Trampın diplomatik strategiyası: Qrenlandiya müzakirələri Avropa-ABŞ münasibətlərini möhkəmləndirir- ÖZƏL 

Avropa İttifaqı liderləri Qrenlandiya və ABŞ ilə münasibətləri müzakirə etmək üçün Brüsseldə təcili sammit keçirir. Donald Trampın Davos çıxışı ərəfəsində baş tutan bu görüşün rəsmi gündəliyi gizli saxlanılsa da, əsas mövzu bəllidir: Suverenlik.
Avropa Şurasının prezidenti Antonio Kosta sammitin Danimarka və Qrenlandiyanın ərazi bütövlüyünə dəstək məqsədi daşıdığını təsdiqləyib. Diplomatik mənbələr, "vəziyyətin kəskin qeyri-müəyyənliyi" səbəbindən işgüzar nahar formatında başlayan müzakirələrin gecə gec saatlara qədər davam edəcəyini bildirir.
Mövzu ilə bağlı politoloq Fuad Heydər Olaylar.az-a açıqlama verib: 
" Donald Trampın hakimiyyət dövründən başlayaraq istəklərindən biri də Nobel Sülh Qardaşlığı mükafatını almaq idi. Təbii ki, onun bu sahədə müəyyən cəhdləri və iddiaları olub. Hazırda Avropada baş verən proseslər fonunda Qrenlandiya münasibətlərinin  , xüsusilə NATO daxilində ABŞ-Avropa əlaqələrinin müzakirəsi gündəmdədir. Bu müzakirələrin Avropa-ABŞ arasında çatları dərinləşdirməyəcəyi, əksinə, münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəyi ehtimal olunur. Çünki  ABŞ hazırda  Avropaya daha çox yaxınlaşmaq, Avropa liderlərini bir araya gətirmək niyyətindədir. Bunun əsas səbəbi isə ABŞ-ın qlobal miqyasda müharibələrin sona çatdırılması istiqamətində öz maraq və hədəflərini ön plana çıxarmasıdır. Donald Trampın siyasi yanaşmasında belə bir düşüncə var ki, dünyada müharibə qərarlarını verə biləcək əsas güc məhz ABŞ-dır və bu proseslər onun razılığı olmadan baş verə bilməz. Bu yanaşma yalnız Trampın şəxsi düşüncəsi deyil, eyni zamanda ABŞ-ın dərin siyasi dairələrinin formalaşdırdığı strategiyanın tərkib hissəsidir. Yəni  ABŞ özünü qlobal güc mərkəzi kimi təqdim edir və bu mövqeyini qorumağa çalışır. Sammitlər və beynəlxalq görüşlər də məhz ABŞ-ın bu siyasi prioritetlərini reallığa çevirmək üçün bir vasitədir. Diplomatiyada bu, açıq qarşıdurmadan daha çox siyasi və diplomatik mübarizə formasında özünü göstərir. Bu mübarizə isə əsasən yüksək səviyyəli görüşlər və sammitlər vasitəsilə aparılır. Donald Tramp istədiyinə nail olmadıqda geri çəkilən siyasətçi deyil. Onun siyasi fəaliyyətinin əvvəlində atdığı addımlardan biri kimi  Azərbaycanla Ermənistan arasında sülh məsələsinin həllinə verdiyi dəstək göstərilə bilər. Hazırda isə diqqət mərkəzində olan digər regional və qlobal münaqişələrdir və həmçinin İran məsələsinə də Tramp müdaxilə etməyə çalışır ki, nəticə əldə olunsun.
 Nəticə etibarilə demək olar ki, hazırkı mərhələdə Donald Tramp və ümumilikdə ABŞ bu görüşlərdə və diplomatik proseslərdə istədiklərinə nail olmağa çalışacaq. Avropa ilə münasibətlərdə isə ciddi bir qarşıdurmanın yaranması gözlənilmir. Əksinə, Avropa ölkələri ilə əlaqələri qorumaq, onları bir tərəfdaş kimi yanında saxlamaq Donald Tramp üçün daha məqsədəuyğun hesab olunur". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31