Regional gücdən qlobal aktora: Azərbaycanın sülh modeli dünyaya örnək olur – ÖZƏL

"Beynəlxalq mükafatlar bəzən simvolik jest ola bilir; çağdaş diplomatiyada isə güvən kapitalı, mənəvi legitimlik formalaşdırılması baxımından ciddi alət funksiyası daşıyır".

Bu fikirləri araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı Olaylar.az-a açıqlamasında deyib. Türkoloq bildirib ki, bura, necə deyərlər, qlobal narrativi  - yəni bir ölkənin dünyaya özünü hansı anlam çərçivəsində qəbul etdirməsi amilini də əlavə edə bilərik. Özəlliklə sülh, dialoq və birgəyaşayış kimi həssas mövzular üzrə təqdim edilən mükafatlar beynəlxalq münasibətlərdə "yumşaq güc" mexanizmlərinin təsir dairəsini genişləndirir. Bəlli olduğu kimi, "yumşaq güc" yaxud ingilis demiş, "soft power" dedikdə - zorakılıq, məcburiyyət olmadan, mədəniyyət, dəyərlər, diplomatiya, nüfuz və cəlbedicilik yolu ilə digər aktorların davranışına təsir etmək qabiliyyəti nəzərdə tutulur.

"Beynəlxalq mükafatların dialoq və işbirliyində, əlbəttə, rolu vardır.
Bu tip mükafatlar sülh təşəbbüslərini normallaşdırır - yəni regional razılaşmaları lokal hadisə olmaqdan çıxarıb qlobal dəyər səviyyəsinə yüksəldir; tərəflər arasında güvəni möhkəmləndirir, çünki proses beynəlxalq nüfuzlu platformlar tərəfindən tanınır; mediativ rolu gücləndirir - sülhə imza atan lider və ölkə gələcək regional və beynəlxalq dialoqlarda daha inandırıcı tərəfdaş kimi çıxış edir; birgəyaşayış mədəniyyətini ideoloji çərçivədən çıxarıb praktik siyasətə çevirir", - deyə yazar əlavə edib.

Ə. Qoşalı qeyd edib ki, Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın verilməsi bir neçə önəmli strateji ismarıc daşıyır. Birincisi, bu, Azərbaycan diplomatiyasının yeni statusundan xəbər verir. Bu qərar göstərir ki, Azərbaycan artıq yalnız regional güc deyil, qlobal sülh gündəliyinə töhfə verən məsuliyyətli aktor kimi qəbul olunur. İkincisi, sülhə yaxud sülh gündəliyinə kimin müəlliflik etməsi, belə deyək, növbəti dəfə öz beynəlxalq təsdiqini tapır. Azərbaycan-Ermənistan sülh sazişinin paraflanması təkcə siyasi iradənin və strateji səbrin nəticəsi kimi qiymətləndirilməyi haqq edir. Yəni bu, texniki-diplomatik addım deyil.
Üçüncüsü, Azərbaycanın savaşdan sonrakı dönəmdə model ölkə imici həm təsdiq həm təqdir olunur. Savaşdan sonra hüquqa, suverenliyə və gələcəyə yönəlmiş sülh xəttindən çıxış edən Azərbaycan örnəyi irəli çıxmış olur. Bu isə öz növbəsində, qarşı tərəfdə bəzi dairələrin əvəzçıxma ritorikasına növbəti zərbə sayıla bilər.
Beləliklə, biz gələcək sülh təşəbbüsləri üçün açılan imkanları və belə imkanların alqışlandığını görürük.

Ekspert vurğulayıb ki, bu mükafat  Azərbaycanın regional vasitəçi və təşəbbüskar rolunu gücləndirir, Türk dünyası, Qafqaz və Yaxın Şərq arasında sülh körpüsü funksiyasını dərinləşdirir, ona yeni üfüq vəd edir, Bakı platformasını gələcəkdə çoxtərəfli sülh dialoqları üçün cazibə mərkəzinə çevirir, Azərbaycan diplomatiyasına mənəvi üstünlük və söz çəkisi qazandırır.
"Zayed İnsan Qardaşlığı Mükafatı"nın Prezident İlham Əliyevə verilməsi, Azərbaycanın güc yolu ilə qazandığı Zəfəri sülh yolu ilə taçlandırmaq iradəsinin daha bir təsdiqi kimi xarakterizə oluna bilər. Bu beynəlxalq təsdiq, bir dövlətin hərbi qələbəni siyasi müdrikliklə balanslaşdırmasının, milli maraqları qlobal dəyərlərlə uzlaşdırmasının nadir örnəyidir. Başqa sözlə, bu mükafat bir liderə verilməklə birgə, sülhü qalibiyyətin davamı kimi anlayan dövlət fəlsəfəsinə verilmiş dəyərdir. Zəfərimiz, o Zəfərin hərbi-siyasi güc yolu ilə qazanılması qaçınılmaz idi, eynən sülh gündəliyi, sülh yolu, bir sözlə, sülh də zəruridir.

Dövlətimiz zaval görməsin, 
bayrağımız həmişə uca olsun!

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31