Zorakılığa nəzarət siyasətin mərkəzində durur və bu, bütün ölkələrdə belədir- ÖZƏL
13:29 Siyasət"Azərbaycanda zorakılıq yolu ilə hakimiyyəti dəyişmək çağırışları praktikada müxtəlif zamanlarda və müxtəlif siyasi şəraitlərə uyğun olaraq səsləndirilib. Ölkə daxilində yaşayan bəzi siyasətçilər bu prosesi gizli formada aparıblar, xaricdəkilərə isə təlimatları buradan veriblər: "Çıxın küçələrə, qorxmayın, hakimiyyəti dəyişin". Bu cür çağırışları xüsusilə ölkəmizin milli maraqları ilə bağlı ən kritik siyasi qərarların verildiyi mərhələlərdə ediblər ki, ölkədə insanları çaşdırıb və əldə olunan uğurların qarşısını alsınlar". "Olaylar" xəbər verir ki, bunu "YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri, siyasi ekspert Ramil Hüseynov deyib: "Bəli, bu ağıldan və vicdandan məhrum olanlar zorakılıq yolu ilə prosesləri həyata keçirmək istəyiblər, lakin müdrik xalqımız heç vaxt belə vətən xainlərinə inanmayıb. Ona görə hakimiyyət, yəni dövləti qoruyan, vicdanla dövlətə və dövlətçiliyə xidmət edən siyasi rəhbərlik və hüquq-mühafizə orqanları, bu zorakılıqların qarşısını almaq üçün tədbirlər planlarını həyata keçiriblər. Bəzi siyasi zorakılıqla məşğul olan "dırnaq arası" siyasətçilərin həbs olunmasını siyasi məhbus kimi qələmə verənlər və onlara dəstək verənlər ölkə daxilindən və xaricindən fərqi yoxdur bu insanların xarakterindən istifadə edərək onları siyasi alver predmetinə çevirir və xəyanət yolu ilə siyasi və maliyyə kapitalı əldə etməyə çalışıblar. Hakimiyyət isə dövlətin verdiyi səlahiyyətlərdən istifadə edərək bu aldadılmış və aldanmış şəxslərin davranışlarını lazımı həddə qədər nizamlayıb. Bu heç də siyasi rəqiblərlə mübarizə deyil; bu, zorakılığın qarşısını almaq üçün profilaktik tədbirlər planına uyğun, demokratik prinsiplərə söykənən idarəetmə metodudur. Əgər kimsə bundan narazıdırsa, ona sual etmək lazımdır: sənin zorakılıqla, kimlərinsə tapşırıqları ilə küçəyə çıxıb qanunsuz addımlar atanların qarşısını almaq üçün qanuni tədbirlər görülür, niyə narazısan? Sizin spekulyantlıq fəlsəfəsinə tam yiyələnib, o spekulyasiya etməyiniz indiki dövrdə qətiyyən yerimir. Ona görə də özü yıxılan ağlamaz. Siz özünüz-özünüzü idarə edə bilmədiniz və bu, heç kimin günahı deyil.
Dəyərli soydaşlar, siz fikir verin: hansı zamanlarda "çıxın küçələrə, dağıdın, sökün" çağırışları gəlib və xaricdən xain kuklaların çağırışlarını buradakı zorakılıq sevdalıları necə həyata keçirib. Ustalıqla.... Amma bu, o demək deyil ki, biz sizin gizli və məkrli planlarınızdan bixəbərik qətiyyən elə deyil. Sizin siyasi "dırnaq arası" taktikanız artıq köhnəlib. Dövləti, dövlətimizi və vətənimizi qorumaq üçün verilən qərarlar, atılan addımlar və edilən həbslər rəqiblə mübarizə deyil, rəqabət prinsiplərini pozmaq da deyil. Bunlar təhlükəsizliyimizə qarşı kənar müdaxilələrin qarşısını almaq üçün atılan addımlardır. Bu məsələləri hər zaman başqa cür yozanlara imkan verilməməlidir. Nəzərdə tutduğumuz həmin təbəqə özünü çox ədəbsiz, aqressiv və ağılsız manqurt kimi aparır. Bunun kifayət qədər səbəbləri var. Ən başlıcası isə özlərini idarə olunan sinfə aid etmələridir. O idarəetmədə inkişaf yoxdur; o idarəetmə dövlətə düşmən çevrilmə məktəbidir. O məktəblərdən çıxın çünki o məktəblər sizi uçuruma aparır. Silah, fiziki təzyiq, çevriliş və iğtişaşlar siyasi təfəkkürdən uzaq olmalıdır və belə zorakı üsullara qarşı siyasət daha sərt və dəqiq olmalıdır. Hər bir problemin qanuni dialoq və institusional yolları var. Siz dialoqdan qaçırsınız, qanundan yayınır, qanunu pozub siyasi fəallıq edirsiniz. Həbs olunanda isə özünüzü siyasi məhbus sayırsınız. Halbuki siyasi məhbus fikirinə görə həbs ediləndir və bu gün hər kəs öz fikrini sərbəst və azad şəkildə bildirir. Fikir bildirməyi də bacarmırsınız ədəbsiz, tərbiyəsiz və söyüşlü üsullarla mübarizə aparırsınız. Üstəlik, qanunsuz iğtişaşlara sövq edən dairələrin tapşırıqları ilə hərəkət edirsiniz. Sizin etdikləriniz cinayət məsuliyyəti yaradır, siyasi mövqe deyil. Heç kəs ölkədə siyasi sabitliyi poza bilməz, heç kəs ölkədə həmrəy olan cəmiyyəti dağılmış cəmiyyətə çevirə bilməz. Bunların qarşısı mütləq alınacaq!"