Yaxın Şərqdə böyük müharibə təhlükəsi: Amerikanı nə saxlayır? – ÖZƏL

Demokratiyaların Müdafiəsi Fondunun baş məsləhətçisi Riçard Qoldberqin sözlərinə görə, Tramp administrasiyası İrana məxsus raket proqramı, neft obyektləri və komandanlıq infrastrukturunun vurulmasını, həmçinin rəhbərliyin iflic edilməsini nəzərdə tutan ssenariləri nəzərdən keçirir. Vaşinqton İrandakı kütləvi edamları "qırmızı xəttin" pozulması kimi qiymətləndirir.

"Hesab etmirəm ki, bu gün Amerika İranda hansısa hakimiyyət dəyişikliyini planlaşdırsın. Çünki Amerika özü də çox gözəl başa düşür ki, bu gün İrana edilə biləcək hər hansı bir müdaxilədən sonra belə, ortaya çıxacaq yeni rəhbərlik hələ o səviyyədə formalaşmayıb ki, İran kimi mürəkkəb bir dövləti bir yerə toplaya bilsin".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, İran elə bir dövlət modelidir ki, onu yıxmaq o qədər də asan məsələ deyil. İslam ideologiyası ilə formalaşmış bu dövlət həm hərbi, həm ideoloji, həm də iqtisadi baxımdan kifayət qədər dərin və güclü struktura malikdir. Əgər 47 illik sanksiyalar nəticəsində bu dövləti yıxa bilməyiblərsə, bundan sonra da bu modeli dağıtmaq olduqca çətin olacaq. Amerikanın strateqləri də bunu çox yaxşı anlayırlar. Trampın özü də bu modeli yıxmağın asan olmadığını dərk edir. Bugünkü şəraitdə İranda hakimiyyət dəyişikliyinin baş verməsi nə qlobal baxımdan, nə Amerikanın, nə Avropanın, nə də region dövlətlərinin maraqlarına uyğundur. Çünki hakimiyyət dəyişikliyi baş verdikdən sonra yeni hakimiyyətin hansı kursu götürəcəyi, ölkəni hansı istiqamətə aparacağı və bütün proseslərin yenidən sıfırdan başlaması son dərəcə mürəkkəb və riskli məsələdir. Bu baxımdan, hazırkı mərhələdə İranda hakimiyyət dəyişikliyi real görünmür. Lakin təbii ki, Amerika bu məsələdə öz təsir imkanlarını qorumağa çalışır. Birinci növbədə iqtisadi baxımdan İranı yenidən təsiri altına salmaq niyyətindədir. Burada əsas məsələ neft faktorudur. ABŞ İranı Çin və Rusiyadan uzaqlaşdırmağa çalışır. Çünki Çin və Rusiyanın İranla çox böyük tərəfdaşlıq müqavilələri, əməkdaşlıq layihələri var; neftin satışı və digər iqtisadi əlaqələr bu çərçivədə həyata keçirilir. Bildiyiniz kimi, İranın qazı və nefti, eyni zamanda Rusiyanın enerji resursları Asiya bazarına, xüsusilə Çinə böyük həcmdə satılır. Eyni zamanda dünya bazarında bu məhsullar üçüncü dövlətlər vasitəsilə də reallaşdırılır. Amerika bu satışlara iqtisadi baxımdan təsir göstərməyə çalışır ki, İranın büdcəsinə daxil olan vəsait azalsın və iqtisadi zəifləmə fonunda daxildə gedən proseslər daha da güclənsin. Bir növ, ABŞ yaxşı bilir ki, İranın dəyişdirilməsi kənardan deyil, məhz daxildən baş verə biləcək proseslərlə mümkündür.

"Nüvə silahı məsələsinə gəldikdə isə, Amerika çalışır ki, İran nüvə silahının istehsalından tamamilə imtina etsin. Ancaq İran öz təhlükəsizliyini bu kontekstdə təmin olunmuş hesab etmir. Xüsusilə İsrailin təzyiqləri və ABŞ-İsrail əməkdaşlığı fonunda İran bu məsələdə geri çəkilməyə hazır görünmür. İran iddia edir ki, nüvə silahı istehsal etmir, lakin Amerika vaxtilə İraqda olduğu kimi, bu arqumentdən istifadə edərək İrana qarşı da eyni ssenarini qurmağa çalışır. İran isə özünü qorumaq üçün müəyyən texnoloji və hərbi addımlar atmağa məcbur qaldığını bildirir. ABŞ də çox yaxşı bilir ki, İsrailin mövqeyi və Yaxın Şərqdəki gərginlik İranı faktiki olaraq nüvə silahına sahib olmağa doğru itələyə bilər. Bugünkü şəraitdə Amerikanın İrana birbaşa müdaxiləsi real deyil. Çünki bu, yalnız hansısa üçüncü ölkənin ərazisi üzərindən mümkün ola bilər ki, bu da hazırda regional dövlətlərlə mümkün görünmür. İraq üzərindən müəyyən ssenarilər nəzəri olaraq müzakirə edilə bilər, lakin bu, Yaxın Şərqdə daha böyük qarışıqlıq yaradacaq. Onsuz da İsrail-Qəzza məsələsi, Suriya ilə bağlı proseslər fonunda Yaxın Şərq hazırda kifayət qədər qarışıq vəziyyətdədir. Amerikanın İrana hər hansı hərbi müdaxiləsi bölgədə genişmiqyaslı müharibəyə gətirib çıxara bilər ki, bu da bu gün nə ABŞ-nin, nə də qlobal güclərin maraqlarına cavab verir", - deyə ekspert vurğulayıb.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31