Şakir Ağayev: "Azərbaycanın addımları bütün dünya üçün sülh nümunəsidir" – ÖZƏL
16:01 SiyasətBirləşmiş Ərəb Əmirliklərinin Şeyx Zayed Fondu 2026-cı il üçün "Zayed İnsan Qardaşlığı Mükafatı"nın qaliblərini açıqlayıb. Qaliblər arasında Azərbaycan Prezidenti İlham Əliyev də yer alıb. Mükafat, Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasına görə verilib. Bu müqavilə mükafatın dialoq və birgəyaşayış mədəniyyətinin təşviqi və inkişaf etdirilməsi sahəsindəki missiyasını və məqsədlərini özündə təcəssüm etdirir.
Bu mükafatın Prezident İlham Əliyevə verilməsi Azərbaycan diplomatiyasının beynəlxalq aləmdəki mövqeyini necə gücləndirir və gələcək sülh təşəbbüslərinə hansı imkanları yaradır?
"Dialoq və birgəyaşayış mədəniyyətinin təşviqi və inkişaf etdirilməsi sahəsindəki missiyasına görə Azərbaycan Respublikasının prezidenti son dövrlərdə olduqca uğurlu və düşünülmüş diplomatik addımlar atır. O, təkcə regional səviyyədə deyil, bütün dünya üçün nümunə ola biləcək diplomatik məharət nümayiş etdirir".
Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, əgər bugünkü dünya vəziyyətinə nəzər salsaq, Qarabağ işğalından əvvəl də qədimdən bəri mövcud olan müharibələr, proseslər və problemlər görərik. Bu problemlər öz həllini tapmır: istər Balkanlar məsələsi olsun, istər Yaxın Şərq, istər Fələstin problemi, istərsə də digər münaqişələr - onların çoxu hələ də çözülməyib. Azərbaycan torpaqları 30 il işğal altında qaldı. BMT-nin dörd qətnamə qəbul etməsinə baxmayaraq, bu məsələ yalnız Azərbaycan Prezidentinin hərbi-siyasi və diplomatik məharəti nəticəsində həll olundu və torpaqlar Azərbaycanın suveren əraziləri kimi azad edildi. Azərbaycan qalib ölkə olaraq Prezidentin yüksək diplomatik gedişləri nəticəsində sülh təşəbbüsü ilə çıxış etdi və bu təşəbbüs regionda yeni reallıqlar yaratdı. Bu addımlar təkcə region üçün deyil, bütün dünya üçün bir nümunə oldu ki, həm müharibədə qalib gəlmək, həm də qalib gəldiyin ölkə ilə sülh müqaviləsi bağlamaq mümkündür. Eyni zamanda birgə yaşayaraq regionun siyasi-iqtisadi inkişafına töhfə vermək olar. Bu, dünya üçün nadir nümunələrdən biridir və Azərbaycan diplomatiyasının beynəlxalq təcrübə kimi öyrənilməsinə səbəb ola bilər.
"Azərbaycanın atdığı addımlar yalnız bölgəyə deyil, bütün dünyaya sabitlik gətirən bir siyasətdir. Bütün bunlar nəzərə alınaraq sülh müqaviləsinin perspektivləri formalaşdırıldı və 8 avqustda Vaşinqtonda sülh sazişi paraflandı. Bununla yanaşı, uzun illər işğalı davam etdirmiş Ermənistan üçün də iqtisadi imkanlar yaradıldı, iqtisadi əlaqələr quruldu. Ermənistana Azərbaycan məhsullarının göndərilməsi iki dəfə artıb, həmçinin Rusiya və Qazaxıstandan Ermənistana gedən taxıl məhsulları Azərbaycan üzərindən tranzit imkanları ilə həyata keçirilir. Şübhəsiz ki, bunlar sülhə aparan yollar, sülhün imzalanmasına doğru atılan real addımlardır", - deyə ekspert əlavə edib.
Siyasi şərhçi qeyd edib ki, Azərbaycan diplomatiyası bütün bu imkanları yaradıb və bu prosesləri davam etdirir. İndi artıq Ermənistan tərəfindən son addım qalır: Azərbaycanın tələbi əsasında konstitusiya dəyişdirilməli və sülh müqaviləsi imzalanmalıdır ki, ölkələr arasında ərazi bütövlüyü və suverenlik çərçivəsində tam diplomatik münasibətlər bərpa olunsun. Sonuncu addım da məhz budur və bu yalnız sülh müqaviləsindən sonra mümkün olacaq.
Lamiyə Cəbrayılova