Buzlu adada “qaynar” diplomatiya: Brüssel sammiti Trampı dayandıra bilərmi? – ÖZƏL
14:02 SiyasətAvropa İttifaqı liderləri Donald Trampın Qrenlandiyanı ABŞ-yə birləşdirmək tələbi və buna qarşı çıxan 8 Avropa ölkəsinə tətbiq etdiyi tariflər səbəbindən Brüsseldə təcili toplanıb. Avropa Şurasının prezidenti Antonio Kosta sammitin əsas hədəfinin Danimarka və Qrenlandiyanın suverenliyinə tam dəstək vermək və Vaşinqtonun iqtisadi təzyiqlərinə qarşı vahid cəbhə nümayiş etdirmək olduğunu bildirib.
"Bu məsələ bu gün Avropa İttifaqı ilə ABŞ arasında ciddi problemlər yaradır. Əslində, olduqca mürəkkəb bir vəziyyət formalaşıb. Çünki nə Avropa, nə də Avropa İttifaqı Danimarkanın Qrenlandiyadan imtina etməsini istəyir, nə də ABŞ bu niyyətindən geri çəkilmək fikrindədir. Odur ki, hələlik məsələnin konkret həlli yoxdur. Ümumiyyətlə, müəyyən təkliflər mövcuddur, yəni konkret kompromis variantları irəli sürülür".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, Avropa İttifaqı belə düşünür ki, Qrenlandiyanın birgə istifadəsi, ümumilikdə NATO çətiri altında orada mövcudluğun davam etməsi, ABŞ-nin burada öncül rol oynaması və s. kimi yanaşmalarla məsələni tənzimləmək mümkündür. Amma görünən odur ki, Tramp bir sıra çıxışlarında Qrenlandiyanı almaq istədiyini açıq şəkildə ifadə edir və hesab edir ki, oranın təhlükəsizliyini yalnız ABŞ təmin edə bilər. Onun fikrincə, sabah Rusiya və Çin oraya yönəlsə, Avropa İttifaqı və Danimarka Qrenlandiyanı qoruya bilməyəcək. Hər halda aydın olur ki, bu məsələ o qədər də sadə deyil. Düzdür, onun əldə olunması üsulları ilə bağlı da fərqli fikirlər səsləndirilir. ABŞ pul ödəməyə də hazırdır və başqa variantlar kimi gücdən istifadə ehtimalını da istisna etmir.
Ekspert qeyd edib ki, bütün hallarda baş verən hadisələr NATO-nun gələcəyinə də təsir göstərir. Düzdür, xüsusilə NATO baş katibinin son çıxışı daha çox Trampı müdafiə edən bir mövqe kimi qiymətləndirilir. Hətta bəziləri onu "Trampın vəkili" adlandırdı. Anlaşılan odur ki, o da istəyir ki, bu yaranmış ərazi məsələsi münaqişəsi NATO-nun gələcəyinə mənfi təsir göstərməsin və qeyd edir ki, NATO-nun güclənməsi, üzv ölkələrin müdafiə xərclərinin artırılması Trampın xidmətidir. Eyni zamanda Şimal qütbü ilə bağlı məsələlərə NATO-nun xüsusi diqqət yetirməsinin də ABŞ-nin təşəbbüsü olduğunu vurğulayır. Trampın Avropanın digər liderləri ilə münasibətlərində də haqlı olduğunu bəyan edir.
"Hələlik NATO məsələsində ciddi bir parçalanma baş verməyəcək. Amma Avropa ilə Amerika arasında müəyyən etimadsızlıq mühiti yaranır və təbii ki, bu getdikcə dərinləşir. Avropa İttifaqının Brüsseldə keçirilən toplantısının bu məsələyə təsirinə gəldikdə isə, hələlik ciddi bir nəticə olmayacaq. Sadəcə olaraq Avropa İttifaqı Danimarka ilə həmrəyliyini nümayiş etdirir və onu ciddi şəkildə dəstəklədiyini bildirir.
Yəni, ABŞ-yə bir mesaj verilir ki, Danimarka tək qoyulmayacaq. Bir növ, Trampı bu niyyətindən çəkindirməyə çalışırlar. Bu tədbir Trampın Qrenlandiyanı ilhaq etmək fikrindən yayındırılmasına hesablanmış addım kimi dəyərləndirilməlidir. Konkret nəticələr barədə isə hələlik danışmaq çətindir", - deyə ekspert əlavə edib.
Lamiyə Cəbrayılova