Türkiyəli ekspert: Ermənistanla münasibətlərin normallaşması Bakı ilə İrəvan arasında sülh sazişindən asılıdır

Türkiyə ilə Ermənistan arasında münasibətlərin tam normallaşması yalnız Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması şərti ilə mümkündür. Başqa heç bir ssenari Ankaranı Cənubi Qafqazda istədiyi məqsədlərə doğru aparmayacaq.

AZƏRTAC xəbər verir ki, bu fikri Ankarada yerləşən Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) direktoru və Türkiyənin bir sıra Avropa ölkəsindəki və beynəlxalq təşkilatlardakı sabiq səfiri Alev Kılıç ifadə edib. O bildirib ki, Türkiyə Ermənistanın Qərbə açdığı yeganə "pəncərə"dir və İrəvan bunu başa düşür.

Ekspert əlavə edib: "Ankara İrəvan tərəfinə Türkiyənin prioritetinin Ermənistanla münasibətlərin normallaşması deyil, regionda uzunmüddətli sülh və sabitlik olduğunu aydın şəkildə bildirir".

AVİM direktorunun sözlərinə görə, hazırkı Ermənistan hökuməti və şəxsən Baş nazir Nikol Paşinyan diasporun ənənəvi radikal ritorikasını və tabularını rədd edərək praqmatik mövqe tutur, bununla da Türkiyəni düşmən kimi qəbul etməkdən imtina edir. A. Kılıç erməni diasporunu Ermənistanın hazırkı kursunun qarşısında əsas maneə adlandırıb.

Türkiyənin sabiq səfiri Ankara ilə İrəvan arasındakı dialoqun diasporun bütövlüyünün pozulması ilə əlaqəli olduğu fikrini bildirib. "Bu gün diaspordakı bəzi ermənilərin Türkiyə və Azərbaycanın tərəfdarlarına yönəlmiş radikal ritorikaya qarşı çıxdığını, belə bir kursun ermənilərin özlərinə zərbə olduğunu bəyan etdiyini görürük. ABŞ-da bir sıra ermənilər Amerika Erməni Milli Komitəsini (ANCA) açıq şəkildə tənqid etməyə başlayıblar, İsraili tənqid etməyin yolverilməzliyini, eləcə də Donald Tramp administrasiyasının Azərbaycanla dialoqda atdığı addımları qeyd ediblər", - deyə AVİM rəhbəri bildirib, O, kilsənin mövqeyinin Ermənistanın dövlətçiliyinə zərərli olduğu barədə fikirlərin də səsləndirildiyini qeyd edib.

A. Kılıç daha sonra uzun müddətdir Türkiyənin maraqlarını sarsıtmaq üçün bir vasitə kimi istifadə edilən 1915-ci il hadisələrinə toxunub. Mərkəzin rəhbəri qeyd edib ki, Osmanlı imperiyasının son illərində baş verən hadisələrlə bağlı Ankaranın mövqeyi həm hüquqi, həm də tarixi cəhətdən güclüdür və bu, çoxsaylı arxiv sübutları ilə təsdiqlənir. Onun sözlərinə görə, Avropa məhkəmələrinin hökmləri Ankaranın bu məsələ ilə bağlı tezislərinin doğruluğunun əyani sübutudur.

A. Kılıç, həmçinin Vətən Partiyasının sədri Doğu Perinçekin İsveçrəyə qarşı qaldırdığı iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarını misal gətirib. Qərarda türk siyasətçinin qondarma "erməni soyqırımını" tanımaqdan imtina etdiyinə görə məsuliyyətə cəlb edilməsi istənilib.

AVİM rəhbəri qeyd edib ki, hətta diasporun təzyiqi altında AİHM-ə apellyasiya hazırlayan İsveçrə hakimiyyətinə qarşı güclü təzyiqlər də faydasız olub. "Nəticədə Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası AİHM-in 17 dekabr 2013-cü il tarixli qərarını qüvvədə saxladı. Beləliklə, hüquqi presedent yarandı. Bu məsələ ilə bağlı Avropa məhkəmələri tərəfindən başqa qərarlar qəbul edilib", - deyə Türkiyənin sabiq səfiri "soyqırımı" termininin hüquqi termin olduğunu vurğulayaraq bildirib.

A. Kılıç Ankaranın arxivlərin qarşılıqlı şəkildə açılması ilə bağlı çoxsaylı təşəbbüsünü xatırladıb və diqqətə çatdırıb ki, həmin təkliflər Ermənistan tərəfindən qəbul olunmayıb. "Heç kim müharibə şəraitində Anadoluda qarşıdurma və toqquşmalar faktını inkar etmir, amma "soyqırımı" faktından danışmaq həqiqətə zidd getmək deməkdir", - deyə o bildirib. Ekspert onun da qeyd edib ki, siyasi müstəvi Türkiyənin hələ də "erməni məsələsi"nə qarşı dezinformasiya və təzyiq axınına müqavimət göstərmək məcburiyyətində qaldığı sahədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31