Ermənistan üçün həyəcan siqnalı: Lavrovdan İrəvana hədə kimi xəbərdarlıq
20:14 SiyasətRusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa İttifaqının Ermənistanla bağlı səsləndirdiyi fikirlərin ciddi təhlükə siqnalları daşıdığını bildirib. Musavat.com xəbər verir ki, nazir Aİ-nin xarici siyasət rəhbəri Kaja Kallasın Ermənistanda keçiriləcək seçkilərlə bağlı "Moldova ssenarisi" ifadəsini işlətməsini diqqətçəkən və düşündürücü adlandırıb.
Lavrovun sözlərinə görə, əgər Avropa diplomatiyasının başında duran şəxs açıq şəkildə Ermənistanda seçkilər zamanı Moldova modelinin tətbiq oluna biləcəyini deyirsə, bu, erməni cəmiyyəti üçün ciddi xəbərdarlıqdır. O vurğulayıb ki, belə açıqlamalar seçki prosesinə xarici müdaxilə risklərini gündəmə gətirir.
Nazir "Moldova ssenarisi" anlayışını genişmiqyaslı saxtakarlıqlar kimi xarakterizə edib. Onun iddiasına görə, Moldovada hakim siyasi qüvvə ölkə daxilində seçkilərdə cəmi 44 faiz səs toplayıb və yalnız xaricdəki seçki məntəqələrində, xüsusilə Avropa ölkələrində baş verdiyi deyilən kobud pozuntular hesabına qələbə elan olunub.
Lavrov bildirib ki, bu cür presedentlərin açıq şəkildə nümunə kimi təqdim edilməsi Ermənistan üçün ciddi risklər yaradır və cəmiyyət baş verənlərə laqeyd qalmamalıdır. Onun fikrincə, seçkilərin taleyinin ölkə xaricində həll olunması demokratik proseslərə ağır zərbədir.