Enerji və diplomatiya: Azərbaycanın Avropa prioriteti - ÖZƏL
15:24 Siyasət"Cənab Prezident İlham Əliyev Davosda Euronews telekanalına müsahibəsi zamanı çox mühüm məsələlərə toxundu və jurnalistin Cənubi Qafqazdakı vəziyyətlə bağlı sualı da diqqət çəkirdi. Eyni zamanda Azərbaycanın enerji resursları və onların Qərb bazarına çıxışı haqqında fikirlər önəmli idi. Azərbaycan artıq 16 ölkəyə qaz ixrac edir. Lakin bizim üçün prioritet Avropa bazarıdır, daha premial bazar Avropa məkanı hesab olunur və qaz ixrac etdiyimiz 16 ölkədən 10-u Avropa İttifaqının üzvüdür. Bu da Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyində artan rolunu ifadə edir".
Bu fikirləri politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlamasında söyləyib:
"Bizim Avropa İttifaqının Avropa Komissiyası ilə çox yaxşı münasibətlərimiz var və Davosda Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı xanım Kosla ilə önəmli görüşlər keçirildi, mühüm danışıqlar aparıldı. Bunun fonunda qeyd etmək lazımdır ki, Avropa İttifaqının qanunverici institutu ilə münasibətlər heç də ürəkaçan deyil, Avropa Parlamenti isə ölkəmizə qarşı qərəzli münasibət sərgiləyir. Bu xüsusda qeyd etmək lazımdır ki, Avropa Parlamenti tərəfindən ikili standartlar çərçivəsində münasibətlər nəzərdən keçirilir. Bu, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərə zərbə vurur və Azərbaycanın strateji tərəfdaşlığı olan ölkələrlə münasibətlərdə gərginlik yaratmağa hesablanıb. Düşünürəm ki, Azərbaycan Avropa ilə çox yaxşı və inkişaf edən münasibətlər fonunda Avropa Parlamenti qərəzli münasibətini başa çatdırmalıdır, çünki Azərbaycan enerji resurslarını Avropa bazarına nəql edir. Bugün də enerji təhlükəsi milli təhlükəsizliyin əsas komponenti hesab olunur".
Zeynəb Mustafazadə