Zaxarova həyəcan təbili çaldı: Ermənistan təhlükəli yola girir

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Gümrü şəhərinin həbsdə olan meri Samvel Qukasyanla bağlı Ermənistan hakimiyyətinin mövqeyinə sərt münasibət bildirib.

Musavat.com xəbər verir ki, Mariya Zaxarova müttəfiqlə münasibətlərin möhkəmləndirilməsini dəstəkləyən fikirlərə görə cinayət məsuliyyəti tətbiq edilməsini "absurd" adlandırıb.

Zaxarova xatırladıb ki, Rusiya hər zaman Ermənistanın suveren, müstəqil və firavan dövlət olmasının tərəfdarı olub və bunu yalnız sözlə yox, real addımlarla sübut edib. Onun sözlərinə görə, Gümrü merinin Rusiya ilə ittifaqın gücləndirilməsi barədə açıqlamalarına görə təqib edilməsi qəbuledilməzdir.

Rusiya XİN sözçüsü diqqətə çatdırıb ki, Ermənistan hakimiyyəti Qukasyanın açıqlamalarına kəskin reaksiya göstərsə də, Avropa ölkələrindən səslənən və Ermənistanı Avropa İttifaqına "kor-koranə inteqrasiya"ya çağıran bəyanatları faktiki olaraq görməzdən gəlir:

"Biz Avropa İttifaqına doğru düşünmədən getməyə çağıran şəxslərə qarşı heç bir hüquqi proses, heç bir həbs görməmişik. Halbuki Aİ-yə üzvlük suverenliyin bir hissəsindən imtina deməkdir."

Zaxarova vurğulayıb ki, əgər məsələ doğrudan da suverenliyin qorunmasıdırsa, onda Ermənistanı Aİ-yə sürükləyən və ölkəni tam və ya qismən suverenlikdən imtinaya çağıran şəxslərin məsuliyyətə cəlb olunması daha məntiqli olardı.

Qeyd edək ki, Samvel Qukasyan ötən ilin oktyabrında rüşvət alma ittihamı ilə həbs edilib. Daha sonra ona Rusiya ilə ittifaqın yaradılmasını dəstəkləyən fikirlərinə görə "suverenlikdən imtinaya çağırış" maddəsi ilə də ittiham irəli sürülmüşdü, lakin bu maddə sonradan ləğv olunub. Buna baxmayaraq, məhkəmə 17 dekabr tarixində Qukasyanın həbs müddətini daha üç ay uzadıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31