Bakının diplomatik zəfəri: Azərbaycan ABŞ-nin yeni sülh missiyasında – ÖZƏL
15:40 SiyasətDavosda Dünya İqtisadi Forumu çərçivəsində ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Sühl Şurasının Nizamnaməsinin imzalanması mərasimi keçirilib. Və artıq məlumdur ki, ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayaraq, ölkəmizi Qəzza münaqişəsinin həlli üçün yaradılan "Sülh Şurası"na (Board of Peace) təsisçi üzv kimi dəvət edib.
Maraqlıdır, Azərbaycanın şuraya təsisçi üzv kimi qoşulması ölkə üçün nələri vəd edir?
"Azərbaycan hər zaman dünyada sülhyaratma missiyalarında iştirak edib - istər İraqda, istər Əfqanıstanda, istərsə də digər bölgələrdə. Yəni ölkəmiz hər zaman sülhyaratma missiyalarına öz töhfəsini verməyə çalışıb. Və Yaxın Şərq məsələsi də bu baxımdan istisna deyil".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, bundan əvvəl də Azərbaycan münaqişə bölgələrində humanitar məsələlərə hər zaman öz dəstəyini göstərib və bu gün də göstərməkdə davam edir. Yaxın Şərqdə başlayan bu proses ABŞ-nin vasitəçiliyi ilə sülhyaratma missiyasının həyata keçirilməsi və ABŞ Prezidentinin Azərbaycanı da bu prosesdə tərəfdaş ölkə kimi görmək istəməsi ilə bağlıdır. Yəni bu, əslində, ölkəmizə verilən dəyərin bir göstəricisidir. ABŞ-nin Azərbaycanın sülhyaratma missiyasına və müttəfiqlik münasibətlərinə əhəmiyyət verdiyi üçün onu məhz bu təşkilatda və prosesdə görmək istəməsi təsadüfi deyil. Bu, təbii ki, ABŞ-Azərbaycan münasibətlərinə müsbət təsir göstərəcək bir amildir.
Ekspert bildirib ki, əvvəllər bu münasibətlərdə kifayət qədər gərginliklər olub. Xüsusilə Co Bayden administrasiyası dövründə həm Prezident Co Baydenin, həm də dövlət katibi Entoni Blinkenin yanlış və birtərəfli xarici siyasəti nəticəsində Cənubi Qafqazda əsasən Ermənistan yönümlü yanaşma sərgilənirdi. Məhz buna görə də Azərbaycanla ABŞ arasındakı münasibətlərdə gərginlik hökm sürürdü. Ancaq Trampın hakimiyyətə gəlməsindən sonra (burada dövlət katibi Mark Rubionun da xüsusi rolu var) münasibətlərdə normallaşmanın şahidi oluruq. Bu, istər ABŞ-Azərbaycan münasibətlərində müsbət dinamikanı daha da artıracaq, istərsə də Azərbaycanın xarici siyasətinin müsbət istiqamətdə inkişafı baxımından əhəmiyyətli bir addım olacaq.
Lamiyə Cəbrayılova