Simonyandan müsbət anons: Bakının düşmənləri bitirilir?
17:48 SiyasətErmənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, ölkədə "Daşnaksütyun", Robert Köçəryan və onların tərəfdarlarının dövrü birdəfəlik bağlanacaq.
Bu ritorika real siyasi nəticələrə əsaslanacaqmı, yoxsa sadəcə bəyanat səviyyəsində qalacaq?
Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, Simonyanın məlum açıqlaması ölkədaxili siyasi mühitdə faktiki çağırış xarakteri daşıyır:
"Bu ritorika ölkədə siyasi mühiti qızışdıran mövqe olmaqla yanaşı, Paşinyan hökumətinin seçki strategiyasının bir hissəsi kimi qiymətləndirilə bilər.
2026-cı il parlament seçkiləri yaxınlaşdıqca hökumət üçün əsas hədəf öz seçici bazasını konsolidasiya etməkdir. Müxalifətin legitimliyini şübhə altına almaq və seçicilərin hökumətə loyal qalmasını təmin etmək üçün bu tip bəyanatlar effektiv siyasi alət rolunu oynaya bilər. Belə ritorika təbii olaraq həm hökumət tərəfdarlarını aktivləşdirir, həm də seçki motivasiyasını yüksəldir.
Lakin burada bir vacib məqam var. O da ondan ibarətdir ki, Simonyanın bəyanatında səsləndirdiyi fəaliyyətin həyata keçirilməsi elə də asan məsələ deyil. Belə ki, Robert Köçəryan və "Daşnaksütyun" hələ də Ermənistanın siyasi həyatında aktiv iştirakçıdır və həm daxildə, həm də xaricdə müəyyən dayaqlara malikdir. Bu baxımdan Simonyanın açıqlaması daha çox psixoloji təsir və təbliğat xarakterli mesaj daşıyır. O, hökumət tərəfdarlarını birləşdirə, müxalifət daxilində fikir ayrılığı yarada və seçicilər üzərində təzyiq mexanizmi rolunu oynaya bilər".
Politoloqun sözlərinə görə, Ermənistan siyasətində, xüsusilə də son dövrlərdə bu tip ritorikanın seçki kampaniyası dövründə müəyyən təsirləri olub:
"Belə bəyanatlar həm daxili, həm də xarici auditoriya üçün mesaj daşıyır. Bu, "Paşinyan hökuməti aktivdir, müxalifət zəifdir və ölkənin gələcəyinə hakimiyyət yön verir" fikirlərinin möhkəmləndirilməsinə xidmət edir.
Alen Simonyanın ritorikası da hazırda siyasi mesaj və seçki strategiyası xarakteri daşıyır. Hələlik bu, müxalifətin birdəfəlik aradan qaldırılması prosesinə çevriləcək kimi görünməsə də, seçkilərdən sonra mövqeləri tamamilə zəifləyən müxalif qüvvələrin tədricən təşkilat və güc olaraq ortadan qalxacağı ehtimalı da var. Amma yenə təkrar edirəm, bunun birdən-birə baş verəcəyi real deyil. Reallıq Ermənistanın daxili siyasi balansı, müxalifətin təşkilatlanması və seçici davranışına görə formalaşacaq. İndiki ritorikanın arxasında isə ciddi seçki strategiyası və psixoloji oyun dayanır. Bu, Paşinyan hökumətinin öz seçici bazasını qorumaq və müxalifət üzərində üstünlük saxlamaq üçün istifadə etdiyi əsas vasitələrdən biridir".