Yeni dünya düzəninin memarı: “Azərbaycan idarə olunan deyil, idarə edən dövlətdir” – ÖZƏL

Davosda "Euronews"a müsahibə verən Prezident İlham Əliyev həm beynəlxalq sistemə, həm də regional gələcəyə dair strateji mesajlar verib. İlk dəfə uzunmüddətli sülh reallığının yarandığını qeyd edən dövlət başçısı, praktiki əməkdaşlığın başladığını - Azərbaycandan Ermənistana neft məhsullarının tədarük edildiyini bəyan edib.

"Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq məkanda güc faktorunun ön plana keçməsi ilə bağlı verdiyi mesajlar tamamilə haqlıdır və mövcud reallığı əks etdirir. Çünki son bir neçə ildə baş verən qlobal hadisələr faktiki olaraq beynəlxalq hüquqi-siyasi sistemi demək olar ki, dağıtmağa başlayıb. Hətta dünyanın idarə olunmasında və beynəlxalq hüquq normalarının tənzimlənməsində xüsusi rol oynayan BMT-nin effektivliyi də artıq xeyli dərəcədə aşağı düşüb".

Bu fikirləri siyasi şərhçi Elçin Xalidbəyli Olaylar.az-a açıqlamasında deyib. Siyasi şərhçi bildirib ki, Azərbaycan Prezidentinin bir neçə dəfə vurğuladığı kimi, BMT-nin yenidən formalaşdırılmasına ehtiyac yaranıb və belə bir situasiyada, təbii ki, güc faktoru ön plana çıxır. Əgər BMT-nin beynəlxalq proseslərin idarə olunmasındakı rolu zəifləyirsə, eyni zamanda beynəlxalq hüquq normaları öz əhəmiyyətini itirirsə və nəhayət, qlobal sistem çöküş mərhələsini yaşayırsa, bu, o deməkdir ki, uzun onilliklər ərzində mövcud olmuş qlobal qaydalar artıq işləmir və qaydasızlıqla qanunsuzluğun hökm sürdüyü yeni bir mərhələ başlanmış kimi görünür. Belə bir şəraitdə güclülərin özlərini haqlı elan etdikləri bir dövrün başlanğıcı müşahidə olunur. Bu baxımdan hazırda cərəyan edən proseslər olduqca təhlükəli ehtimalları gündəmə gətirir. Ona görə də bu mərhələdə sülh təşəbbüslərinin daha böyük əhəmiyyət daşıdığı qətiyyən şübhə doğurmur. Çünki beynəlxalq hüquqi-siyasi sistemin dağıldığı şəraitdə xaos yaranarsa, bu, bütövlükdə dünyanın gələcək taleyi üçün ciddi problemlər yarada bilər.

Ekspert qeyd edib ki, yeni dünya düzəninin qurulması indi daha ciddi və aktual əhəmiyyət daşıyır. Təbii ki, Azərbaycan da bu yeni dünya düzənində idarə olunan deyil, idarə edən dövlətlərin sırasında yer almağa iddialıdır və rəsmi Bakı bunu qətiyyən gizlətmir. Haqlı olaraq bu istiqamətdə israrlı addımlar atır, çevik manevrlərlə Azərbaycanın qlobal məkandakı nüfuzunu yüksəltməyə nail olur. Hazırkı situasiyada Azərbaycan üçün ən önəmli məqamlardan biri ondan ibarətdir ki, ölkə artıq güclü dövlətdir: bir tərəfdən Cənubi Qafqaz regionunun lideridir, digər tərəfdən isə qlobal məkanda mühüm nüfuz və təsir sahibi olan aktora çevrilib. Azərbaycan artıq bir çox qlobal və həlledici proseslərə müdaxilə etmək imkanlarına malikdir. Azərbaycanın ABŞ Prezidenti Donald Tramp tərəfindən Sülh Şurasına dəvət olunması da ölkəmizin beynəlxalq nüfuzunun çatdığı səviyyəni aydın şəkildə nümayiş etdirir.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31