Beynəlxalq hüquq kağız üzərində qaldı, Azərbaycan öz yolunu seçdi - ÖZƏL

Azərbaycan Prezidenti İlham Əliyev Davosda "Euronews"a müsahibəsində regiondakı yeni reallıqlar və qlobal siyasi mənzərə barədə mühüm ismarıclar verib. Prezident beynəlxalq hüququn artıq hamı üçün mütləq olmadığını, "güc qaydası"nın ön plana çıxdığını bildirərək, Azərbaycanın öz suverenliyini məhz beynəlxalq hüquq və milli potensialı sayəsində bərpa etdiyini vurğulayıb. Bölgənin 30 ildən sonra ilk dəfə uzunmüddətli sülh şəraitində yaşadığını deyən dövlət başçısı, artıq Ermənistana neft məhsullarının tədarükünə başlanıldığını və hədəfin "əbədi sülh" olduğunu qeyd edib.
Mövzu ilə bağlı "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:
" Hesab edirəm ki, Azərbaycan Prezidenti  haqlı olaraq bu məsələni qeyd edir. Yəni artıq dünyada "güclüsənsə, haqlısan" yanaşması işlək bir mexanizmə çevrilməkdədir. Çox təəssüf ki, bu, son dərəcə mənfi və təhlükəli bir tendensiyadır. Böyük dövlətlərin yaratdığı və getdikcə oturuşdurmağa çalışdığı bu presedent orta və kiçik dövlətlərə qarşı hərbi təzyiqlər, psixoloji basqılar və informasiya müharibələri fonunda daha aydın şəkildə özünü göstərir.
Azərbaycan Prezidenti də haqlı olaraq bu məsələni növbəti dəfə vurğulayır. Halbuki dünyada qanunun aliliyi olmalı, beynəlxalq hüquq işləməlidir. Reallıq isə ondan ibarətdir ki, beynəlxalq hüquq faktiki olaraq işləmir. Belə bir situasiyada hər kəs, obrazlı desək, "öz başının çarəsinə baxmağa" məcbur qalır. Məsələ ondadır ki, Azərbaycan da təxminən otuz il gözlədi. Qarabağla bağlı BMT qətnamələrinə əməl olunmadı və biz gördük ki, bu sənədlər kağız üzərində qalır. Nəticədə Azərbaycan özü prosesi hərəkətə gətirdi, torpaqlarını azad etdi və beynəlxalq hüququ öz suverenliyi və ərazi bütövlüyü üzərində bərpa etdi. Cənab prezident gələcək üçün də ciddi mesajlar verir. Xatırlayıram ki, vaxtilə Ukrayna ilə bağlı bir ukraynalı jurnalist Rusiya işğalı barədə sual verərkən Prezident İlham Əliyev açıq şəkildə bildirmişdi: "İşğalla barışmayın." Bu, çox açıq və prinsipial bir mesajdır. Yəni güclü olmalısan və yaxın müttəfiqlərinlə birlikdə, vahid mövqedən çıxış edərək gücünü artırmalısan. Ədaləti təkcə sözlə yox, birlikdə formalaşan güc vasitəsilə təmin etməyə çalışmalısan. Bu gün artıq məsələ məhz budur. Azərbaycan da bu istiqamətdə ciddi addımlar atır. Türk Dövlətləri Təşkilatı çərçivəsində, İqtisadi Əməkdaşlıq Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, eləcə də bir sıra digər regional və beynəlxalq qurumlarda, o cümlədən Qoşulmama Hərəkatında fəal çalışmalar aparılır. Çünki dövlətin suverenliyini, ərazi bütövlüyünü, möhkəmliyini və gələcəyini yalnız bu cür yanaşma ilə təmin etmək mümkündür. Azərbaycan da məhz bu xətt üzrə irəliləyir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31