İranda faciə yaşandı, Xamenei o adı dilə gətirmədi: Pezeşkianın çarəsiz xahişi
17:26 Siyasət"İranın ali rəhbəri Ayətullah Seyid Əli Xamenei və Prezident Məsud Pezeşkian başda olmaqla, ölkənin mollaları və siyasətçiləri ABŞ Prezidenti Donald Trampın adını çəkərək baş verənlərə görə günahı onun üzərinə atır, son qırğınların arxasında Ağ Ev rəhbərinin dayandığını bildirirlər".
Bu sözləri Globalinfo.az-a politoloq Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, digər tərəfdən Tramp qədər İranın keçmiş şahının oğlu Rza Pəhləvi də etirazlara dəstək verən açıqlamalar səsləndirir, narazı kütləni hakimiyyətə qarşı daha sərt addımlar atmağa çağırırdı:
"Buna baxmayaraq, İranı idarə edənlər Pəhləvinin adını çəkmirlər. Əslində deməyə çox söz var, keçmiş şahın vəhşiliklərini xatırlatmaq olardı. Yəqin bu onunla əlaqədardır ki, İrandakı rejim son qətliamın Pəhləvi dövrünün qətliamlarından heç nə ilə fərqlənmədiyini yaxşı anlayır. Pəhləvi rejimini necə tənqid edəsən ki, özün minlərlə insanın qətlinə əmr vermisən.
Etiraz indiki mərhələdə insanların molla rejimi ilə Pəhləvi arasında fərq görməməməsi, hər ikisinin bir-birlərinə oxşamaları səbəbindən uğurla nəticələnmədi. İranda bu ikisinə alternativ qüvvə isə hələ meydanda yoxdur.
Xalqın seçdiyi Prezident Məsud Pezeşkian son açıqlamasında az qala özündən aşağı mərtəbədəkilərə yalvarır ki, internetin verilişini bərpa etsinlər. Ölkəsində internetin açılmasını təmin edə bilməyən dövlət başçısı hər zaman ali liderin kölgəsində qalacaq".