Enerji diplomatiyası siyasi etimadın möhkəmlənməsinə xidmət edir - ÖZƏL
22 Yanvar 16:36 Siyasət"Davosda "Euronews" televiziyasına müsahibəsində Prezident İlham Əliyev vurğulayıb ki, ölkə daxilində potensial risklər mövcud deyil. İctimai-siyasi sabitlik tam təmin olunub, mövcud çağırışlar əsasən xarici mənbələrdən qaynaqlana bilər. Bu səbəbdən yaxın coğrafiyada sabitliyin qorunması milli təhlükəsizliyin əsas şərtlərindən biri kimi dəyərləndirilir. Regionda proqnozlaşdırıla bilən mühit, qarşıdurmaların azalması və əməkdaşlığın genişlənməsi həm iqtisadi inkişaf, həm də sosial rifah üçün həlledici amildir. Müharibə və işğalın ağır nəticələrini yaşamış bir cəmiyyət üçün sülhün dəyəri xüsusilə böyükdür və bu reallıq dövlət siyasətinin mərkəzində dayanır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Asif Əsgərov deyib: "Müsahibənin mühüm istiqamətlərindən biri də enerji siyasəti olub. Cənubi Qafqazda neft və qaz ehtiyatlarını beynəlxalq bazarlara ixrac edən əsas aktor kimi ölkə qlobal enerji təhlükəsizliyində mühüm rol oynayır. Təbii qazın artıq 16 dövlətə, o cümlədən Avropa İttifaqının 10 üzvünə çatdırılması bunu açıq şəkildə təsdiqləyir. Müasir boru kəmərləri sistemi, zəngin resurs bazası və geniş nəqliyyat infrastrukturu etibarlı təchizatçı imicini daha da gücləndirir. Bu əməkdaşlıq Avropa üçün enerji təhlükəsizliyini artırırsa, ixracatçı tərəf üçün də sabit və premium bazarlara çıxış imkanı yaradır. Enerji diplomatiyası, beləliklə iqtisadi dividendlərlə yanaşı, siyasi etimadın möhkəmlənməsinə də xidmət edir.
Dövlətimizin başçısı Avropa Parlamentinin uzunmüddətli və əsassız tənqidlərinə münasibətini də ifadə edib. Qərəzli qərarlara artıq reaksiya vermək məqsədəuyğun hesab edilmir. Bu mövqe bəzi lobbi qruplarının təsiri ilə formalaşan ədalətsiz yanaşmaların konstruktiv əməkdaşlığa xidmət etmədiyini göstərir. Qarşılıqlı hörmət və real maraqlara əsaslanan tərəfdaşlarla işbirliyinə üstünlük verilir. Xüsusilə Avropa Komissiyası ilə əməkdaşlığın davam etdirilməsi məhz praqmatik siyasətin nümunəsidir.
Davosdan səslənən mesajlar bir daha nümayiş etdirdi ki, müasir dövrdə uğurun açarı emosional reaksiyalarda deyil, hesablanmış, milli maraqlara söykənən və uzunmüddətli strateji düşüncədədir. Hüquqa sadiqlik, siyasi realizm, regional sülh təşəbbüsləri və enerji diplomatiyası paralel şəkildə həyata keçirildikdə dövlət həm təhlükəsizliyini möhkəmləndirir, həm də beynəlxalq nüfuzunu artırır".