Putindən sensasion bəyanat: Ukrayna üzrə ABŞ-la gizli razılaşma masadadır
14:55 SiyasətMusavat.com xəbər verir ki, Rusiya-ABŞ münasibətlərində Ukrayna mövzusu üzrə yeni və gözlənilməz diplomatik mərhələnin başlaya biləcəyi ilə bağlı sensasion məlumat yayılıb. Bu barədə Rusiya prezidenti Vladimir Putin son çıxışında açıqlama verib.
Putinin sözlərinə görə, ABŞ nümayəndələri - Uitkoff və Kuşner - Ukrayna məsələsi üzrə dialoqun davamı məqsədilə artıq sabah Moskvaya səfər edəcəklər. Rusiya prezidenti bildirib ki, Moskva Donald Trump tərəfindən irəli sürülən və "Sülh Şurası" adlandırılan təşəbbüslə bağlı rəsmi sorğu alıb.
Putin vurğulayıb ki, bu təşəbbüs dərhal qəbul edilməyəcək. İlk mərhələdə bu məsələ Rusiya Xarici İşlər Nazirliyi tərəfindən detallı şəkildə təhlil olunacaq. Daha sonra Moskva tərəfdaş ölkələrlə məsləhətləşmələr aparacaq və yalnız bundan sonra yekun qərar ictimaiyyətə açıqlanacaq.
Rusiya prezidentinin çıxışında ən çox diqqət çəkən məqam isə maliyyə aspekti olub. Vladimir Putin açıqlayıb ki, Moskva dondurulmuş Rusiya aktivlərindən 1 milyard dolları "Sülh Şurası"na yönəltməyə hazırdır. Bununla paralel olaraq, Rusiya ABŞ-la dondurulmuş Rusiya aktivlərinin "xüsusi hərbi əməliyyat zonası"nın bərpası üçün istifadə olunması imkanlarını da müzakirə edir.
Bu açıqlama ekspertlər tərəfindən Moskva ilə Vaşinqton arasında pərdəarxası siyasi sövdələşmələrin başlanğıcı kimi qiymətləndirilir. Müşahidəçilər hesab edir ki, Tramp administrasiyasının təşəbbüsü və Putinin verdiyi bu mesajlar Ukrayna müharibəsi ətrafında yeni diplomatik balansın formalaşdığını göstərir.
Qeyd edək ki, "Sülh Şurası" təşəbbüsü indiyədək rəsmi detallarla açıqlanmayıb və onun hansı ölkələri, mexanizmləri və maliyyə strukturlarını əhatə edəcəyi hələlik sual altındadır.
Lakin onu deməliyik ki, Tramp Azərbaycana da "Sülh Şurası"nın təsisçisi olmağı təklif edib. Azərbaycan bu təkliflə razılaşıb.