Paşinyanın Qərb kursu və Moskvanın təzyiqi: Kim geri addım atacaq? – ÖZƏL
17:58 Siyasət"Rusiya Dövlət Dumasının Samvel Karapetyan məsələsi ilə bağlı açıq mövqe sərgiləməsi və bunu siyasi səviyyədə gündəmdə saxlaması Ermənistanın daxili siyasi prosesləri baxımından potensial riskli və təhlükəli hal olduğunu göstərir.
Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi ekspert Əfsanə İbrahimova deyib. Ekspert bildirib ki, bu müdaxilə faktiki olaraq iki istiqamətdə təsir göstərir: "Birincisi, bu addım Ermənistanın suveren hüquq-mühafizə və məhkəmə sisteminə dolayı təzyiq kimi qəbul olunur. Karapetyan Ermənistan vətəndaşı deyil, lakin strateji sahə olan enerji sektorunda böyük paya malik biznes fiqurudur. Rusiya parlamentinin onun müdafiəsinə qalxması İrəvana açıq mesajdır. Moskva öz iqtisadi-siyasi orbitində olan fiqurlara qarşı atılan addımları "daxili məsələ" kimi qəbul etmir. Bu isə Ermənistan daxilində istənilən oliqarx, iri biznes və ya enerji sektoruna dair qərarın avtomatik olaraq geosiyasi müstəviyə daşınması deməkdir. Bu cür hallar dövlət institutlarının müstəqil qərarvermə imkanlarını zəiflədir. İkincisi, məsələ Ermənistan cəmiyyətində və siyasi elitasında anti-Rusiya reflekslərini gücləndirir. Paşinyan hakimiyyəti artıq uzun müddətdir Moskvanın təhlükəsizlik zəmanətlərinin real işləmədiyini əsas gətirərək Qərbə doğru manevr edir. Dövlət Dumasının bu cür açıq müdaxiləsi Ermənistan daxilində "Rusiya hələ də bizi daxildən idarə etmək istəyir" fikrini gücləndirir və Qərbyönlü kursun ideoloji əsaslarını möhkəmləndirir. Xüsusilə elektrik şəbəkələrinin milliləşdirilməsi fonunda bu mövqe Rusiyanın iqtisadi təsir alətlərini itirmək qorxusu ilə hərəkət etdiyini göstərir.
Ekspert qeyd edib ki, Moskvanın təzyiqlərinin İrəvanı geri addım atmağa tam məcbur edəcəyi ehtimalı zəifdir, amma qısamüddətli taktiki yumşalmalar mümkündür. Ermənistan iqtisadi, enerji və miqrasiya baxımından hələ də Rusiyadan ciddi asılıdır. Paşinyan hökuməti bu asılılığı birdən-birə qoparmaq gücündə deyil və buna görə də ritorik sərtliklə real siyasət arasında balans saxlayacaq. Yəni kurs Qərbə doğrudur, amma sürət nəzarət altında olacaq.
"Ümumilikdə, Karapetyan məsələsi göstərir ki, Rusiya-Ermənistan münasibətləri artıq "strateji müttəfiqlik" deyil, qarşılıqlı etimadsızlıq və təsir uğrunda mübarizə mərhələsinə keçib. Dövlət Dumasının müdaxiləsi qısamüddətdə Moskvanın təsir aləti kimi işləyə bilər, lakin orta və uzunmüddətli perspektivdə bu cür addımlar Ermənistanın Qərbdən siyasi və institusional təminatlar axtarmasını daha da sürətləndirir. Bu isə paradoksal şəkildə Rusiyanın Cənubi Qafqazdakı mövqelərini daha da zəiflədən amilə çevrilir", - deyə Ə. İbrahimova vurğulayıb.
Lamiyə Cəbrayılova