Prezidentin üslubu, ritorikası və çıxışının intonasiyası Zəfərimizlə səsləşir - ÖZƏL

"56-cı Davos İqtisadi Forumu bir sıra xüsusi məqamlarla yadda qaldı. Şübhəsiz ki, ən diqqətçəkən və gözlənilən məqamlardan biri ABŞ Prezidenti Donald Trampın forumda çıxışı oldu. Çıxışı zamanı Tramp dövlətləri seçim qarşısında deyil, əslində, seçimsizlik reallığı ilə üz-üzə qoydu."

Bu fikirləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:

"Bu istiqamətdə Donald Tramp ABŞ-nin mövcud strateji xəttini olduqca aydın şəkildə ortaya qoydu. Qrenlandiya məsələsi ilə bağlı ABŞ-nin heç bir halda geri durmayacağını vurğulayan Tramp faktiki olaraq Qrenlandiyanın ABŞ-a verilməməsi üçün qarşıda heç bir real şansın olmadığını bəyan etdi. Bu isə göstərir ki, dünya nizamı artıq məhz belə bir reallıqda - seçimsizlik şəraitində formalaşır. Belə bir beynəlxalq mühitdə zəruri reallıqları imkan və fürsətlərə çevirmək olduqca çətinləşir. Etiraf olunmalı və eyni zamanda qürur duyulmalı məqam ondan ibarətdir ki, cənab Prezident İlham Əliyev bu reallıqları şansa çevirməyi bacaran liderlərdəndir. Azərbaycanın tutduğu yol praqmatik, realist və nəticəyönümlü xarakter daşıyır.Dövlət başçımız Davosda bir daha vurğuladı ki, Azərbaycan bütün addımlarını beynəlxalq hüququn norma və prinsiplərinə uyğun atıb. Bu, təsadüfi deyil. Azərbaycan təzyiqlərin haradan və necə gələcəyini düzgün hesablamış, risklərin ölçüsünü isə son dərəcə dəqiq müəyyənləşdirmişdi.Bu kontekstdə Sülh Şurasına Azərbaycanın dəvət edilməsi və ölkəmizin bu dəvətə müsbət cavab verməsi mövcud dünya siyasi reallıqları ilə tam səsləşir. ABŞ ilə Azərbaycan arasında münasibətlərin dərinləşdirilməsi artıq zərurətə çevrilib və zamanın tələbidir. Hazırkı mərhələdə bu münasibətlər həm regional, həm də qlobal nizamın tələbləri nəzərə alınmaqla inkişaf edir və hər iki tərəfin maraqlarına cavab verir.ABŞ ilə enerji, nəqliyyat bağlantıları, süni intellekt və müdafiə sənayesi sahələrində əməkdaşlığın genişləndirilməsi də məhz bu strateji yanaşmanın tərkib hissəsidir. Prezident İlham Əliyev Davosda Avropa təsisatlarının Azərbaycana qarşı tutduğu ədalətsiz mövqeyi də xüsusi olaraq diqqətə çatdırdı.Burada paradoksal bir vəziyyət yaranır: Avropa bir tərəfdən Azərbaycandan enerji tələb edir, digər tərəfdən isə nə ənənəvi, nə də bərpaolunan enerji sahələrinə sərmayə qoymağa maraq göstərir. Azərbaycan isə belə bir şəraitdə nə asılı, nə də ətalətdə qala bilər.Məhz bu səbəbdən Səudiyyə Ərəbistanı, Çin, ABŞ və Böyük Britaniya kimi ölkələrin şirkətləri ilə enerji, infrastruktur və texnoloji sahələrdə münasibətlər ardıcıl şəkildə dərinləşdirilir.Ümumilikdə Davos İqtisadi Forumunda Prezident İlham Əliyevin çıxışı, seçdiyi üslub, ritorikası və çıxışının intonasiyası Azərbaycanın Zəfər ruhu ilə səsləşir. Mövcud mənzərə bir daha göstərir ki, dövlət başçımız dünyanın aparıcı və nüfuzlu liderləri sırasında ön mövqedə dayanır.

Bu gün Azərbaycan Cənubi Qafqazın əsas aktorudur və ölkəmizin irəli sürdüyü sülh gündəliyi regionun gələcəyini müəyyənləşdirən başlıca amillərdən biridir."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31