Azərbaycan dünyanın enerji xəritəsini yenidən tərtib edir - ÖZƏL
22 Yanvar 14:00 Siyasət"Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib edir. Ölkəmizin enerji sektorunda qazandığı uğurlar etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Malik Həsənov deyib: "Əməkdaşlığın coğrafiyasının genişlənməsi də bunun bariz nümunəsidir. Dövlət başçısı İlham Əliyevin müsahibəsində vurğuladığı kimi, Avropa və Avropa İttifaqı ilə enerji əməkdaşlığımız artmaqdadır. Artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan təbii resurslara, nəqliyyat sisteminə və müasir boru kəmərlərinə malikdir. Bir çox Avropa ölkəsi ilə yaxşı münasibətlərimiz var və bu, onlar üçün öz enerji təhlükəsizliyini gücləndirmək imkanıdır. Azərbaycan üçün isə bu, premium bazarda ehtiyatlarımızı satmaq fürsətidir".
Onun sözlərinə görə, dövlət başçısı İlham Əliyev "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsini otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi qəbul etdi: "Ölkə Prezidenti bu çağırışı etdi ki, bu gün Cənubi Qafqaz yeni inkişaf mərhələsinə daxil olur. Biz beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Biz Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri aradan qaldırdıq. Bundan əlavə, Ermənistanın böyük dərəcədə asılı olduğu əsas malların, ilk növbədə neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Bu vəziyyətdən hamı udur. Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq. Məqsədimiz budur".
Alim Hüseynli