Regional inteqrasiyaya “veto” təhlükəsi: İrəvanın 26 faizlik payla 100 faizlik iddiası – ÖZƏL

Ermənistan Milli Assambleyasının sədr müavini Ruben Rubinyan bildirib ki, ABŞ ilə birgə icra edilən TRİPP ("Tramp marşrutu") layihəsində Ermənistanın payı cəmi 26% olsa da, İrəvan strateji qərarlarda veto hüququna malik olacaq. Rubinyanın sözlərinə görə, dövlət payının azlığı hökumətin tənzimləyici rolunu azaltmır və suveren maraqlara zidd heç bir addım İrəvanın razılığı olmadan atıla bilməz.

"Ermənistan Milli Assambleyasının sədr müavini Ruben Rubinyanın TRIPP layihəsi ilə bağlı səsləndirdiyi fikirlər regionda nəqliyyat-kommunikasiya əməkdaşlığının mahiyyəti və gələcəyi baxımından ciddi suallar doğurur. Cəmi 26 faizlik paya malik olan bir tərəfin strateji qərarlar üzərində veto hüququ əldə etməsi klassik iqtisadi və korporativ idarəetmə məntiqindən daha çox siyasi risk mexanizmini xatırladır.
Bu yanaşma, ilk növbədə, regional nəqliyyat layihələrinin təhlükəsizliyinə və davamlılığına real təhdid yaradır. Çünki veto hüququ pay bölgüsünə deyil, siyasi iradəyə əsaslandıqda, layihə istənilən mərhələdə subyektiv səbəblərlə bloklana bilər. Bu isə investorlar üçün qeyri-müəyyənlik, tərəfdaş ölkələr üçün isə etimadsızlıq mühiti yaradır". 

Bu fikirləri Olaylar.az-a açıqlamasında Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib. Siyasi ekspert qeyd edib ki, belə şəraitdə nəqliyyat dəhlizi iqtisadi əməkdaşlıq aləti olmaqdan çıxaraq, siyasi təzyiq rıçağına çevrilir.
Rubinyanın "Ermənistanda dövlət payı olmayan minlərlə şirkət fəaliyyət göstərir və bu, hökumətin tənzimləyici rolunu istisna etmir" arqumenti isə regional layihələr kontekstində inandırıcı deyil. Çünki beynəlxalq nəqliyyat dəhlizləri adi kommersiya subyektləri deyil, eyni zamanda geosiyasi, təhlükəsizlik və suverenlik ölçüləri olan strateji infrastrukturlardır. Bu tip layihələrdə veto mexanizmi yalnız qarşılıqlı etimad və balanslı məsuliyyət əsasında məqbul sayıla bilər.

"Əgər "qırmızı düymə" mexanizmi bir tərəfin istənilən vaxt prosesi dayandırmaq imkanına xidmət edirsə, bu, əməkdaşlıq deyil, şərtləndirmədir. Bu yanaşma bölgədə iqtisadi inteqrasiyanı təşviq etmir, əksinə, yeni gərginlik və risk ocaqları yaradır. Ermənistanın əvvəlki illərdə regional razılaşmalara selektiv yanaşması fonunda bu mexanizm xüsusilə narahatlıq doğurur.
Regional nəqliyyat layihələrinin uğuru "az pay, çox veto" prinsipinə deyil, "bərabər məsuliyyət  qarşılıqlı fayda" modelinə söykənməlidir. Əks halda veto hüququ iqtisadi inkişafın təminatçısı yox, siyasi təsir alətinə çevriləcək ki, bu da Cənubi Qafqazda sülhə və davamlı əməkdaşlığa deyil, növbəti etimadsızlıq mərhələsinə xidmət edəcək, " - deyə, ekspert əlavə edib.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31