhz gələcək imkanlarını xərcləyir.
Təbii ki, Kremlin belə ağır vəziyyətə düşəməsinə paralel olaraq, NATO-nun Rusiya və Belarus sərhədi boyunca robotlaşdırılmış müdafiə xətti yaratmaq planı açıq mesajdır. Yəni, NATO dolayısı ilə Kremlə "Biz müharibəyə hazırıq, ancaq Rusiyanın iqtisadiyyatın buna tab gətirməz" xəbərdarlığını edir. Və bu, Rusiyaya qarşı indiki mərhələdə edilə biləcək hərbi-siyasi, eləcə də psixoloji təzyiq modeli sayılır.
Göründüyü kimi, hazırda Kreml olduqca təhlükəli ssenarilərlə üz-üzə qalıb. Belə ki, əgər, Kreml Ukrayna müharibəsini davam etdirməkdə israrlı olarsa, Rusiyanın iqtisadi çöküşü qaçılmaz olacaq. Ancaq əlverişsiz şərtlərlə sülh sazişinin imzalanması Kreml üçün geopolitik nüfuz itkisinə, eləcə də, ABŞ-la gizli razılaşma isə Rusiyanın "idarə olunan zəifləmə" prosesi ilə üzləşməsinə yol aça bilər. Kremlin son mesajlarından belə anlaşılır ki, Rusiya ABŞ-la gizli anlaşmaya daha çox üstünlük verir. Çünki bu, Rusiyanı tam kapitulyasiya deyil, müvəqqəti strateji məğlubiyyət ilə üzləşdirəcəyindən, Kreml üçün daha az itkili variant hesab olunur.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert
![]()