Vardan Oskanyanın Zəngəzur ritorikası: daxili siyasət, yoxsa reallıqdan uzaq mövqe? - ÖZƏL

"Vardan Oskanyan vaxtilə Ermənistan Xarici İşlər Nazirliyində yüksək vəzifələrdə çalışıb, Dağlıq Qarabağ klanının hakimiyyətdə olduğu dövrdə, hətta ondan əvvəlki mərhələlərdə də proseslərin içində olan fiqurlardan biri olub.Yəni, öz dövrü üçün hadisələrə bələd bir şəxsdir. Lakin son dövrlər imzalanmış sənədlərin və razılaşmaların məzmunu ilə bağlı səsləndirdiyi fikirlər mövcud reallıqlarla üst-üstə düşmür."

Bu fikirləri Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Samir Hümbətov Olaylar.az-a açıqlamasında bildirib:

"Birincisi, Zəngəzur məsələsi artıq həll olunmuş mövzudur. 2025-ci il avqustun  8-də bu istiqamətdə üçtərəfli anlaşma imzalanıb və həmin sənədlə tərəflərin rolu və öhdəlikləri aydın şəkildə müəyyən edilib. Bu çərçivədə artıq kimin hansı məsuliyyəti daşıdığı bəllidir. ABŞ  Prezidenti Donald Trampın vasitəçiliyi ilə formalaşan bu mexanizm çərçivəsində Zəngəzur dəhlizi beynəlxalq hüquqa uyğun şəkildə reallaşdırılır.

Bu razılaşmalar nəticəsində Azərbaycan Naxçıvanla maneəsiz əlaqə imkanlarını əldə edib. Bu faktı Ermənistan hökuməti də bilir, Azərbaycan tərəfi də bilir, beynəlxalq ictimaiyyət də bu reallıqdan xəbərdardır. Buna baxmayaraq, Oskanyanın səsləndirdiyi fikirlər daha çox daxili auditoriyaya hesablanmış siyasi ritorika təsiri bağışlayır.

Aydın görünür ki, o, bu açıqlamalarla erməni cəmiyyətində narazılıq yaratmağa, ictimai rəyi Nikol Paşinyan administrasiyasına qarşı yönəltməyə çalışır. Şübhəsiz ki, məlumatlı şəxsdir və keçmiş prosesləri bilir, lakin indiki geosiyasi və diplomatik reallıqları tam şəkildə nəzərə almır və ya nəzərə almaq istəmir.

Bu səbəbdən Oskanyanın çıxışlarını Ermənistanın daxili siyasi gündəminə hesablanmış, siyasi balansı dəyişməyə və Paşinyan hakimiyyətinə qarşı cəbhə formalaşdırmağa yönəlmiş addım kimi qiymətləndirmək daha doğru olar. Lakin bu yanaşma bugünkü reallığı tam əks etdirmir. Çünki artıq tərəflər mövqelərini və yol xəritələrini müəyyənləşdiriblər və bu mərhələdə radikal dəyişikliklərin olacağını düşünmək real görünmür."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31