Enerji əməkdaşlığı Ermənistan üçün təhlükə deyil, fürsətdir - ÖZƏL

"Azərbaycanla Ermənistan arasında baş verən bu proseslərdə əslində daha çox qazanan tərəf Ermənistandır. Paradoksal olaraq, bu prosesləri öz enerji sistemi və ya milli təhlükəsizliyi üçün təhlükə kimi qiymətləndirməli olan tərəf məhz Azərbaycandır. Buna baxmayaraq, Ermənistan müxalifətinin nümayəndəsi Hayk Mamijanyan mövcud proseslərə və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımlara qeyri-adekvat yanaşma sərgiləyir."

Bu fikirləri siyasi şərhçi,Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Olaylar.az-a açıqlamasında bildirib:

"Onun çıxışları belə bir təəssürat yaradır ki, guya Ermənistanın enerji sistemi indiyədək tam müstəqil şəkildə fəaliyyət göstərib və ölkənin milli təhlükəsizliyini təmin edən əsas seqmentlər, o cümlədən enerji sektoru heç vaxt xarici asılılıq daşımayıb. Halbuki reallıq tam fərqlidir. Ermənistan uzun illərdir ki, demək olar bütün strateji istiqamətlərdə, o cümlədən enerji təhlükəsizliyi sahəsində öz təhlükəsizliyini ayrı-ayrı dövlətlər, xüsusilə də Rusiya vasitəsilə təmin edir.

Azərbaycan Ermənistanın enerji sisteminə inteqrasiya olunmur. Azərbaycan sadəcə olaraq Ermənistanın enerji resursları ilə təmin olunması istiqamətində müəyyən addımlar atır ki, bu da münasibətlərin normallaşdırılması və qarşılıqlı etimad mühitinin formalaşdırılması məqsədi daşıyır. Üstəlik, bu cür addımlar yalnız enerji sahəsi ilə məhdudlaşmır.

Bu kontekstdə sual yaranır: niyə Ermənistan müxalifətinin həmin nümayəndəsi vətəndaş cəmiyyəti təmsilçilərinin qarşılıqlı görüşlərinə, yaxud Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlərin bərpası istiqamətində atılan digər addımlara toxunmur, diqqəti yalnız enerji məsələsi üzərində cəmləyir? Bu selektiv yanaşma məsələyə qərəzli və ədalətsiz münasibətin açıq göstəricisidir və həmin şəxsin siyasi mövqeyini aydın şəkildə ortaya qoyur.

Düşünürəm ki, bu mövqe Ermənistanda hakimiyyət uğrunda gedən daxili siyasi mübarizənin tərkib hissəsidir. Əgər Ermənistanın baş naziri Nikol Paşinyan əks istiqamətdə addım atsaydı, yəni Azərbaycanın enerji resurslarını almaq imkanından imtina etsəydi və ya Azərbaycanın Ermənistan üçün tranzit ölkə kimi yaratdığı imkanlara "yox" desəydi, müxalifət bu dəfə də onu Ermənistanın enerji təhlükəsizliyinə və erməni xalqının maraqlarına zidd davranmaqda ittiham edəcəkdi. Yəni, hansı addım atılmasından asılı olmayaraq, onun əksi səsləndiriləcəkdi.

Bu yanaşma açıq şəkildə qərəzli siyasi mövqedir və təəssüf ki, Ermənistan siyasətində bu cür yanaşmalara tez-tez rast gəlinir. Halbuki sülh istiqamətində atılan addımlar, xüsusilə də Azərbaycanın təşəbbüsləri regionun rifahına, regional dövlətlərin inkişafına və mövcud geosiyasi reallıqlara xidmət edir.

Ermənistanın bu proseslərə tam olmasa belə, müəyyən dərəcədə adekvat cavab verməsi Azərbaycan tərəfindən müsbət qiymətləndirilir. Çünki bu proseslər Ermənistanın istəyi ilə deyil, ilkin mərhələdə Azərbaycanın sülhə məcburetmə strategiyası nəticəsində formalaşıb. Daha sonra avqust ayında sənəd imzalanıb və sülh sazişinin mətni paraflanıb.

Bu baxımdan, artıq bu proseslər Ermənistan üçün bir dövlət öhdəliyinə çevrilib. Ermənistan üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımi şəkildə əməl etməlidir."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31