Azərbaycanın balanslı siyasətİ ölkəyə qlobal səviyyədə manevr imkanları yaradır - ÖZƏL
22 Yanvar 11:08 Siyasət"Prezidemt İlham Əliyevin Davosda "Euronews" televiziyasına verdiyi müsahibəsində diqqət çəkən məqamlardan biri Azərbaycanın xarici siyasət modelinin təqdimatıdır. Prezident İlham Əliyev Azərbaycanın nə bir güc mərkəzindən asılı, nə də qarşıdurma tərəfdarı olan ölkə kimi çıxış etdiyini vurğulayır. Bu balanslı siyasət ölkəyə həm regional, həm də qlobal səviyyədə manevr imkanları yaradır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Hüseynova deyib: "Azərbaycanın müxtəlif siyasi və iqtisadi mərkəzlərlə paralel əməkdaşlıq aparması, ideoloji deyil, maraqlara əsaslanan tərəfdaşlıq modeli qurması Davos auditoriyasına ünvanlanan əsas mesajlardan biri idi. Bu yanaşma xüsusilə qeyri-sabit beynəlxalq mühitdə ölkənin dayanıqlığını artıran əsas faktorlardan biri kimi çıxış edir.
Prezident İlham Əliyevin müsahibəsində enerji məsələləri xüsusi yer tutur. Azərbaycan təkcə enerji ixracatçısı deyil, həm də enerji təhlükəsizliyinin mühüm aktoruna çevrilib. Avropa üçün alternativ və etibarlı enerji mənbəyi olan Azərbaycan, bu sahədə siyasi etibarlılıq və uzunmüddətli öhdəliklər üzərində qurulmuş model təqdim edir. Eyni zamanda Prezidentin vurğuladığı kimi, enerji sektoru Azərbaycanın yeganə prioriteti deyil. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-enerji sektorunun inkişafı və investisiya mühitinin yaxşılaşdırılması ölkənin uzunmüddətli strategiyasının əsas dayaqlarıdır. Bu mesaj Davos kimi investor yönümlü platformada xüsusilə mühüm əhəmiyyət daşıyır".
Alim Hüseynli