Serbiya, Azərbaycan və Ermənistan suverenliyi qoruyaraq əməkdaşlıq etməlidir - Aleksandar Vuçiç
20 Yanvar 22:09 SiyasətSerbiya, Azərbaycan və Ermənistan süni intellekt, innovasiyalar və müdafiə kimi sahələrdə əməkdaşlığı inkişaf etdirməli, eyni zamanda öz suverenliyini və milli maraqlarını qorumalıdır.
Trend xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandar Vuçiç Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında çıxışı zamanı söyləyib.
Vuçiçin sözlərinə görə, müasir dünyada "böyük balığın kiçik balığı beynəlxalq qaydalara məhəl qoymadan udduğu" bir şəraitdə kiçik dövlətlər arasında qarşılıqlı əlaqə xüsusilə vacibdir.
"Biz bir-birimizlə yola getməliyik, əməkdaşlıq etməliyik, birgə çox iş görməliyik. Çünki bu gün qaydaların və tənzimləmənin çatışmadığı bir dünyada biz özümüz özümüzə qayğı göstərməli olacağıq", - deyə o qeyd edib.
Serbiya Prezidenti vurğulayıb ki, region ölkələri seçim qarşısındadır: yeni formalaşan böyük qlobal güc mərkəzlərinə qoşulmaq və ya müstəqilliklərini qorumaq. O, Serbiya, Azərbaycan və Ermənistanın suverenlik yolunu seçəcəyinə əminliyini ifadə edib.
"Azərbaycan xalqını, erməni xalqını və serb xalqını tanıyaraq əminəm ki, biz ikinci variantı - ölkələrimizin, xalqlarımızın, suverenliyimizin və müstəqilliyimizin qorunmasını, əlbəttə ki, hamı ilə əməkdaşlıq etmək istəyi ilə - seçəcəyik", - deyə Vuçiç bildirib.
O, həmçinin innovasiyalar sahəsində daha sıx əməkdaşlığa və müntəzəm siyasi məsləhətləşmələrə çağırış edib.
Vuçiç əlavə edib ki, Ermənistanı və Azərbaycanı dost ölkələr hesab edir və Qafqaz dövlətlərinin Avropa ilə Asiya arasında körpü kimi strateji əhəmiyyətini vurğulayıb.
"Birlikdə olanda biz daha güclüyük. Qafqaz ölkələri Avropa ilə Asiya arasında əsas vasitəçi və eyni zamanda təmas nöqtəsinə çevrilib. Biz hər üçümüz Avropa Siyasi Birliyinin üzvləriyik. Aİ-yə gedən yoldayıq, bu prosesdə Serbiya bir qədər irəliləyib, lakin ümumilikdə oxşar vəziyyətdəyik", - deyə o bildirib.