Vaşinqtondan Bakıya strateji dəvət: Azərbaycan Yaxın Şərq sülhündə hansı rolu oynaya bilər? - ÖZƏL
22 Yanvar 13:59 SiyasətABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayaraq, ölkəmizi Yaxın Şərqdə, xüsusilə Qəzza münaqişəsinin həlli məqsədilə yaradılması planlaşdırılan Sülh Şurasına təsisçi üzv kimi qoşulmağa dəvət edib. Tramp məktubunda 2025-ci ilin sentyabrında elan etdiyi və BMT Təhlükəsizlik Şurasının dəstəklədiyi 20 bəndlik sülh planının artıq icra mərhələsinə keçdiyini bildirib. Prezident İlham Əliyev cavab məktubunda dəvəti Azərbaycanın regional və qlobal sülhün təşviqində artan rolunun göstəricisi kimi qiymətləndirib və ölkəmizin Sülh Şurasının missiyasını bölüşdüyünü vurğulayıb. Azərbaycan tərəfi bu təşəbbüsün münaqişələrin həllinə töhfə verəcəyinə ümid etdiyini bildirib.
Azərbaycanın Sülh Şurasına təsisçi üzv kimi qoşulması ölkənin beynəlxalq siyasi çəkisinə və Yaxın Şərqdə vasitəçi roluna necə təsir göstərə bilər?
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
" ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidentini Sülh Şurasında iştiraka dəvət etməsi, 8 avqust Vaşinqton görüşündən sonra ikitərəfli münasibətlərin inkişafının göstəricisi kimi dəyərləndirilməlidir. Məhz bu dəvət ABŞ Prezidentinin Azərbaycanın və onun Prezidentinin beynəlxalq proseslərdə oynadığı rola verdiyi qiymət kimi də qəbul edilə bilər.
İlk növbədə, bu yanaşma Azərbaycanın beynəlxalq hüquqa uyğun şəkildə ərazi bütövlüyünü təmin etməsi və bu prosesdən sonra sülh və əməkdaşlıq xəttini əsas götürməsi ilə izah olunmalıdır. Azərbaycan münaqişədən sonra sülh gündəliyini ön plana çıxarıb, beynəlxalq təşkilatlarda fəal iştirak edib. Son illər ərzində ölkə bu sahədə kifayət qədər zəngin təcrübə toplayıb və məhz bu təcrübə ilə, təşəbbüslərlə çıxış etməsi onun beynəlxalq nüfuzunun artmasına səbəb olub.
Gələk Sülh Şurasında iştirak məsələsinə və bunun Azərbaycana verə biləcəyi dividendlərə. İlk növbədə qeyd etmək lazımdır ki, Sülh Şurası Qəzza zolağının gələcək perspektivdə idarə olunması, eləcə də Yaxın və Orta Şərqdə proseslərin sülh və dialoq məcrasına yönəldilməsi məqsədi daşıyan bir formatdır. Bu formatın məhz indiki mərhələdə, beynəlxalq təşkilatların, xüsusilə də BMT-nin effektiv mexanizm kimi çıxış edə bilmədiyi bir dövrdə ortaya çıxması müəyyən suallar və ehtimallar doğurur. Bu formatın gələcəyi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Hətta belə iddialar da var ki, gələcəkdə Sülh Şurası BMT-ni əvəz edə bilər. Məlumdur ki, BMT İkinci Dünya müharibəsindən sonra qalib dövlətlər tərəfindən yaradılmış bir sistemdir və bu sistemin özünü tam doğrultmadığını demək olar. Çünki təşkilat beş böyük dövlətin qərarlarından asılı vəziyyətə düşüb və bu da beynəlxalq hüququn işləkliyini təmin edə bilməyib.
Əlbəttə, Sülh Şurasının gələcəyi ilə bağlı indidən qəti fikir söyləmək çətindir. Minimum bir neçə il ərzində bu qurumun fəaliyyət göstərməsi və öz effektivliyini sübut edib-etməməsi aydınlaşmalıdır. Düşünürəm ki, ABŞ Prezidenti bu mövzuda daha yaxın hesab etdiyi dövlətləri bu formata dəvət etməklə yeni bir beynəlxalq mexanizm formalaşdırmağa çalışır.
Azərbaycanın bu formatda iştirakı isə ölkəmizin maraqlarına uyğundur. Çünki Azərbaycan beynəlxalq arenada böyük dövlət olmasa da, artıq nüfuzlu və etibarlı tərəfdaş kimi qəbul olunur. Ölkəmiz beynəlxalq hüquqa sadiqliyi, prinsipial mövqeyi ilə seçilir. Xüsusilə də ərazi bütövlüyü və suverenlik məsələlərində Azərbaycanın mövqeyi ardıcıl və dəyişməzdir. Bundan əlavə, Azərbaycan öz regionunda aparıcı gücə çevrilib və eyni zamanda sülh yaradan və vasitəçilik bacarığı olan bir ölkə kimi tanınır. Suriya-İsrail, İsrail-Türkiyə, eləcə də NATO-Rusiya istiqamətində aparılan danışıqların məhz Azərbaycanın ev sahibliyi ilə keçirilməsi bunu bir daha sübut edir. Bu baxımdan Azərbaycanın Sülh Şurasında iştirakı məntiqli və əsaslandırılmış görünür.
Hesab edirəm ki, Azərbaycanın bu platformada iştirakı regionda sülhə töhfə vermək baxımından uyğun variantdır və eyni zamanda ölkəmizə müəyyən dividendlər gətirə bilər. Bu, şübhəsiz ki, ilkin addımdır. Gələcəkdə bu formatın hansı real nəticələr verəcəyini isə zaman göstərəcək".
Zeynəb Mustafazadə