Ramiyə Məmmədova: Azərbaycan Avropa üçün “yeni nəfəs”dir – ÖZƏL

"Davosdakı görüşlər və Prezidentin panel çıxışları çox böyük maraqla izlənildi. Orada keçirilən ikitərəfli görüşlər də eyni dərəcədə diqqət çəkdi. Təbii ki, verilən mesajlarda Prezidentin həm Avropa Birliyi ölkələrinə, həm də bütövlükdə dünyaya  Azərbaycanın baxış bucağı, hazırda və gələcəkdə yürüdəcəyi siyasət aydın şəkildə ifadə olundu".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, burada Prezidentin demək istədiyi əsas məqamlardan biri, təbii ki, Qərbin və Avropa Birliyinin Azərbaycana qarşı hər zaman ikili standartlarla yanaşması və öz siyasətində Azərbaycanı çox zaman Ermənistandan sonra ikinci plana keçirməsi ilə bağlıdır. BMT-nin qəbul etdiyi qətnamələrə baxmayaraq,  Avropa Parlamentində və digər qurumlarda  Azərbaycan nümayəndələrinə qarşı olan münasibət də bunu açıq şəkildə göstərirdi. Yəni  Qərbin  ikili standartları 30 illik münaqişə dövründə və bu gün də açıq şəkildə görünməkdədir.

Ekspert qeyd edib ki, bu gün xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra yaranan enerji qıtlığı fonunda Azərbaycan Avropa Birliyi və Qərb dövlətləri üçün böyük bir "yeni nəfəs" rolunu oynadı. Bu "yeni nəfəs"in məhz Azərbaycan tərəfindən təmin edilməsi ölkəmiz üçün böyük bir prioritetə çevrildi. Çünki Qərbin bu gün üzləşdiyi enerji böhranı, Rusiya ilə münasibətlərdə yaranmış gərginlik və qlobal siyasətdə gedən dəyişikliklər fonunda Azərbaycan bir növ strateji alternativ rolunu üzərinə götürdü. Və təbii ki, burada cənab Prezidentin səsləndirdiyi fikirlər çox aydın şəkildə izah edir ki, Avropa Parlamenti və Avropa Birliyi hər zaman Azərbaycan üçün ədalətli mövqe sərgiləməyib, əksinə, çox vaxt haqsız tərəfin mövqeyini dəstəkləyib. Məhz buna görə də bu gün Azərbaycanın artıq öz yolunu özü müəyyənləşdirməsi, 30 illik müharibədən qalib çıxması, Ermənistan üzərində qələbə qazanması, Avropa Parlamenti və Qərbdə Azərbaycan haqqında səsləndirilən əsassız iddialar ölkəmizlə Avropa Birliyi arasında müəyyən gərginliklərin yaranmasına səbəb oldu. Azərbaycan nümayəndə heyətinin Avropa Parlamentində etiraz əlaməti olaraq zalı tərk etməsi də ölkəmizin bu münasibətə açıq və qəti etirazının göstəricisi idi. Bu gün Azərbaycan Avropa Birliyi üçün həm enerji baxımından, həm də strateji baxımdan mühüm tərəfdaşa çevrilib. Çünki Cənubi Qafqazda ən aparıcı dövlət olan Azərbaycan yeni layihələrin təşəbbüskarı və icraçısı kimi çıxış edir. Bundan əlavə, müharibədən sonra açılan yeni logistik yolların bərpası və istifadəyə verilməsi ilə bağlı böyük işlər görülür ki, bu da Avropa Birliyi üçün yeni imkanlar deməkdir. Avropa Birliyi ölkələri bu layihələrdə iştirak etməklə regionda öz varlığını möhkəmləndirmək istəyir və bunu hazırda əsasən Azərbaycan üzərindən həyata keçirə bilir. Çünki Gürcüstan son dövrlər Avropa Birliyi və Qərbdən müəyyən qədər uzaqlaşmağa başlayıb, Ermənistan isə həm Rusiya, həm də Qərb arasında tərəddüdlü vəziyyətdədir.
Azərbaycan isə bu gün öz müstəqil siyasətini ardıcıl şəkildə həyata keçirə bilən yeganə regional dövlətdir. O, regiondakı bütün qonşularla normal münasibətlər saxlayaraq həm Avropa Birliyi, həm də Qərb ilə öz maraqlarını qorumaq şərti ilə əməkdaşlıq edə bilir.

"Bu gün "üçtərəfli layihələr" gündəmdədir və Qərbin bu layihələrdə iştirakı böyük əhəmiyyət kəsb edir. Azərbaycanla yanaşı Ermənistanın da bu layihələrdə iştirakı, səviyyəsi və formatı müzakirə olunur. Digər tərəfdən, regionun ən güclü dövləti olan Azərbaycanla Avropa Birliyi və Qərb bu bölgədə münasibətləri normallaşdırmağa və bütün məsələlərdə razılaşma əldə etməyə çalışır ki, bu da Azərbaycanın həm regional, həm də qlobal nüfuzunu artırır. Davosdakı görüşlərin nəticələri də bunu açıq şəkildə göstərdi. ABŞ Prezidenti Donald Tramp tərəfindən Azərbaycanın sülh təşəbbüsünə dəvət olunması, BMT-yə alternativ bir qurumun yaradılması ideyasında Azərbaycanın qurucu dövlətlərdən biri kimi nəzərdə tutulması ölkəmizin Qərbin gözündə və dünya siyasətində tutduğu yüksək mövqeyin bariz nümunəsidir. Ona görə də Azərbaycan bu istiqamətdə çalışaraq öz mövqeyini daha da gücləndirir, beynəlxalq layihələrdə, xüsusilə enerji və logistika sahəsində liderlik edir. Bu da Azərbaycanın Qərb dünyasında və ümumilikdə dünya siyasətində daha yüksək mövqeyə yüksəlməsinə gətirib çıxaracaq", - deyə ekspert əlavə edib.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31