TRIPP layihəsində veto hüququnun mənası və Azərbaycanın təsir imkanları- ÖZƏL 

Ermənistan Milli Məclisinin sədr müavini Ruben Rubinyan bildirib ki, TRIPP layihəsində səhmlərin cəmi 26 faizinə sahib olmasına baxmayaraq, Ermənistan tərəfi strateji məsələlərdə veto hüququna malik olacaq. Onun sözlərinə görə, Ermənistanda dövlət payı olmayan minlərlə şirkət fəaliyyət göstərir və bu, hökumətin tənzimləyici rolunu istisna etmir. Rubinyan qeyd edib ki, suveren maraqlara toxunan qərarlar Ermənistanın razılığı olmadan qəbul edilə bilməz. Bu yanaşma isə regional nəqliyyat layihələrində yeni gərginlik risklərini gündəmə gətirir.
Ermənistanın cəmi 26 faizlik payla veto hüququ əldə etməsi regional nəqliyyat layihələrinin təhlükəsizliyinə və davamlılığına hansı real riskləri yarada bilər?


Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib: 
" Bu məsələdə Ermənistanın veto hüququnun olmasında qeyri-adi bir şey yoxdur. Nəzərə almaq lazımdır ki, adı çəkilən ərazi, yəni Tramp dəhlizinin keçdiyi bu ərazi, bizim Zəngəzur dediyimiz ərazi- Ermənistanın beynəlxalq hüquqla tanınan əraziləridir. Əslində, proses belə tənzimlənib: Ermənistan ərazini 99 illiyə ABŞ-a icarəyə verib. ABŞ da Azərbaycanın maneəsiz hərəkətini təmin edəcəkdir. Eyni zamanda, digər məsələlərin həllinə də maneə yaradılmayacaq.
Burada bir şeyi anlamaq lazımdır. Bəli, Ermənistan veto qoya bilər, amma Ermənistanın veto qoymasını əngəlləyəcək  Azərbaycanın təsir vasitələri də var. Bu gün ictimaiyyətdə birmənalı qarşılanmayan, Ermənistanla enerji sahəsində əməkdaşlıq məsələsi, yəni,  Ermənistanın bizdən qaz alması əslində bu tip problemlərin qarşısını almağa yönəlib. Enerji məhsullarının ixracı strateji bir addımdır. Ermənistanda neft və qaz məhsulları demək olar ki, yoxdur və onlar xaricdən asılıdır. Biz bu asılılığı öz üzərimizə götürsək, yəni onlar bizdən asılı olsalar-SSRİ dönəmində belə olmuşdu ki, Ermənistan SSRİ dövründə enerji resursları baxımından Azərbaycan SSR-dən asılı idi , biz bunu indi də təmin edə bilərik. Belə olan halda, Ermənistan veto hüququnu tətbiq edərkən, biz də bu qayda üzrə hərəkət edəcəyik. Bu örnək bir qədər xoş səslənməsə də, bizim Gürcüstanla aramızdakı münasibətlərin bu qədər yaxşı olmasının müəyyən mənada asılılıq münasibəti ilə bağlı olduğunu görə bilərik. Yəni, Gürcüstan Azərbaycandan sərfəli qiymətə neft və qaz alır, əvəzində isə Azərbaycanın beynəlxalq layihələr üçün keçid imkanı təmin edilir. Siyasi məsələlərdə də aramızda konflikt yoxdur. Eyni sistem Ermənistan üçün də tətbiq oluna bilər. Vaxtilə Ermənistanla bu məsələlər düzgün tənzimlənmiş olsaydı, işğal kimi problemlər də yaranmaya bilərdi.
Ona görə də bu tip məsələlərin bir təhdid yaradacağını düşünmürəm. Əmin olmaq lazımdır ki, bunu dövlətimiz başa düşür, ölkə rəhbəri də bu məsələlərin fərqindədir və qabaqlayıcı addımlar atır. Mən düşünürəm ki, indiki məqamda enerji məhsullarının Ermənistana ixracının bu qədər tez başlanması məhz bu tip məsələlərin qarşısını almağa yönəlmiş strateji, qabaqlayıcı addımdır". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31